Medianews.az
Mundialın qalibi - ŞKXDR yığması
480 baxış

Mundialın qalibi - ŞKXDR yığması

xalid kazimli kose 1
Beləsi tarix boyu görünməmişdi, Şimali Koreyada oldu. Söhbət dövlət televiziyası ilə uydurulan böyük bir yalandan və bunun 21-ci əsrdə milyonlarla insana təqdim edilməsindən gedir.
Məsələ belədir: bir neçə gün öncə Şimali Koreyanın dövlət televiziyasının diktoru xəbərlər bülletenində elan edib ki, bu ölkənin dünya çempionatına qatılmış komandası qrupdakı rəqiblərinin hamısına qalib gəlib və növbəti mərhələyə çıxıb. Televiziyanın yüz min gözəl içindən seçilmiş gözəl diktoru ölkənin gənc lideri Kim Çen Inın futbolçuların oyununu izləməsini və nəticələrdən məmnun qaldığını da xəbər verib. Bütün bu məlumatlar müvafiq süjetlərin nümayişi ilə müşayiət olunub.
İndi dünya ictimaiyyəti şokdadır. Bu yalanın mabədinin necə olacağı bilinmir. Bəlkə də artıq Şimali Koreya camaatı Braziliyada keçirilən mundialın qalibinin Almaniya yox, əslində mundiala vəsiqə qazanmayan ŞKXDR komandası olduğu barədə informasiya alıblar və kütləvi şadyanalıq edirlər.
21-ci əsrdə bu qədər asanlıqla darmadığın oluna biləcək yalan.
Beləcə, Kim İr Senin sülaləsi ayrıca götürülmüş bir ölkəni sözün birbaşa mənasında həbsxanaya çevirərək dünyadan təcrid edib. Bu ölkənin müasir telekommunikasiya vasitəsilə xarici dünya ilə bağlantısı yoxdur. İnterneti yox, sosial şəbəkələri yox, azad mediası yox, peyk antenləri yox. ŞKXDR əhalisi üçün dünya Koreya yarımadasının şimalından ibarətdir, dünyanın paytaxtı, baş şəhəri Pxenyandır, yarımadanın cənubunda qardaş düşmənlər var, dünyanın ən böyük siyasətçisi Kim Çen Indır, ABŞ və böyük dövlətlər onunla hesablaşırlar, hətta ondan qorxurlar və s.
Bir sözlə, xalqı qapalı bir tövləyə dolduraraq zombiləşdiriblər, plastır kütləsinə çeviriblər və yoğuraraq istədikləri şəklə salırlar, istəyəndə ağladırlar, istəyəndə ac-acına oynadır, şadyanalıq edirlər. Dünyanın ən qəddar və kütləvi eksperimenti Şimali Koreyada həyata keçirilib və baş tutub. Bu eksperiment göstərir ki, dünyanın ən itizəkalı xalqını cəmi altmış il ərzində kütləvi şəkildə manqurta, sürüyə, kütləyə döndərmək olar. Koreyanın şimalındakı və cənubundakı insanların həyatları, rifahları, düşüncə tərzləri arasındakı müqayisəolunmaz fərqlər bunu sübut edir.
Əlbəttə, bu tipli rejimlərin hamısı xalqa yalan satır. Hətta dünya çempionatında iştirak etməyən milli komandanın mundialın növbəti mərhələsinə adlamasından on dəfə böyük yalanlar da uydurulur və xalqa sırınır. Sadəcə, bu yalanlar sübutu başının üstündə olan yalanlar deyil, araşdırma, ifşa tələb edir.
Ona qalsa, SSRİ dövründə biz məhz o cür yalanların içində qaynayırdıq. “Çürüməkdə olan mənfur kapitalizm dünyası”, “1 milyon ton pambıq istehsalı”, “3 milyon ton üzüm əldə edilmişdir”, “ABŞ-dakı kütləvi işsizlik”, “sovet xalqının yüksək rifahı” və sair və ilaxır.
O vaxtlar kənar dünya ilə sovet xalqının dünyası arasında dəmir sədlər vardı. Ölkədən kənarda baş verənlər, real vəziyyət barədə informasiyalar beşqat süzgəcdən keçirilirdi. Çox nadir hallarda olurdu ki, dünyanın ən nəhəng ölkəsinin vətəndaşları hansısa həqiqətdən Moskvanın, Kremlin iradəsindən kənar xəbər tutsunlar.
Məsələn, Danimarkada küçələrin şampunla yuyulması xəbərini ilk dəfə televiziyada səsləndirən xalq artistinin həmin sözündən sonra Azərbaycan əhalisi çox heyrətlənmişdi. Çünki ölkədə şampun qıt idi, üstəlik, rəsmi təbliğat israrla bildirirdi ki, Qərb dünyası acından ölür, bitin-sirkənin içindədir. Heç demə, onlar küçələri şampunla yuyurmuşlar...
Totalitarizmin, avtoritarizmin mahiyyəti budur. O, xalqı kölə vəziyyətinə salıb idarə etmək üçün kənardakı bütün yaxşı örnəklər barədə məlumatların yayılmasını boğacaq, ya da qaralayacaq. Başqa ölkələrdə vəziyyət dözülməzdir, aclıqdır, səfalətdir, yalnız bizdə insanların çörək tapır, siyasi sabitlik hökm sürür, ona görə də bu gününüzə şükür edin, başqa niyyətlərə düşməyin - rəsmi təbliğatın aşılmaq istədiyi başlıca qənaət budur. AzTV illərdir bu yöndə çalışır və diqqət yetirmir ki, hər gün minlərlə insan xarici ölkələrə gedib-gəlir və gördüklərini sosial və peşəkar mediada yayır.
Amma elmi-siyasi mərkəzlər araşdırmalıdır: ŞKXDR-də milli yığmanın mundialın səkkiz güclü komandasından biri elan edilməsi nəyə lazım imiş.
 

Bizə qoşulun