Dünən söz verdiyim kimi, xaricdən Azərbaycana zəng vuranların başına gələn əhvalatı yazım. Bir dostumuz nəql edir: “ATS-lərdən yazmışdınız, birini də mən deyim. Xaricdən ölkəmizə zəng edəndə təzə fırıldaq müşahidə etmişik. Deməli, danışığın 1-ci dəqiqəsi yazılır yaddaşa (lentə, rabitə nazirinin bloknotuna, nə bilim harasa), sonra əlaqə kəsilir. Bakıda zəngə cavab verən adam səs olmadığını görüb dəstəyi yerinə qoysa da zəng edən adama yazılmış lent yazısı səsləndirilir, həm də bir tərəfli! Təxminən bu tipdə bir dialoq alınır:
Bakı: Alo.
Xaric: Alo, salam, Məmməd.
Bakı: Ay əleykümə salam, Əhməd, nə var, nə yox?
Xaric: Sağ ol, qadan alım, siz necəsiz? Evdə-eşikdə nə var, nə yox?
Bakı: Yaxşıdır hər şey, uşaqlar bağdadır, biz də elə arada gedib-gəlirik, həə, bə sizdə nə xəbər?
Xaric: Biz də elə işdə-gücdə başımızı qatırıq.
Bakı: Nə vaxt gəlirsiniz buralara?
Xaric: Yəqin yayın axırı.
Bakı: Hə, inşallah, qadan alım.
(Bu yerdə əlaqə kəsilir.)
Xaric: ......
Bakı: E..
Xaric: Hə, bəs o gün filankəsin toyu idi, getdiniz? Necə oldu?
Bakı: Ay əleyküm salam, Əhməd, nə var, nə yox?
Xaric: (artıq heyrətə gəlməyə başlayır) Salam, salam... O toyu deyirdim, getdinizmi?
Bakı: Yaxşıdır hər şey, uşaqlar bağdadır, biz də elə arada gedib-gəlirik, həə, bəs sizdə nə xəbər?
Xaric: A kişi, onu bildim! Sənə deyirəm ki...
Bakı: Nə vaxt gəlirsiniz buralara?
Xaric: Ay Məmməd, ay... (burda müəllif senzuradan keçməyən söz yazıb - Z.H.), tormozu burax, mən səndən bir söz soruşuram, sən mənə ayrı şeyi təkrarlayırsan, dolamısan məni?!
Bakı: Hə, inşallah, qadan alım".
Unikal söhbətdir. Xalqımıza dünyada bu cür mehriban söhbət şəraiti yaratdığı üçün hökumətə, yapist yoldaşlara, ilk növbədə isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığımızı bildiririk. Diasporumuz, lobbimiz elə bu cür yaranacaqdır. Alçaq ermənilər hamısı qaçıb gedib xaricə, heç öz ölkələri ilə belə danışa bilmirlər. Zəng vururlar, dəstəyi götürən yoxdur. Bizdə isə, maşallah, kiməsə zəng vuranda yetmiş yeddi dövlət idarəsi danışığa qulaq asır, asayişin keşiyində məğrurcasına dururlar.
Ola bilsin bu cür yüksək səviyyədə rabitə dialoqlarımızın yaranması “Azərsat” peykimizin də xidmətidir. Çünki peyk uçandan xalqımızın kommunikasiyasında, bir-biri ilə bağlanmasında böyük dəyişiklik yaranıb. Sözün əsl anlamında cəmiyyət olmuşuq, güclü sosiallaşma gedibdir. Misal üçün, görürsən ər arvadının nəslini yer üzündən silir, sonra kənd camaatı yığışıb ərin nəslini Marsa göndərirlər. İmkan olmasa başqa dünyaya necə gedərdik? Demək iqtisadi imkanlarımız artıbdır, demək iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! (Yeganə bacarmadığı iş Binəqədi yollarını qayırmaqdır. Ay iqtisadiyyatı güclü dövlət, Binəqədidə çuxura düşsən, sən nə edərsən ona? Xaləddin müəllim açınca gözün, qalar iki buynuzun!)
Çox poeziyaya yuvarlanmayaq, yoxsa şairə dönərik, Tolik də sözlərimizə mahnı qoşar, efirlərdə biabır olarıq. Önəmlisi dövlətçilikdir. Bu arada banditizmin rəisi Mirqafar müəllimi Bakı polisinə rəis qoyulması münasibəti ilə təbrik edirəm, ona həyat və yaradıcılıq uğurları diləyirəm. Ölkəmizdə əsas bandit yığnağı elə Bakıda yaşayır, bu mənada təcrübə işə yarayacaqdır. Bandit yığnağı deyərkən xalqın sərvətlərini çırpışdıran məmur-oliqarx sürüsünü nəzərdə tutmuram. Mirqafar müəllim də yaxşı bilir ki, mən elə yanlışa qol qoymaram. Aramızı vurmaq istəyənlər var. Bizdə əsas banditlər gənclərdir. Görürsən biri divara şüar yazır: “Əsgərimiz ölməsin, Ordu morqa dönməsin!”. Başqası tay-tuşlarını yığıb kitab oxuyur. Bax, əsas banditlər bunlardır. Mirqafar müəllim qabaqkı idarədə çalışanda belə gəncləri bircə-bircə dənləyirdi, indi arzu edirik “qorotdel”də də müqəddəs işini davam etdirsin.
Hələ sən vəzifənin adına bax! Qorotdel! Elin dağı, zirvəsi, qartal yuvası, şahin oylağı! Elə bil Everestə qalxırsan! Elə bil Koroğlu Qıratı minir! Bəlkə də bu “Qıratdel” sözündən yaranıb! Bəh-bəh...
