Medianews.az
Ən varlı ölkələr ən savadlı ölkələrdir
572 baxış

Ən varlı ölkələr ən savadlı ölkələrdir

xalid kazimli kose 1
Bu günlərdə populyar olmayan saytların birində heç kəsin önəm vermədiyi, amma olduqca mühüm əhəmiyyət kəsb edən bir informasiya yayılmışdı.
Xəbərdə bildirilirdi ki, Amerikanın məşhur “Wall Street” jurnalı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatına əsaslanaraq dünyanın ən savadlı ölkələrini müəyyənləşdirib.
Qeyd olunurdu ki, ən bilikli vətəndaşlara sahib olan ölkələr həm də dünyanın ən varlı ölkələridir və bu ölkələrin hər biri təhsil sahəsinə çox böyük investisiya qoyur.
Daha sonra sayt təhsil sahəsində dünyanın ən qabaqcıl 10 ölkəsinin siyahısını vermişdi. Həmin ölkələr bunlardır (sıralama reytinq cədvəli əsasında aparılıb): 1. Kanada; 2. İsrail; 3. Yaponiya; 4. Amerika Birləşmiş Ştatları; 5. Yeni Zelandiya; 6. Cənubi Koreya; 7. Norveç; 8. Böyük Britaniya.
Göründüyü kimi, bu ölkələrin sırasında təhsili, qədim mədəniyyəti və bir çox başqa məziyyəti ilə öyünən ölkələr (Almaniya, Fransa, İspaniya, İtaliya, Rusiya, Türkiyə) yoxdur. Heç Azərbaycan da dünyanın savadlı əhaliyə malik ölkələrinin sırasında deyil.
Maraqlıdır ki, dünyanın ən savadlı ölkələrinin siyahısında 3-cü olan Yaponiya və 6-cı olan Cənubi Koreyanın təhsil və elm sahəsindəki nailiyyətləri əsasən son 50 ildə qazanılıb. O biri ölkələr isə tarixən elm və təhsil mərkəzləri olublar.
Bu xəbərdən çıxarılan nəticə göz önündədir: hansı ölkə təhsilə daha çox diqqət və büdcə ayırır, qayğı göstərir, önəm verir, o, mütləq nailiyyət əldə edir, digər sahələrdə də parlaq nəticələr göstərir.
Ən elmli ölkələrin ən varlı və yüksək rifahlı ölkələr olmasının sirri bundadır. Bu ölkələrin bir çoxunun (Norveç, ABŞ istisna olmaqla) zəngin təbii sərvətləri (xüsusilə də karbohidrogen ehtiyatları) yoxdur və dövlət büdcələri xammal ixracatından gələn milyardlar üzərində formalaşmır.
Bu ölkələrdə başlıca sərvət bilikli, elmli insan resursudur. Məsələn, İsrail, Yaponiya və Cənubi Koreya dünya iqtisadiyyatında və siyasətindəki hegemon mövqelərini sırf intellektual potensiallarını gerçəkləşdirmək hesabına qazanıblar.
Müasir dünyanın konyukturası göstərir ki, elmi potensialı böyük olan ölkələr təkcə əhalisinin rifahına, firavanlığına görə üstün deyillər, həm də ölkənin təhlükəsizliyi baxımından əlverişli mövqedədirlər.
İsrail hələ 50 il öncədən öz alimlərinin ixtirası hesabına əldə etdiyi silahlara (o cümlədən hələ də etiraf etmədiyi nüvə silahına) malik olmasaydı, çox əlverişsiz bir coğrafi məkanda yerləşdiyi üçün dövlət olaraq sıradan çıxardı.
Hazırda dünyanın 150-dən artıq ölkəsinə milyardlarla borc verən Yaponiya öz əhalisini dolandırmaq üçün iti beyindən, intəhasız zəkadan başqa heç nəyə malik deyil.
Adı yuxarıda göstərilən siyahıda ön yerlərdə olmayan Çin də öz milyard yarımlıq əhalisini yalnız parlaq zəka hesabına dolandıra bilir.
Bu saat hamının gözü Braziliyadadır, hamı onu futbol ölkəsi hesab edir. Futbolu icad edən İngiltərə isə Kembrici, Oksfordu və sair yüzlərlə prestijli universiteti ilə tanınır. Futbolu icad edənlərin varisləri – müasir ingilis cocuqları öz xüsusi telekanalınaa, qəzetinə, saytlarına, zəngin kitabxanalarına, ən müasir avadanlıqlara malik orta məktəblərdə oxuduqları halda, onların braziliyalı yaşıdları qumlu çimərliklərdə, tos-torpaqlı küçələrdə top qovur, futbol vasitəsilə dünyaya açılmaq istəyirlər. Bu isə onların mində birinə qismət olur.
Təəssüf ki, adı çəkilən reytinq cədvəlində ölkəmizin yeri dəqiqliyi ilə məlum deyil. Bilinən odur ki, biz bu xüsusda öyünə biləsi yerlərdə deyilik. Təhsilimiz göz önündədir.
Burada yeganə ürəkaçan fakt 22 ildən bəridir ki, məzunların biliyinin test üsulu ilə dürüstcə qiymətləndirilməsidir. Yoxsa hamı gənclərin imtahana çıxardıqları biliyi harada, necə, nəyin hesabına qazandıqları heç kəsə sirr deyil.
“Bunker müəllimləri”nin və digər repetitorların verdiyi bilik hesabına uzağa getmək olmaz. Təhsilə fundamental qayğı, sərmayə qoymaq, dünyanın gerçəkdən də savadlı ölkələrindən biri olmaq lazımdır. Ölkəmizin sakinlərində elmə ciddi maraq, bilik toplamağa əla qabiliyyət var, onu intellektual potensiala çevirmək üçün təhsilin səviyyəsini adları çəkilən ölkələrin standartlarına yaxınlaşdırmaq zəruridir və mümkündür.

Bizə qoşulun