Medianews.az
Ramazanda əvf - kim kimdən diləməlidir?
493 baxış

Ramazanda əvf - kim kimdən diləməlidir?

zahid yeni razmer
Biriləri mübarək Ramazan ayında da “varlı-karlıyamsa, haqlıyam” məntiqindən, allahsızlığından qalmır, heç olmasa, bir aylığa pisliklərdən pəhriz saxlamağı ağlından keçirmir. Məmmədovlar ailəsinin qəzetimizə qarşı ikinci cəbhə açmasına, yeni qərəz püskürməsinə ayrı ad tapmaq olmur.
Öz aləmlərində guya “pazı pazla çıxarmağa” ümid edirlər. Fərahim İlqaroğlunun cinayət işini ört-basdır edib arxa plana keçirməyə, məsələni “yedikləri rəhmətlik ayının” (Rauf Arifoğlu) dosyesi ilə unutduracaqlarını güman edirlər.
Amma bir azca ədalət hissləri qalsaydı, vicdanları yanmasaydı, Allahdan qorxsaydılar, heç olmasa orucluq ayında dillərini dinc qoyar, şər atmaz, küfr danışmazdılar. Ən azından susardılar. Biz hələ bu pak ayda etirafların vacibliyini demirik.
Necə olur, Fərahimi döymək sifarişini yerinə yetirənin ailəsi, valideynləri ondan bir neçə dəfə səmimi şəkildə üzr istəyir, bağışlamaq xahiş edir, ancaq sifarişçidən, onun yiyələrindən səs çıxmır? Nəinki səs çıxmır, tam əksinə, az qala Fərahimin, “Yeni Müsavat”ın Məmmədovlardan əfv, üzr diləməsini tələb edirlər. Arsızlığın hədd-hüdudu yox imiş.
Əslində başdan-ayağa korrupsiyaya bulaşmış məmur tayfasından, onların yaxın çevrəsindən mərhəmət, insaf-mürüvvət ummaq absurd olardı. Onlarda insaf olsaydı, Allahdan, bu dünyanın və axirətin cəzasından, Haqq divanından qorxsaydılar, millətin sərvətlərini, büdcəsini dədə malı kimi talamazdılar ki.
Halal, təmiz yaşamaq, haram göz dikməmək, heç kəsin haqqını yeməmək şübhəsiz, imandandır. Oğrunun imanı ola bilməz. İmansızdan da ki, nə desən gözləmək olar. Qəti şübhə yox, Azərbaycanın və onun toplumunun bugünkü ağır duruma düşməsi müstəsna olaraq imansızlıq probleminə bağlıdır. Zira, iman olan yerdə zülm-zillət, saxtakarlıq, riyakarlıq, yaltaqlıq (bu da rüşvətin bir forması sayılır), həqiqətin təhrifi istisnadır.
Axtarsan hakimiyyətdəki “hacıların” sayı bütövlükdə cəmiyyətdəkindən bəlkə də çoxdur. Eşitdiyimizə görə, rüşvət nazirlərindən bəziləri hətta namaz qılır, oruc tutur. Allah hidayət eləsin. Ancaq “bu, nə pəhriz, bu nə turşu?” Bəs peyğəmbər əfəndimizin (ə) xəbərdarlığı necə olsun? Buyurub ki, “Bir çox insanın namazından əyilib-durmaq, orucundan isə quru aclıq qalar”.
Əlbəttə ki, halal və dürüst yaşamaq asan deyil. Bundan ötrü təkcə doğmalarına, yaxın çevrənə deyil, hamıya, cəmiyyətə qarşı ədalətli, dürüst olmalısan, heç kimim haqqını yeməməlisən. Əks halda, gerçəkdən də orucundan quru pəhriz, namazından isə gimnastika qalar.
Hələ biz haqq naminə məhrumiyyətlərə (vəzifəni, rahat həyatı, həyatın özünü itirməyə) hazır olmağı demirik. Söz gəlişi, bu günlərdə İranda tanınmış ayətullalardan biri Məhəmməd Gilani dünyasını dəyişib. Bu şəxs vaxtilə İran İnqilab Məhkəməsinin sədri olarkən iki oğlunu terrorçu hərəkətlərinə görə eyni gündə edama məhkum edən hökm çıxarmaqla tarixə düşüb.
Demirik ki, Məmmədovlardan da kimsə illərdir haqq basdıqları, xalqa pislik etdikləri, haram yedikləri üçün xarakiri eləsinlər, Fərahimi vəhşicəsinə döydürən eyni soyadlı şəxsi dar ağacından assınlar - ərz etdik artıq bundan ötrü güclü iman yiyəsi olmaq gərək, - ancaq barı şər işlərlə məşğul olduqlarını etiraf edib də bir azca sussunlar, böyük günahlardan çəkinsinlər, zərərçəkmişdən əfv diləməyə cəhd göstərsinlər. Ən əsası, fürsətkən, Allahın tövbə qapıları mübarək ayda taybatay açıq ikən özlərinə güzgüdə bir də baxıb tövbəyə gəlsinlər. Dərk və görk eləsinlər ki, bu dünyada ayı əti kimi hər şey pulla alınıb satılmır.
P.S. Yazı hazırlanarkən xəbər gəldi ki, daha bir NİDA-çı əfv ərizəsi yazıb. Daha doğrusu, yazdırıblar. Nə boyda günah! Eyni məsələdi. Bu ölkədə haqla haqsızlığın ünvanı səhv salındıqca haqsızlıq, zülm azalmayacaq...

Bizə qoşulun