Medianews.az
Atom bombası qaçaqmalçılığı
457 baxış

Atom bombası qaçaqmalçılığı

zahid yeni razmer
Gürcüstanda tutulan 3 ton heroinin məsələsi böyüyür. Başqa cür ola da bilməz. Birinci o səbəbə ki, bu boyda narkotik qaçaqmalçılığı nəinki iki qonşu ölkənin, heç regionun tarixində indiyədək görünməmişdi. İkincisi də Azərbaycandan fərqli olaraq Gürcüstan qanunçuluğun gözlənildiyi, rüşvət və korrupsiya piramidasının olmadığı məmləkətdir və o üzdən orada işin istintaqının axıradək obyektiv aparılacağı realdır.
Mafiyanı çaşdıran yəqin ki, elə o olub. Görünür, mafiozlar rüşvət sisteminin idarə elədiyi, çirkli pullar hesabına istənilən çirkli əməliyyatın mümkün olduğu avtoritar Azərbaycanla Avropa Birliyinə sürətlə yaxınlaşan demokratik Gürcüstanı əməllicə səhv salıblar.
Bundan sonra yəqin ki, belə şeylər tez-tez olacaq - ta Azərbaycan da hüquqi-demokratik dövlətə çevrilənədək. Hələliksə demokratik Gürcüstan antidemokratik Azərbaycanla həmsərhəd olmağa məhkumdur. Bu fərq, yaxud təzad artıq özünü təkcə bananın qiymətlərində göstərmir, eyni zamanda Azərbaycanın başqa monopolistlərinə və narkotik ticarətçilərinə ciddi problemlər yaşatması ilə bəlli edir.
Heroin haqq-hesabı, ona Azərbaycandan müvafiq strukturlar səviyyəsində verilən qeyri-adekvat, əcaib reaksiyalar bir daha ölkəmizdə nə dərəcədə təhlükəli, milli maraqlara zidd, Azərbaycanı dünyada rüsvay edən bir idarəçiliyin mövcudluğuna şübhə saxlamadı. Belə çıxır, sabah bu ölkəyə Allah eləməmiş, kustar üsulla hazırlanmış mini-atom bombası da keçirmək olar. Niyə də olmasın? “Rüşvətini ver, işini gör” prinsipi deyil bəyəm?
Dəlinin yadına daş salmaq kimi çıxmasın, tərs kimi bu dəqiqə terrorçu İŞİD-in əlində Mosuldakı elmi-tədqiqat laboratoriyasından oğurladığı neçə kilo uran var. O İŞİD ki, Azərbaycanı da hədəf seçdiyini gizlətmir...
Məsələ də ondadır ki, demokratik ölkə təkcə azad və ədalətli seçkilər demək deyil. Siyasi haqlarla yanaşı, başqa təməl haqların da tanınması, konstitusiyanın maddələrinə, qanunçuluğa sözsüz hörmət edilməsi, o sırada iqtisadi cinayətkarlığa və hər növ qaçaqmalçılığa, narkotik-nüvə qaçaqmalçılığına qarşı amansız mübarizə aparılması deməkdir.
Çoxdan təsdiqlənib ki, avtoritarizmin hökm sürdüyü, “şahın qanun olduğu” ölkədə bir qanunsuzluq zəncirvari şəkildə başqa qanunsuzluğu doğurur. Misal üçün, seçkilərin saxtalaşdırılması yalnız Seçki Məcəlləsinin ayaqaltı edilməsi hesabına başa gəlmir ki. Eyni zamanda insanların rüşvətlə, hədə-qorxu hesabına qanunu pozmağa sövq edilməsi, hətta şərlənərək həbs edilməsi sayəsində mümkün olur.
Bu xüsusda antidemokratik ölkədə hansısa ayrıca götürülmüş sahədə (səhiyyə, təhsil, sosial təminat, milli təhlükəsizlik, ordu quruculuğu) köklü islahat aparıb oranı inkişaf etdirmək qeyri-mümkündür. Həmin reformator bunu istəsə belə bacarmaz, qoymazlar, başından basarlar, sistem dərhal çıxdaş edər, lazım gələrsə zindana atar.
Reforma, islahat yalnız bütün sahələr üzrə eyni vaxtda aparılanda və görüntü naminə olmayanda effekt verə bilər. Bu isə birbaşa birinci şəxsin iradəsindən asılı məsələdir və 2 x 2 qədər bəsit həqiqətdir. Gürcüstanın sabiq prezidenti onun formulunu necə ifadə eləmişdi: “Mən almadım, heç kim də almadı və rüşvət-korrupsiya piramidası dağılıb getdi...”
Dəfələrlə deyilib, velosipedi kəşf eləməyə lüzum yox. Onu sadəcə, daha təkmil hala gətirmək, daha yaxşı sürmək problemi ola bilər. Amma Azərbaycandakı hakim qüvvə bəşəriyyətin min illər boyu əziyyətlər, qurbanlar bahasına yaradıb ortaya qoyduğu ən yaxşı, ən ədalətli idarəçilik modelini - “demokratiya velosipedi”ni nəinki sürmək istəmədi, üstəlik, onu dağıdıb pis günə, eybəcər hala saldı. İnsanları ondan iyrəndirdi.
Artıq bu dağıdıcılığın bədəlini ödəmək zamanı yetişir.

Bizə qoşulun