Bəzən iqtidar nümayəndələri müxalifət nümayəndələrini qınayırlar ki, onlar ölkəmizdəki müsbət dəyişiklikləri görmək istəmirlər. Şəxsən mən müxalifətçi deyiləm, ancaq müsbət dəyişiklikləri hər zaman görürəm, bunları öz yazılarımda qeyd edirəm, zövq almağa çalışıram.
Deyərdim ki, bu müsbət dəyişikliklər hər addımda bizim qarşımıza çıxır, hətta hakimiyyət cəld tərpənib, uzaqgörənlik edib yolların qırağına hasar çəkməsə müsbət dəyişikliklər maşınların altına doluşacaq qədər çoxdur. Vətəndaşlardan da xahiş edərdik yeriyəndə ayaqlarının altına baxsınlar, neçə-neçə balaca, südəmər müsbət dəyişikliyi tapdalayıb öldürməsinlər. Bu ayaqlamaq məsələsinə hələ qayıdarıq, indilik isə onu qeyd edim ki, bizim ölkədə müsbət dəyişikliklər o qədər çoxdur ki, “Müsbət Dəyişiklik” adında hətta gənclər hərəkatı da vardır. Yəni nə qədər gərək kor olasan bu cür müsbət dəyişiklikləri görməyəsən.
Təzəlikcə Həcc mərasimləri başa çatdı, hazırda məhərrəmlik ayıdır, ondan da sonra Yeni il bayramı gələcəkdir. Dahi lider demişkən: “Bu gün tasuadır, sabah aşuradır”. Necə unudulmaz sözlərdir... Sözüm bunda deyil. Bizim ölkədə hər Həcc mövsümü gələndə aparıcı diskussiya mövzuları “neçə dəfə həccə getmək lazımdır”, “yapistlər hamısı hacı olandan sonra cəhənnəmdə kim yerləşdiriləcək”, “millətin bu günündə həccə getmək düzgündürmü” və sairə şəklində olur. Diskussiya deyəndə bunların telekanalizasiyada, KİV-lərdə, hansısa klublarda və salonlarda müzakirə edildiyini düşünməyin. Yapistlərimizin sayəsində artıq camaatın diskussiya yeri olaraq ancaq avtobuslarda, küçələrin tinlərində, uşağı məktəbdən götürərkən zibilliyin yanında danışıqlar nəzərdə tutulur, qalan hər yer xalqın üzünə bağlıdır. Küçə tinində də çox danışmaq olmaz, polis gəlib diskussiyanı dayandırır. Bizdə diskussiya moderatoru polisdir.
Uzun sözün qısası, Həcc ziyarəti ilə bağlı söhbətlər bu mövzudadır. Ancaq rayondan bu dəfə aldığım bir xəbər məni sözün əsl anlamında sevindirdi. Demək hələ də milləti düşünən, ictimai təfəkkürlü insanlarımız qalmaqdadır. Əhvalat budur:
Ağdaşın Qaradeyin kəndində Məhərrəm adlı bir ağsaqqal kişi yaşayır. Bunun bir neçə oğlu var, uşaqlar pul toplayıblar, veriblər atalarına, deyiblər sən də çoxdan niyyət eləmisən, get ziyarətə, hacı ol. Ziyarət mövsümü yaxınlaşanda görüblər kişi tərpənmək istəmir. Elə bu vaxt kəndin 9 kilometrlik, çox bərbad yolunda təmir işləri başlayıbmış. Uşaqları Məhərrəm kişiyə deyəndə ki, niyə səfərə hazırlaşmırsan, kişi yolu göstərib: “Pulları yolun təmirinə sərf elədim. Kəndin yolu bu cür pis vəziyyətdə olduğu halda mən həcc səfərinə gedə bilməzdim”.
İndi mən bu cür insanları, müsbət dəyişiklikləri necə görməyim?
Yayda üçgünlük müharibənin şıdırğı vaxtında bir çox məhbuslar zindandan cənab prezidentə müraciət yazmışdılar, deyirdilər bizi azad edin, gedək Qarabağda ölək. Əlbəttə, hökumət onları buraxmadı, çünki vaxtilə dustaq batalyonu qayırmağın təcrübəsini bilirlər. Hətta özləri elə o dustaqların Surət kimi tör-töküntülərlə birləşməsi sayəsində hakimiyyətə gəliblər. Bunu unudub dəxi dustaq batalyonu yaratmaq ağılsızlıq olardı. Ancaq müraciət çox vətənpərvər idi. Adamın tükləri biz-biz olurdu. Təsəvvür elə, artıq noyabr girir, mənim tüklərim hələ enməyib. Ona görə yazdım, bəlkə endilər.
Daha bir müsbət hadisə də yaydan yadımda qalıb, yazım, qışa keçməsin. Bulvar idarəsi ərazidəki saqqızları təmizləmək üçün xüsusi briqada yaratmışdı. Bunların əsas vəzifəsi camaatın ağzından saqqız çıxıb yerə düşən kimi yığışdırmaq idi. Yoxsa saqqızlar milyonlarla turistin ayağına yapışırdı, ölkəmizin imici pis olurdu. Müsbət hərəkətdir.
Müsbət dəyişikliklərdən biri də odur ki, nəhayət, mənə ayrılan yer bitdi.
