Medianews.az
Mərhəmət... və piar
432 baxış

Mərhəmət... və piar

xalid kazimli kose 1
Əvvəllər belə deyildi, bu xətt son 4-5 ildə götürüldü: dövlət bir sıra məşhur adamların müalicə xərclərini ödəməyə, onların həyatda qalması üçün əlindən gələn hər şeyi etməyə başladı.
Ya öncələr məşhur adamlar bu qədər amansız, ağır xəstəliklərə indiki kimi çox yoluxmurdular, ya da dövlət büdcəsində kasadlıq vardı və sərəncam verən şəxslərdə mərhəmət yox idi.
Bəlkə də üçüncü bir variant vardı: ağır xəstəliyi olan sənətçilər, yazıçılar, rəssamlar dövlət büdcəsi hesabına müalicə olunurdular, amma rəsmi təbliğat bu barədə susurdu.
Məsələn, məşhur şairlər Bəxtiyar Vahabzadə və Fikrət Qoca eks-prezident Heydər Əliyevin göstərişi və himayəsi ilə müalicə olunmuşdular. Amma bu barədə media gen-bol və uzun-uzadı yazdı. F.Qoca həyatda qalması üçün hələ də hər fürsətdə Əliyevə minnətdarlıq ifadə edir.
Ancaq bu qayğı heç də çoxlarını əhatə etmirdi. Məsələn, o illərdə bir sıra ədəbiyyat və incəsənət adamları (məsələn, şair Nüsrət Kəsəmənli, müğənni Məmmədbağır Bağırzadə, aktyor Ələkbər Hüseynov və başqaları) nisbətən cavan yaşda yaxalandıqları xəstəliklərdən vəfat etdilər. Bəlkə də o vaxt onlar vaxtında dövlət qayğısı görsəydilər, hələ də yaşayardılar.
Fəqət büdcədə neft pulları sonradan çoxaldı və dövlət səhhətində problem yaranmış sənətçilərin, tanınmış şəxslərin müalicə xərclərini öz üzərinə götürməyə start verdi. Hər il neçə-neçə tanınmış incəsənət, mədəniyyət və ədəbiyyat adamını müalicəsi xaricdə təşkil olunur. Onların içində şəfa tapanlar da var, təəssüf ki, tapmayanlar da...
Bu, normaldırmı? Fərqli fikirlər var. Rəylər əsasən iki tirədə haçalanır. Biri belədir ki, hər halda bu, humanizm göstəricisidir və məşhur olsalar da, dar günləri üçün yetərli maddi vəsaiti olmayan şəxslərə dövlətdən başqa yiyə duracaq bir kimsə yoxdur – onların millətə xidmətinin əvəzi heç olmasa bu cür verilməlidir.
İkinci rəy də bundan ibarətdir: dövlət səhiyyənin səviyyəsini qaldırmalıdır, hər kəs tibbi sığorta ilə əhatə olunmalıdır ki, sonradan bu sayaq minnətli qayğıkeşliklər olmasın və bundan siyasi təbliğat vasitəsi kimi istifadə olunmasın.
Baxırsan ki, hər iki tərəfin rəyində ciddi həqiqətlər var. Amma hər iki rəyin kontr-tezisləri də var.
Reallıq bundan ibarətdir ki, səhiyyəmiz bu gündədir və insanlar sağlamlıqlarını bərpa etmək üçün olmazın əzab-əziyyət və xərc-xəsarət çəkirlər. Oturub gözləsək ki, səhiyyənin səviyyəsi qalxsın, ölkədə salamat sənətçi qalmayacaq. Demək, dövlətin onları himayə etməsi zəruridir, mərhəmət göstəricisidir. Hakimiyyət yiyələri bunu etməyə də bilərlər. Onda jurnalistlər onları rəhmsizlikdə qınayan bir neçə yazı yazacaqlar, məsələ bitib gedəcək.
Hətta bir variantı da nəzərə alaq. Guya hakimiyyətdə İlham Əliyev yox, İsa Qəmbər və ya Kəmaləddin Heydərov olsaydı, ağır vəziyyətdə olan sənətçilərə yardım göstərməyəcək, səhiyyənin səviyyəsinin qalxmasını gözləyəcəkdilər? Xeyr. Onlar da bir şeylər edəcəkdi. Və hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu kimi yaxşılıqlar mediaya sız(dırıl)acaqdı.
Bununla belə, bu kimi hadisələrin üzərində təbliğat işi qurmaq tendensiyası var və bu, yanlışdır. Bu kimi yaxşılıqlar barədə heç bir media orqanında bir sətir getməsə belə, xalq onsuz da ondan xəbər tutur və danışır. Dildə-ağızda yayılan söhbətlər isə daha effektiv səciyyəlidir. Xəstədən və onun yaxınlarından minnətdarlıq ifadələri almağa  ehtiyac yoxdur – həm də haray-həşirli bir şəkildə.
Səhiyyənin bərbad səviyyəsinə gəlincə, dünyada yüksək səviyyəli səhiyyəsi olan, tibb paytaxtına çevrilən neçə ölkə var?  ABŞ, Almaniya, İsrail, Yaponiya, Cənubi Koreya, Türkiyə... Tibbi inkişaf etmiş başqa ölkələr (Norveç, İsveç, İsveçrə, Belçika, Fransa, İngiltərə və b.) də var, ancaq onlar daha çox öz vətəndaşlarının sağlamlığının keşiyindədirlər. Dünya ölkələrinin beşdə dördünün imkanlı vətəndaşları can sağılığını mütləq xaricdə axtarır. Biz də onlardan biriyik.
Səhiyyənin səviyyəsinin qaldırılması, bir ilin, beş ilin işi deyil, ən azı 10-20 il məqsədyönlü şəkildə iş aparılmalıdır, ən son texnoloji avadanlıqlar alınmalıdır və onlarla işləməyi bacaran peşəkar və vicdanlı kadrlar hazırlanmalıdır. İran dövləti o cür edib, ona görə də ən azı 3-4 qonşu dövlət üçün tibb paytaxtına çevrilib.
Yavaş-yavaş gəldik, çıxdıq tibbi sığorta məsələsinə. Bu, ayrıca və uzun bir söhbətin mövzusudur. Sağlıq olsun...
 

Bizə qoşulun