Medianews.az
Əlli qəpiklik sup
474 baxış

Əlli qəpiklik sup

zamin yeni raz
“Heç bir sosioloji sorğu aparmadan qətiyyətlə demək olar ki, orta statistik Azərbaycan gənci bu gün arzusundadır ki, onun gözəl evi, bərbəzəkli maşını və kifayət qədər pulu olsun. O, həyatın mənasını ancaq əylənməkdə görür. Bütün bunlara nail olmaq üçün o, min bir vasitəyə əl atmağa, o cümlədən qanunu və əxlaq normalarını da aşmağa hazırdır. Zəhmət çəkməyi, çalışmağı, əziyyətə qatlaşmağı o, ümumiyyətlə, istəmir”.
Yuxarıdakı sitat, sizcə, kimə məxsusdur? Bəlkə hansısa müxalifət partiyasının lideri, ya da tənqidçi köşə yazarı, publisist deyibdir? Yox. Üstündə adı olmasa inanmayacağımız bir şəxsin: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin fikirləridir.
Yeri gəlmişkən, bu ümumi, stereotip fikirlər işi-gücü xalqı söymək olan bəzi gülməşəkər köşə yazarlarına da ciddi siqnal olmalıdır. Qoy onlar baxıb görsünlər kimin fikirləri ilə fikirləri üst-üstə düşür. Eyni zamanda, tərs-məntiqlə belə də yaza bilərik: xalqı söymək, aşağılamaq, ümumiləşdirib “bizim millət düzələn deyil” fikirlərini yeritmək Prezident Administrasiyasından gələn direktivdir, göstərişdir. Belə fikirlərə məmnuniyyətlə qucaq açırlar, pul verirlər, dəstəkləyirlər. Təki konkret tənqidə keçmə, korrupsionerləri barmaqla göstərmə. Uca millətimizdə hərdən güc-bəla yaranan, tumurcuq şəklində olan özünə güvən, inam hissini tapdala, kef elə. “Parçala, hökm sür”.
Qayıdaq hörmətli Ramiz müəllimin dərin məzmunlu tənqidi çıxışına. Yetərincə uzun çıxışdır - həmişəki kimi - orda xalqımız təhsilsizlikdən cəhalətə meyllənməyə qədər min cür günahlarda suçlanmışdır. Hətta bir yerdə yapizmin şanlı ideoloqu Mirzə Cəlilə, Sabirə, Üzeyir Hacıbəyliyə istinad edir, deyir ki, bu xalqın belə görkəmli şəxsiyyətləri ola-ola niyə indi cahilliyə yuvarlanır, niyə cavanlar dərs oxumur, qız uşaqları erkən ərə gedir, hamı hicab bağlamağa başlayıb və sairə.
Biz indi bu çıxışı qiyamət gününün yaxınlaşma əlamətlərindən biri kimi qəbul eləyəkmi? Dillərdə dastan olan ata sözümüzü təzədən burda yazaqmı: “Nə tökərsən aşına, o çıxar qaşığına”?
Elə bil tarlaya qanqal toxumu əkirsən, məhsul yığımı çağı gələndə isə deyinirsən ki, nöş burda armud bitmədi? Hətta anekdota çevirib zəhmli Administrasiya rəhbərinin çıxışından sonra ortalığa çökən gərginliyi yumşaltmaq da olar: “Biri gəlir kafeyə, 50 qəpik verib sup içir. Supun içindən əski parçası çıxır. Ofisiantı çağırıb üstünə qışqırır ki, bu nədir, niyə supdan əski çıxır? Ofisiant isə deyir ki, qardaş, 50 qəpik vermisən, istəyirdin supdan atlas çıxsın?”
O cümlədən, NİDA Vətəndaş Hərəkatının üzvləri kimi aktiv ictimai-siyasi, vətəndaş mövqeyi olan gəncləri zindana salandan sonra yerində Mirzə Cəlili tanımayan gənclik yetişməsi təbii deyilmi? Adamların seçib-seçilmək hüququ, özünə dövlət hakimiyyəti, yer üzərində, bu dünyada xoşbəxt həyat qurmaq haqqı tanınmırsa, bu haqqı istəyənlər zorakılıqla əzilirsə onlar niyə dinə üz tutmasın? Göyə əl qaldırıb “o biri dünyadakı cənnətə” ümid eləməkdən başqa nə yolları qalıb? Fanatizm, dindarlıq iqtisadi cəhətdən ağır durumda yaşayan xalqlar arasında çiçəklənir, bunu keçmiş Azərbaycan  marksist-kommunisti bilməmiş deyil axı. O zaman bu söhbətlərin mənası nədir?
Mənası, əlbəttə, yoxdur. Necə ki, bir neçə il qabaq eyni mənbədən telekanalizasiyalar tənqid atəşinə tutulmuşdu, onların ancaq manıs şouları göstərməsi pislənmişdi. Nəticə: qabaq verilişi Tolik aparırdısa, indi Maral Tahirqızı aparır.
Onun ardıyca Ramiz müəllim elmin vəziyyətini tənqid eləmişdi. Nəticə bu oldu ki, Siyavuş Novruzov hazırda akademikdir.
Güman edə bilərik ki, bu çıxışdan sonra Mirzə Cəlilin qəbrini ekskavatorla uçurdub yerində fəvvarə tiksinlər.

Bizə qoşulun