Medianews.az
Müqəvva iqtisadiyyatı
436 baxış

Müqəvva iqtisadiyyatı

zamin yeni raz
İqtisadçı ekspert Zöhrab İsmayıl Gürcüstan və Azərbaycan gömrük orqanlarının statistik hesabatlarını araşdırıb, ortaya çıxan nəticə belədir ki, bizim gömrükçülər hər 6 manatlıq malın cəmi 1 manatını rəsmi sənədlərdə qeydə alırlar. Bir az da aydın olsun: Gürcüstanın sənədlərində sərhəddən bizə misal üçün, 6 manatlıq mal keçdiyi göstərilirsə, Azərbaycanın sənədlərində cəmi 1 manatlıq mal yazılır. Qalan 5 manatlıq malı rəsmi olaraq qaçaqmalçılıq, korrupsiya yolu ilə gətirirlər.
Bu cür hallara görə Gürcüstanın və başqa normal dünya dövlətlərinin büdcələri əsasən gömrük, vergi rüsumları hesabına formalaşsa da Azərbaycanda neft gəlirləri ilə doldurulur. Vergilərin dövlət büdcəsində rolu bizdə çox azdır. Bu isə çağdaş dövlətin dayaqlarının sarsılması deməkdir. Sadə dillə yazsaq, çağdaş dövlət vətəndaşların özlərini qorumaq, sosial və sairə müdafiələrini təşkil eləmək üçün yaratdığı bir sistemdir və bu sistemin normal işləməsi üçün həmin vətəndaşlar vergi ödəyirlər (həmçinin gömrük rüsumları). Vətəndaş vergi ödəyəndə onun hara xərcləndiyi ilə də istər-istəməz maraqlanır, hökumətə nəzarət edir. Bizdə vətəndaş-dövlət əlaqəsinin bu önəmli cəhəti işləmir, yapistlər onu qəsdən işləməyə qoymurlar. Nəticədə laqeyd, heç nə ilə maraqlanmayan kütlə yaranır. Nə dövlətin vətəndaş qarşısında məsuliyyəti var, nə vətəndaşın dövlət qarşısında. Qarşılıqlı məsuliyyətsizlik sosial vakuum yaradır.
Təzəlikcə Dünya Bankı da biznes mühitinin səmərəliliyi haqda hesabat yayıb, Azərbaycan ötən ilə nisbətdə 10 pillə geriləyib və 80-ci olub. Bəyənmədiyimiz Ermənistan 45-ci yerdədir. Gürcüstan isə lap qabağa gedib - 15-ci yer.
Bölmələr üzrə də hesabat real iqtisadiyyatımızın acınacaqlı durumunu göstərir. Misal üçün, hər 4 müəssisədən 3-ündə işçi sayı gizlədilir. Ölkəmizdə ən populyar biznes sahəsi kiçik ticarət imiş - 70 faiz. İkinci populyar sahə nəqliyyatdır - 10,1 faiz. Üçüncü isə otel biznesidir - 3,5 faiz. Bu, yapistlərin ölkəni bir xırda ticarət bazarına çevirdiyini əyani göstərir. Alver, taksi, karvansara - orta əsrlərdə olduğu kimi, Azərbaycan “İpək yolu” üzərində bir dayanacağa dönüb. Əlbəttə, dayanan da peşman olur, ancaq bu ayrı mövzudur.
Real iqtisadiyyatımızın necə içiboş, mənasız bir şey olmasını gündəlik həyatda rastlaşdığım bir faktla da görmək mümkündür.
Son günlərdə dövlət provayderi olan “Bakinternet”dən aldığım (bu bir inhisarçıdır, onsuz “ATS” ayrı seçim imkanı vermir, məcbursan) internet xidmətində çoxlu problemlər yaranır. Doğrusu, bu cür problemi ilk dəfə görürəm: baxırsan ki, modemin bütün işıqları yanır, kompüter internetə qoşulduğunu göstərir, hətta test saytları ilə sürətin də saniyədə 1 meqabayt olmasını yoxlayırsan, ancaq internet yoxdur! Girmək istədiyin saytların bir növ, qılafı, qabığı var, ancaq içi boşdur! Elə bil yapistlər internetə də bəzəkli hasar çəkiblər, arxası isə zibillikdir.
Bu hadisə bir neçə dəfə təkrar olunandan sonra zəng vurdum ATS-ə, dedim ki, bəs bu nədir, su borusu olub su gəlməyən kimi, siz də internet “borusunu” vətəndaşlara limitlə ödəməyə başlamısınız, günün çox saatı içiboş internet alırıq, indi biz nə edək, internet dolu gələndə qab-qazanları, vannaları dolduraq? İnsafən, idarədən sevindirici cavab verdilər, dedilər bu nəsə ümummilli, elnən gələn bəladır, tək mənim başıma gəlmir, respublikanın internet inhisarçısı “Delta Telekom”dan qaynaqlanır.
İdarədən cavab verən xanımın “Vallah, bizdə də qaz borusu var, amma evə qaz gəlmir” sözlərinə isə birgə gülüşdük. Mehribançılıq, ümumxalq birliyi məhz belə yaranır. Bu şəraitə görə, içiboş, uyuq, müqəvva iqtisadiyyatına görə hakimiyyətə təşəkkür edirik, arzu edirik ölkədə yeganə dolu yerlər - zindanlar da boşalsın.

Bizə qoşulun