Son günlərdə narkotik maddələrə dair ölkə mediasında keçən başlıqlar belədir:
“Balakən sakininin evində narkotik tərkibli bitki aşkarlanıb”;
“Meyxanaçı Bayram Kürdəxanılı narkotik maddə ilə tutulub”;
“Gədəbəydə 6 tondan çox çətənə kolu məhv edilib”;
“Şəmkir sakini külli miqdarda narkotik vasitə və odlu silahla saxlanılıb”;
Başqaları da var: bir neçə qramlıq şeylər...
Biri də var: 3 tona yaxın maye heroin. Qramlıq narkotik maddələrin qanunsuz dövriyyəsindən yazanlar 3 tonluq heroindən yazmırlar. Amma bu barədə yazanlar da var.
Hazırda ölkəmizdən tutmuş dünyanın o başına qədər onlarla rəsmi dairədə bu narkotrafik barədə söhbətlər gedir.
Azərbaycanda isə bu xüsusda inadla, israrla, konfuz işində, suya-buza dönmüş halda susurlar. Öyünüləcək bir şey yoxdur, ona görə.
Dünyanın qara bazarındakı qiymətlərlə götürsək, 170 milyon avroluq sərvət tutulub, əllərdə qalıb.
Kimlərsə buna cavab verməlidir, kimlərsə məsuliyyətə cəlb edilməlidir - tık yoxdur.
Hamı yaxşı anlayır: 3 tona yaxın maye heroini adi narkotacirlərin belinə şələləyib vəziyyətdən çıxmaq mümkün deyil.
Bu, şəbəkələşmiş bir narkomafiyanın işidir. Zamanında belə əməliyyatları Kolumbiyadakı “Medelin karteli”nin bossu Pablo Eskobar edərdi.
Bəs ölkədən-ölkəyə daşınan 3 tonluq heroinin “Eskobar”ı kimdir?
Azərbaycan tərəfinin susqunluğu müdhiş gerçəklikdən xəbər verir. Belə çıxır ki, həmin “Eskobar” uzaq Əfqanıstanda, yaxın İranda, qonşu Gürcüstanda, qardaş Türkiyədə deyil, bizim ölkəmizdədir.
Rəsmilərimizin susqunluğu ondan xəbər verir ki, onlar milli “Eskobar”ın kimliyini bilir və onun gücü, qüdrəti qarşısında susmaqdan başqa yol tanımırlar. Susqunluğun bir səbəbi isə o boyda qadağan olunmuş təhlükəli materialın Azərbaycan sərhədlərindən, gömrükdən sərbəst şəkildə keçib getməsidir.
Bu maddələrin “Eskobar”ı bu ölkədə olmasa da, onun himayədarı, ortağı dəqiq bu ölkədədir və o, dırnağından saçına qədər korrupsiya bataqlığına girmiş şəxs və ya şəxslərdir.
Bəs bu qalmaqallı işin, müdhiş cinayətin üstü açılacaqmı?
Əminliklə demək olar: açılmayacaq!
Hermetik şəkildə ört-basdır ediləcək. Sanki ümumiyyətlə belə bir hadisə olmayıb.
Əksinə olsaydı, hadisənin üstündən keçən bu beş gündə 3 tona yaxın heroinin ölkədən-ölkəyə sərbəst keçirilməsinə yol verən birinci, ikinci, üçüncü dərəcəli adamlardan ibarət xeyli məmur işdən qovular, həbsə alınardı.
Bu işi açmaq çoxmu çətindir? Ortada yaxalanmış adamlar var və onlar ibtidai istintaqda malı haradan gətirdiklərini, kimdən aldıqlarını deyiblər. Düz-dünya kameralarla doludur. O izlərlə irəliləyərək Əfqanıstana qədər getmək, çətənə plantasiyasında alın təri tökərək çörəkpulu qazanan dehqana (kəndli) belə çıxmaq olar.
Bunun əvəzinə hadisənin malalanması, söhbətin başının bağlanması prosesi gedir.
Ağzımızda mafiya deyirik. Özü də narkomafiya. Bunlar dövlət içində dövlətdir.
Müasir eskobarlar meşəli dağlara çəkilib dövlətlə dövlətçilik eləmir, gizli laboratoriyalar qurub narkotik maddə istehsalı ilə məşğul olmur, dövlət orqanları tərəfindən təqib olunmurlar.
Müasir narkobaronlar dövlətin ali postlarını, yüksək mənsəbləri ələ keçirir, nazir, komitə sədri olur, xırda narkotacirləri, onların bazarına girənləri təqib edirlər.
Ən qorxulusu da budur.
Zamanında cəmi 32 yaşındaykən Kolumbiyada namizədliyini verərək Konqresin əvəzedici üzvü seçilən (konqresmen olmadıqda səsvermə hüququ olan) Eskobar narkotik maddələrdən qazandığı milyardların verdiyi iddia ilə ölkə prezidenti seçilmək istəmişdi.
Bir anlıq təsəvvür edək ki, o, gerçəkdən də prezident və ya baş nazir olsaydı, nələr olardı. O zaman narkokartellərdən söhbət getməzdi və narkotik maddələrin istehsalı, daşınması, satışı dövlət nəzarətinə keçər, xalq təsərrüfatının bir hissəsi olardı.
Bu gün Əfqanıstanda məhz o cürdür. Lent.az saytının əməkdaşı Səbuhi Məmmədlinin bir neçə ay öncə Əfqanıstandan hazırladığı reportajda ölkə əhalisinin uşaqlı-böyüklü kütləvi və leqal çəkildə narkomaniyaya mübtəla olduğunu göstərən qeydlər və şəkillər vardı. O ölkə məhv olub gedir.
Özbaşına buraxılsa, narkomafiyalar bütün dünyanı o hala salmağa hazır və qadirdirlər. Təki pul gəlsin, cümlə-cahan batsa da, batsın.
