Medianews.az
III dünya savaşının döyüşləri
556 baxış

III dünya savaşının döyüşləri

xalid kazimli kose 1
Yox, Ukrayna səmasında Malayziya təyyarəsinin vurulması ilə dünyanın gündəmi dəyişmədi. Bu gün də bəşər oğlunun başlıca qayğısı terrordur. Sadəcə, dünya əhlinin gözləri İŞİD-dən, Qəzzada baş verənlərdən Ukraynada gedən proseslərə çevrildi.
Bu aramsız terror aktları ilə müşayiət olunan 3-cü dünya müharibəsində yaxınlarını, əzizlərini itirənlər üçünsə fərqi yoxdur: istər günahsız insanları İŞİD terrorçuları öldürsün, istər əfqan talibanları, istər Pakistan fanatikləri, istər “Boko Haram” militanları, istər İsrail hərbçiləri, istər “Həmas”, “Hizbullah” döyüşçüləri. Eyni şeydir.
Artıq hamı bilir, hazırda dünyada bir-birilə əlaqəsi olan çoxlu savaş ocaqları var. Cəbhə xətti regionumuza lap yaxınlaşıb və əslində bizim ona qoşulmağımız an məsələsidir. Əgər Qarabağda illərdən bəri korun-korun közərən və bir gün belə atəşsiz qalmayan ixtilaf ocağı qəfildən alovlansa, ölkəmiz 3-cü dünya savaşının içinə qatılanlardan və Ermənistanla birlikdə ayaq altında qalanlardan olacaq.
Son yüz ildə dünyanın 3-cü dəfə bölüşdürülməsi, siyasi xəritəsinin yenidən dizayn edilməsi, ölkələrin sərhədlərinin dəyişdirilməsi prosesi çox ağrılı keçir.
Malayziya təyyarəsinin vurulması məhz bu xoşagəlməz mənzərənin fonunda baş verib.
İndi durub müdrik-müdrik “bu kimə sərf edirdi” sualı qoyub fantaziyaya güc vermək, bir-birindən dərin, ağıllı versiyalar irəli sürmək, mürəkkəb kombinasiyalar (“bu belə edib ki, o elə olsun”) düşünmək olar. Ancaq belə məsələlərdə həqiqət həmişə üzdə olur. Bir tərəf çox qaba bir hərəkətə qol qoyur, hadisədən sonra isə beyin işlədilir, izin itirilməsi, kələfin dolaşdırılması üzrə saysız-hesabsız cəhdlər edilir, nəhayət, ortada bir-birinə zidd iki versiya qalır.
Məsələn, dünyada milyonlarla adam hələ də inanır ki, 11 sentyabr teraktını ABŞ özü törədib. Əfqanıstana girmək üçün. Dünyanın ən kasıb ölkəsi olan Əfqanıstanda nə varmış axı? Bunu israrla deyənlər nəzərə almırlar ki, Amerika o dövlətə qoşun yeritməklə 1 trilyon dollardan artıq vəsait itirib, bəs nə qazanıb? Deyəcəklər, narkotik. Sanki ABŞ başqa dövlətlərdə, yaxud özünün intəhasız çöllərində çətənə plantasiyaları becərtdirə bilməz. Mütləq bunu müharibə ilə etməlidir.
Yəni qüdrətli siyasi dairələr özlərinə lazım olanda dövriyyəyə elə bir şayiə, versiya buraxırlar ki, insanlar ya bilə-bilə, ya da bilməzlikdən həqiqəti danır, görmürlər.
İndi eyni mənzərə vurulan Malayziya təyyarəsi ətrafında yaranmaqdadır. Rusiya və onun bütün postsovet məkanında boy göstərən tərəfdarları iddia edirlər ki, təyyarəni Ukrayna özü vurub. Rusiyanın və separatçıların üstünə atmaq üçün.
Amma buna ehtiyac vardımı? Onsuz da bütün Avropa, eləcə də dünyanın demokratik dövlətləri Ukraynaya qarşı aqressiyasına görə Rusiyanı qınayır, ona qarşı sanksiya tətbiq edirlər. Ukraynanın yenicə seçilmiş demokratik hökuməti belə bir antibəşəri aksiyaya qol qoymaqla nə qazana bilərdi? Bu, təxminən bir qumarbazın 1 dollar udmaq üçün 1 milyonluq stavka qoyması kimi bir şey olardı.
Aydın məsələdir ki, bu akt terrorçu təfəkkürlü dairələrin işidir. Terrorçu qruplarla dövlət qüvvələrinin müharibə aparmaq tərzləri çox fərqlidir. Dövlət adamları, generallar Haaqa məhkəməsindən xəbərdardırlar, bilirlər ki, bu cür cinayətlərin üstü əvvəl-axır açılır və tribunalda cavab vermək zorunda qalırlar. Terrorçu qruplaşmalarda isə o qorxu yoxdur. Onlar üşün məqsədə çatmağa imkan verən hər cür hərəkət, cinayət məqbuldur.
Bir də bir neçə gün öncə Ukraynanın həmin regionunda o dövlətə məxsus AN-26 təyyarəsi vurulub və terrorçu-separatçıların başçısı İqor Girkin vurduğu təyyarəni “quşcuğaz” adlandıraraq öyünə-öyünə deyib: “Xəbərdarlıq etmişdik ki, bizim səmamız uçuş üçün təhlükəlidir”.
Budur, sonuncu teraktla onlar bütün dünyaya sübut etdilər ki, doğrudan da Ukrayna səması uçuş üçün təhlükəlidir.
Bu, kimə lazım idi: Ukrayna dövlətinə, yoxsa təyyarə vurmaq üzrə ixtisaslaşan, ölkəni parçalamağa çalışan terrorçulara?
Rusiyada onlara “terrorçu” demirlər, “könüllü döyüşçülər” deyirlər. Onların sərəncamında isə böyük bir dövlətlə müharibə aparmaq üçün hər cür cəbbəxana var.
Aqressor göz önündə olduğu halda onu danmaq absurd işdir. Hazırda minlərlə azərbaycanlı var ki, belə edirlər və ermənilərə qahmar çıxan Rusiya dövlətini müdafiə edərək, dolayısı ilə ermənilərə haqq qazandırırlar.

Bizə qoşulun