Medianews.az
Şər zolağı - İraqdan Ukraynayadək...
492 baxış

Şər zolağı - İraqdan Ukraynayadək...

zahid yeni razmer
Dünyanın işinə bax, bir yanında xristianlar, o biri yanında isə müsəlmanlar bir-birinə qənim kəsilib. Ukrayna, Yaxın Şərq, İraq, Suriya... XXI əsrdə insanlığın faciəsinin yaşandığı əsas ünvanlar bu günə bunlardır.
Hələ ki qanlı prosesləri durdurmağa beynəlxalq birliyin gücü, qüdrəti çatmır. Edilən səylər isə olduqca yetərsizdir. Ona görə ki, “beynəlxalq birlik” mücərrəd anlayışdır və əslində beynəlxalq təşkilatlarsız o heç nəyə qadir deyil. Beynəlxalq təşkilatlar - BMT və onun mühüm qurumu olan Beynəlxalq Tribunal, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı isə əfsus ki, daha çox formal, adı olub özü olmayan qurumlardır.
Artıq bununla neçənci dəfə sübut olunur ki, bəşəriyyət üçün kritik dönəmlərdə, qlobal böhranlarda bu təşkilatlar həlledici söz sahibliyinə malik deyillər. Olsa-olsa, yalnız iri dövlətlərin əlində vasitə rolundadırlar. Yoxsa ki, nə Ukraynada terrorçu-separatçılar, nə də Suriyada, İraqda “müsəlman” baş kəsənlər belə sərbəst şəkildə at oynada bilməzdilər, qısa zamanda cilovlanardılar.
Dünyanın düzəni pozulub. Bunun digər mühüm səbəbi beynəlxalq hüquq sisteminin, beynəlxalq hüququn özünün böhrana girməsidir; fövqəlgüclərin dünyanın təzədən bölüşdürülməsinə yönəlik cəhdləridir. Yaşanan tükürpədici faciələr, günahsız uşaqların, qocaların, qadınların axıdılan qanları bu mənada həm də hadisələrdən sırf siyasi maraqlar güdənlərin vicdanındadır.
Əlbəttə ki, İŞİD-in İslam adına törətdiyi, mübarək Ramazan ayında belə ara verməyən vəhşilikləri, bəşəri cinayətləri ilə Ukraynadakı separatçıların zorakılıqları bir araya sığmaz. İnsaf yaxşı şeydir. Ancaq bu hadisələri ümumi bir cəhət birləşdirir - şərin xeyrə qarşı ayaq açması, yürüməsi, haqqın küncə sıxışdırılması.
Təbii, şərə qarşı xeyir həmişə toparlanıb və yenə də toparlanacaq. Bu imperativdir. Ancaq sivil dünya olaylara nəhayət, adekvat mövqe ortaya qoymayınca, beynəlxalq təşkilatlar, ələlxüsus BMT, onun Təhlükəsizlik Şurasının 5 əsas dövləti seyrçi yanaşmanı dayandırıb real hərəkətə keçməyincə hələ “xəmir çox su aparacaq”, qurbanların sayı azalmayacaq.
Bu yerdə adı təmtəraqlı səslənən İslam Əməkdaşlıq Təşkilatının dişsiz mövqeyini xüsusi qeyd eləmək lazım gəlir. Qəribədir, on minlərlə müsəlman, özü də mülki şəxs qətlə yetirilib, terrorçu qruplaşmanın vəhşilikləri, islamı gözdən salan hərəkətləri günbəgün artır, islam adına edilməyən əxlaqsızlıq, həyasızlıq qalmayıb, ancaq heç olmasa müsəlman dövlətlərini birləşdirən əsas qurumdan səs çıxmır. O zaman bu təşkilat niyə, nə və kimim üçün yaradılıb? Hanı onun baş katibi? Niyə mövqe ortaya qoymur, tərəflərə çağırış eləmir, quruca bəyanat belə səsləndirmir?..
Zorakılıq asanca zorakılıq, qisas doğurur. Bineyi-qədimdən belə olub. Heç şübhəsiz, İŞİD-çilərin azğınlıqları, İslam adına imza atdıqları iyrəncliklər qarşılarına mütləq çıxacaq, cavablarını bumeranq effektli ilə, artıqlaması ilə alacaqlar - qrup-qrup, tək-tək. Heç kim də onlara qondarma “xilafət dövləti” yaratmağa imkan verəsi deyil. Özlərini yormasınlar. Onlardan sadəcə, böyük maraqlar naminə əməllicə istifadə olunacaq, vəssalam. Necə ki, istifadə edirlər. Kimlər? Hamıya aydındır. Ancaq arada qanı axıdılan bu dəfə qarşı tərəfin qisas qurbanları olacaq.
Rusiya amilini isə xüsusi qabartmağın yeri var. Məsələ ondadır ki, Kreml Bəşər Əsəd rejiminin siyasi səhnədən vaxtında uzaqlaşdırılmasına mane olmasaydı, bu gün İŞİD indiki imkan və gücdə olmayacaq, İraq ərazisinə, türk yurdlarına, Mosula, Allah bilir daha haralara ayaq açmayacaqdı. Ən azı ona görə ki, təzə hakimiyyət onların əl-qol açmasına imkan verməyəcəkdi.
İraqdan Ukraynayadək uzanan qanlı zolağın bir ortaq xüsusiyyəti də zatən, budur - daima şərin qulluğunda olan rus faktorunun mövcudluğu...

Bizə qoşulun