Medianews.az
Melkonyanın başı
494 baxış

Melkonyanın başı

zamin yeni raz

Demokratiya olmayınca, cəbhə xəttinin hər iki üzündə xalqlar hakimiyyətə gəlməyincə, problemin həlli mümkün deyil. Parisdə Qarabağa aid növbəti toplantının nəticəsiz bitməsi bir daha bunu isbat elədi. Hamı bilir ki, ortada tərəflərin münaqişəni həll etmək üçün öz xalqlarından aldığı mandat yoxdur. Mandat yoxdursa, sən nəyə səs verə bilərsən? Heç nəyə. Bu uzun-uzadı görüşlər, danışıqlar da vaxt itkisi, millətləri yola verməkdir. Hər iki iqtidara, o cümlədən onların beynəlxalq havadarlarına sərf edən vəziyyətdir. Ona görə problem həllini tapmır.

Yeri gəlmişkən, elə bu problem ortada olmasaydı Ollandın nəyinə gərək idi ucqar dövlətlərin rəhbərlərini Yelisey sarayına çağırıb onlara qonaqlıq versin? Demək problem bu tərəfdən də sərfəlidir. Yoxsa son illər özünə hörmət edən heç bir Qərb paytaxtı Qafqazın avtoritar liderlərini qonaq çağırmır.
Vaxtaşırı “bizim Qarabağ dərdimiz vardır” deyib ağlaşma qurmasaq, xaricə neftdən başqa nə ixrac edə bilərik? Neft və Qarabağ dərdi - ixracın iki əsas maddəsi bunlardır. Yanaşı yaşadıq, ermənilərdən bu tarixi xəstəliyi öyrəndik. İndi bizim də öz çoxəsrlik dərdimiz, ağlaşma predmetimiz var, bir sürü ağıçı-deputat-siyasətçi kişi və arvad xeylaqları bu dərdi yaylıq kimi dünyanın ora-burasına sərib zığıldaşırlar, arada kürü yaxmacından bir dişdəm almağı da unutmurlar. Bəs necə, dərd adamı qarınqulu eləyir! Psixoloji izahı da var. Bəzi psixi gərginlik anlarında insanlar əlinə nə keçsə yeyirmiş. Gördünüzmü? Korrupsiyamızın elmi əsasları da vardır. İstəməyənin gözünə girsin.
Hərçənd Paris danışıqları tam nəticəsiz də bitməyibdir. İlkin razılaşma olub ki, danışıqlar davam etdirilsin, növbəti ilkin razılaşmaya aid ilkin razılaşmalar alınsın. Bu söz oyunu, yanıltmac deyil, doğrudan durum belədir. Üstəlik, ABŞ Dövlət Departamenti ilkin razılaşmanı alqışlayıbdır, deyiblər nə yaxşı ilkin razılaşmadır, biz heç vaxt belə qəşəng ilkin razılaşma görməmişik. Hətta Departamentin mətbuat katibi Cenifer Psaki ilkin razılaşmadan riqqətə gələrək zır-zır ağlamışdır, Vaşinqtonun küçələrini su basmışdır. Arada üzünü də cırıb. Hətta müxbirlər olmasa tumanı başına keçirərmiş.
İlkin razılaşmanın bir bəndi lap unikaldır. Tərəflər razılığa gəliblər ki, Dağlıq Qarabağ müharibəsi zamanı itkin düşən şəxslər haqda məlumat mübadiləsi aparsınlar. Təsəvvür edirsinizmi? Atəşkəsdən 20 il keçir, dünyanın eşşək boyda 3 dövləti guya tərəflər arasında danışıqlar missiyası aparır, lakin itkinlər haqda informasiya mübadiləsi razılığı ancaq indi əldə olunur! Sizin missiyanıza, danışıqlarınıza Bernar Fasye ... (Bilənlər söhbəti bilir, bilməyənlər də bilənlərə danışsın).  Belə çıxır ki, müharibə gedə-gedə Allahverdi bəyin, Seyid Əhədin erməni Valeri ilə danışıq aparıb itkin və girovları tapması, dəyişdirməsi mexanizmi ATƏT-dən etibarlı imiş.
Ümumiyyətlə, 21-ci əsrdə, camaatın Marsda koloniya qurmaq üzrə olduğu çağda Yerdə torpaq üstdə bir-birini qıran insanlara ciddi yanaşmaq lazım deyil. Bizim millət bu mənada münaqişənin damarını tutub. Hamı bilir ki, həm bu münaqişə, həm danışıqlar, həm yapistlərin “Qarabağ dərdi” böyük bir fırıldaqdan, lotuluqdan başqa heç nə deyil. O üzdən camaat da Qarabağ mövzusunda öz mövzularını yaradır, pul qazanır, şou qayırır və sairə.
Məsələn, 21 ildir bizdə əsas diskussiya mövzularından biri “Monte Melkonyanın başını kim kəsib” mövzusudur. İbad deyir mən kəsmişəm, Qubad deyir yox, mən kəsmişəm, hətta kinosu da var. Halbuki, Melkonyanın başı əvvəldən olsaydı Amerika, Fransa kimi dövlətləri atıb gəlib Qarabağda axmaq bir ideyanın qurbanına çevrilməzdi.

Bizə qoşulun