Medianews.az
Nifaq toxumu səpənlər
521 baxış

Nifaq toxumu səpənlər

xalid kazimli kose 1
Ölkəmizdə körüklənməkdə olan məzhəb qarşıdurması ilə bağlı narahatlıqlar təbiidir. Belə bir təhlükə gerçəkdən də mövcuddur.
Birincisi, ortalığı qarışdırmaq istəyənlər göz önündədir və onların xarici himayədarlarının olması da sirr deyil.
İkincisi, bu sayaq qarşıdurmanın tarixi kökləri var və o qədim dövrlərə dayanır. Hiss olunur ki, icmalar arxaik nifaqları unudub irəliyə, gələcəyə baxmaq səviyyəsinə çatmayıblar, tərəflər tez-tez tarixə ekskurs etməyə və 500, 1000, 1400 il əvvəl yol verilmiş ədalətsizliyə dair ayırdetmə proseduru başlatmağa hazırdırlar.
Üçüncüsü, beynəlxalq vəziyyət elədir ki, regionumuzda baş verən hadisələr istər-istəməz ölkəmizə də inikas edir və insan kütlələrini həyəcanlandırır. Bəzən ayrı-ayrı qruplar hansı dövlətdə yaşadıqlarını, öz dövlətinin qayda-qanunlarını unudaraq, başqa dövlətlərin daxilində gedən hərbi, siyasi, dini münaqişələrdə tərəf tutmağa meyllənirlər.
Bizim öz dövlətimizin dərd-səri, problemləri isə başdan aşır, özümüzə yeni cəbhə-cinah açmasaq da olar.
Ancaq bu xüsusda ürəkaçan bir durum da var. O da əhalinin mütləq əksəriyyətinin məzhəb, sekta mübahisələrinə qoşulmaması, qarışmamasıdır. Dini təfriqə salmaq istəyənlər bir ovucdurlar. Hətta ölkəmizdəki möminlərin, ibadət edənlərin əksəriyyəti də gərgin anlarda ağıl-kamal nümayiş etdirməyin, hisslərə qapılmamağın tərəfdarıdır.
Başqa sözlə, təbii şəraitə qalsa, bu ölkədə məzhəblər arasında nifaq toxumunun cücərməsi mümkün deyil. Əhali etina etməyəcək, möminlərin çoxu pasifist mövqe tutacaq.
Yetər ki, dövlət orqanları öz işlərində ayıq-sayıq olsunlar, situasiyaya nəzarəti əldən verməsinlər, meydanı təfriqəçilərə buraxmasınlar.
Bir sıra qaragüruhçu dairələr var ki, vaxtaşırı dövlətin nəbzini yoxlayır, araqarışdırıcı, hədələyici bəyanatlarla çıxış edirlər. Onlar öz cavablarını vaxtında və sərt şəkildə almasalar, bir sonrakı addımları daha radikal ola bilər.
Ancaq açıq-aşkar hiss olunur ki, ortalığı qarışdırmaq istəyənlər dərhal nəzarətə götürülür. Onlara qarşı aparılan pofilaktik tədbirlər ləngimədən nəticə verir və dünən qisasdan danışan, dövlətə vaxt verən adamlar dönüb multukulturalizmdən, tolerantlıqdan bəhs edirlər.
Demək, başqalarını hədələyənin özünü babat hədələyəndə hansı ölkədə yaşadığını, başına nələr gələ biləcəyini başa düşür.
Bu coğrafiyada başqa cür mümkün deyil. Hələ sovet vaxtında da beləydi. Öz ateist baxışlarıyla məşhur olan kompartiya hakimiyyətinin din siyasəti əslində o qədər də aqressiv olmasa da, qətiyyətli idi. İnsanlar o qədər təmtəraqla olmasa da, dini mərasimlər təşkil edir, ibadət yerlərində toplaşırdılar. Fəqət heç kəsə dini dövlətin işinə qarışdırmağa, başqa dinlərə və məzhəblərə qarşı nifrət aşılayan təbliğat aparmağa icazə verilmirdi. Bu, o dövrün cinayət qanunvericiliyində də nəzərdə tutulmuşdu. Uzun illər ərzində sünni-şiə, müsəlman-xristian söhbətləri üzərinə qoyulmuş yasaq elə bir vəziyyət yaratmışdı ki, artıq çoxları “insan insandır, nə fərqi var, kimin dini, məzhəbi nədir” deyəcək səviyyəyə çatmışdılar.
SSRİ-nin dağılmasıyla çox şeylər dağıldı, milli özünüdərk prosesi ilə yanaşı, dini mənsubiyyət faktoru da ön plana çıxdı. O vaxta qədər sərt qanunlarla və inzibati üsullarla tənzimlənən din sektoru birdən-birə azadlıq əldə etdi və öz təsir dairəsini xeyli artırdı.
Beləcə, bir zamanlar dindar və ateist insanların arasında fərq qoyulmayan ölkədə hazırda məzhəb fərqini dərinləşdirməyə çalışan, “bizdən olanlar” və “bizdən olmayanlar” ayrı-seçkiliyi aparmaq istəyənlər var.
Hakimiyyət strukturları bir qədər boş tərpənsələr, regiondakı başqa ölkələrin rəsmi dövlət dini halına gəlmiş məzhəblərin ölkəmizdəki tərəfdarları bir-biriylə açıq qarşıdurmaya gedəcək və əhalinin bitərəf kəsimini qızışdıraraq onlardan dəstək ummağa, xalqı iki tirəyə bölməyə çalışacaqlar.
Bu adamları öyüd-nəsihətlə, müdrik tövsiyələrlə yollarından döndərmək, sülhə, anlaşmaya çağırmaq mümkün deyil. Çünki başqa yerdən veriləsi əmrə müntəzirdirlər. Belə adamların qarşısını yalnız dövlətin sərt qanunları ala bilər.

Bizə qoşulun