Bu ilin avqustu qara xəbərlə başladı: “Cəbhədə döyüşlər başlayıb, itkilər var...” Ardınca ölkədə gərginlik, ajiotaj, qeyri-müəyyənlik dönəmi gəldi. Məlumatsızlıq mühitinin yerini tez bir zamanda informasiya zibilliyi aldı. Dezinformasiyalar havada uçuşdu.
Bir ara qara xəbərlərin yerini şad xəbərlər almağa başladı. Guya ki, hansısa yaşayış məntəqələri işğaldan azad edilib, düşmənə sarsıdıcı zərbələr vurulub və sair.
Bu söhbətlərdə ciddi isimlər, ciddi mənbələr də vardı. Adların və ünvanların ciddiliyi dezinformasiyaların pərvazlanmasını sürətləndirirdi.
İnsanlar bu şad xəbərlərə kütləvi şəkildə inanırdılar. İlk növbədə ona görə ki, bu, onların on illərlə gözlənilən arzularının bir gündə gerçəkləşməsiydi. Ən şəkkak adamlar belə “təki elə olsun” deyirdilər.
Heç demə, məmləkət əhli kütləvi şəkildə müharibə tərəfdarıymış, heç kəs torpaqların sülh danışıqları ilə azad olunacağına inanmırmış.
Budur, onlar üçün gözlənilən gün çatıb: atəşkəs pozulub, düşmən hücum edib, ordumuz əks-hücuma keçib və fürsətdən istifadə edərək torpaqları geri qaytarmaq uğrunda əməliyyat aparır.
Ölkədə yüz minlərlə insan gözünü televiziyaya, qulağını radioya dikmişdi, xəbər saytlarını anbaan yeniləyirdilər ki, şad xəbərlə tanış olsunlar.
Gözlənilən xəbərlər isə gecikirdi. Gecikirdisə, demək, gəlməyəcəkdi. Şad xəbərlər adətən gecikmirlər, quş qanadında olsa da, tez gəlirlər.
Şad xəbərlər təsdiqlənmədi, onların yerini gözlənilməyən xəbərlər aldı: böyük ümidlər içində vurnuxan, özünə yer tapmayan, gümanı gələn hər yerə zəng edən yüz minlərlə insan umsuq oldu.
İrəliləmə yoxmuş. İtkilər varmış. Daha bir əsgər... Yox, bu dünənki “daha iki əsgər” xəbəri deyil. Bu, yenidir.
Qara avqustda qara xəbəri yayılan 15-ci əsgərin adı Sahil idi. 18 yaşlı bu bəxtsiz gənc hansı rayondan imiş, harada güllə yarası alıbmış - bilinmədi. İnformasiya yox idi.
İnformasiya olmayan yerdə gümanlar olur. Gümanlardan biri beləydi: demək, bu da avqustun 1-də baş verən döyüşlərdə həlak olanlardan biridir, saxlayıb indi deyirlər.
Nəyə görə? Ona görə ki, 15 əsgərin həlak olmasına dair xəbər ictimaiyyətin gözünə çox görünər, daha böyük, hətta idarəolunmaz ajiotaj doğurardı.
Yəqin ona görə belə etdilər, əvvəlcə “8 əsgərimiz həlak olub” dedilər, ardınca “bu gün 4 əsgəri itirmişik” açıqlaması gəldi. Ertəsi gün daha iki əsgərin qara xəbəri yayıldı, lap axırıncı gün isə bir əsgərin həlak olmasına dair xəbər ictimailəşdi.
Beləcə, 15 əsgərin şəhadətini xalqa yavaş-yavaş, alışdıra-alışdıra açıqladılar.
Bəziləri deyir, belə lazım idi, düzü budur, xalqı şoka salmaq olmazdı.
Xalq şoka düşmədi, əvəzində indi böyük umsuqluq, pərtlik var. Bu, şokdan da pisdir.
Ermənilərin daha böyük itkilər verməsi (71, 90) barədə xəbərlər də təsdiqlənmir, hərbi qüvvələrimiz irəliləməyib, itkilərimiz artmaqdadır. Ajiotaj yoxdur, şok da yoxdur, məyusluq var.
Bundan daha pis durum ictimai-siyasi fəalların mühitində, sosial şəbəkələrdə birləşən aktivlərin düşərgəsindədir. Burada at izi it izinə qarışıb.
Dezinformasiyalara qarşı çalışanlar, illərin arzusunun gerçəkləşməsi ümidi ilə alışıb yananlar, hər mövzuda olduğu kimi “kəndlərin alınması” mövzusunda da lağlağı edənlər - hamısı bir-birinə qarışmışdı. Hamı satirik imiş. İllərlə satirik köşə yazanlar kölgədə qalmışdılar, hər kəsin baməzə damarı tutmuşdu - lağlağı əsəb cırmaqlayırdı.
İndi belə məlum olur ki, həmin dezinformasiyaları məqsədli şəkildə yayırmışlar - narazı kütlələr hakimiyyətə qarşı köklənməsinlər; yalandan da olsa əhalidə ruh yüksəkliyi yaransın, qazanılan uğurların fonunda itkilər görünməz olsun və sair və ilaxır.
Budur, dövlət rəhbərliyi də ilk günlərin şokundan çıxmış kimi görünür. İndi yeni hərbi ritorikaya başlamaq, “mənfur düşməni asıb-kəsmək” olar. Amma nə vaxta qədər?
“Yeddi oğul istərəm” filminin final hissəsində bir replika var: “Bəy bu dəfə də aradan çıxsa, batdıq”. Onun sözü olmasın, belə çıxır ki, ermənilər bu dəfə də aradan çıxdılar...