Suyundandır, duzundandır, bilinmir, amma bu ölkədə dünyanın dörd bir yanında olan dövlət və ittifaqların, hərəkatların, cərəyanların, təşkilatların, qrupların ciddi-ciddi tərəfdarları var.
Söhbət idmandan, musiqidən getsəydi, anlamaq olardı, deyərdik, zövq məsələsidir, məsələn, Argentina yığmasının, konkret olaraq Messinin oynadığı futbol insanlara xoş gəlir, ona görə də ona uzaqdan-uzağa azarkeşlik edirlər. Eləcə də bu münasibəti musiqi qruplarına, ayrı-ayrı məşhur musiqiçilərə şamil etmək olar.
Fəqət sərhədlərimizdən çox-çox uzaqlarda fəaliyyət göstərən ekstremist birliklərin, terror qruplaşmalarının, ayrı-ayrı dövlətlərin ölkəmizdə yaşayan insanlar tərəfindən kütləvi şəkildə, həm də qızğınlıqla dəstəklənməsi idman azarkeşliyinə, musiqi fanatlığına bənzəməz.
Bunlar heç də səbəbsiz deyil, burada zövq məsələsi rol oynamır, əksinə, bu işdə bir şövq və sövq məsələsi var.
Əgər bir azərbaycanlı okeanın o tayındakı üç qonşu dövlətdən (Kanada, ABŞ və Meksika) birini - ABŞ-ı qızğın şəkildə dəstəkləyirsə, bu işdə bir xətt var.
Əlbəttə, bu adi rəğbət də ola bilər. Tutaq ki, adam Amerikaya gedib, gəzib, görüb, bu dövlətin ab-havasından, siyasi quruluşundan, təbiətindən, cəmiyyətindən xoşu gəlib, ona görə də söhbət düşəndə ABŞ-ı tərifləyir. Ancaq bu tərifləmə, öymə, təbliğetmə aşırı xarakter alırsa, adam hər fürsətdə sinəsini qabağa verib ABŞ-ın dostuyla dost, düşməniylə düşmən olursa, bu, artıq adi rəğbətbəsləmə orbitindən çıxma deməkdir. Belə çıxır ki, adam özünü bu dövlətin vətəndaşı, onun icra strukturlarının işçisi sayır.
Deyək ki, ABŞ-ın bir sıra öyməli cəhətləri var (məsələn, daxili demokratiyası, qanunçuluğa riayəti, insanların dürüstlüyü və s.) və ona rəğbət bəsləmək mümkündür, bəs Rusiya kimi mürtəce bir ölkəni, qonşularına daima aqressiv münasibət bəsləyən, öz daxilində demokratiya və insan haqlarını boğan, ildə bir neçə dəfə sırf faşizm ovqatına köklənən dövləti necə dəstəkləmək olar?
Normalda belə olmamalıdır. Hər bir ədalətli insan bu ölkədə və onun ətrafında baş verən hadisələri düzgün qiymətləndirib adekvat reaksiya verməlidir. Ancaq tam əksini görürük. Rusiya irticaçı davranışlarını gücləndirdikcə ölkəmizin daxilindəki ruspərəstlər də fəallaşır, ötkəmləşir.
Demək ki, məsələ sadəcə gendən-genə rəğbət məsələsi deyil, ümidini, arzularını Rusiyaya bağlayanlar, ondan mədəd umanlar var.
Cənub qonşumuz İrana münasibətdə də eyni düşüncədə, hərəkətdə olanlar çoxdur. Onların tam əksəriyyəti İranı niyə dəstəklədiklərini, nəyə görə öydüklərini yaxşı bilirlər. Burada tarixi qardaşlığın, ucuz səhiyyə xidmətinin rolu azdır. Məsələ mədəd ummaq məsələsidir.
Hazırda başqa dövlətlərə, təşkilatlara ümid, rəğbət bəsləyənlərin hamısı yalan olub, İraq-Şam İslam Dövləti adlanan terrorçu-ektremist qüvvələrə rəğbət bəsləyənlər gerçək. Onların əlindən artıq İŞİD barədə informasiya yazmaq, məlumat yaymaq mümkün deyil. Mütləq söhbətə müdaxilə edir, etiraz bildirir, İŞİD-i dəstəkləyən şərhlər yazır, hədələyir, söyürlər.
Sanki İŞİD Azərbaycanın hüdudlarında fəaliyyət göstərən siyasi partiyadır və onun minlərlə azərbaycanlı üzvü var, bu partiyaya qarşı bir söz demək insanların heysiyyatıyla oynamaq, haqlarını tapdamaqdır.
Adamlar özlərinə vəzifə düzəldiblər - İŞİD-in təbliğatçısı və sözçüsü olublar. Hər gün bu işlə məşğuldurlar, saytları, qəzetləri izləyir, İŞİD-i Azərbaycan mediasından, hətta Azərbaycan dövlətindən qorumağa çalışırlar.
Tərs kimi, onların işini çətinləşdirən amillər var. İŞİD törətdiyi kütləvi qətliamlarla, kəsdiyi başlarla, müxtəlif zorakılıqlarla dünya mediasını boş qoymur, beynəlxalq ictimaiyyətə öz obrazını daha parlaq şəkildə göstərir. Bir qrup fanatik isə hesab edir ki, belə bir qanlı qruplaşmanı müdafiə etmək mümkündür.
Bütün bu davranışların daha dərin səbəbləri də var. İncələsək, günahın vətən, millət anlayışını ucuzlaşdıran, insanları ordan-burdan, kənardan ümid pəncərəsi axtarmağa vadar edənlərdə olduğunu görəcəyik. Bununla belə, heç bir xüsusat vətən xaini olmağa əsas vermir.
