Medianews.az
Soyğunu durdurun!
445 baxış

Soyğunu durdurun!

xalid kazimli kose 1
Hüquq-mühafizə orqanlarının rəhbərlərinə ünvanladığım bu məktubu ona görə yazmıram ki, DYP-nin nəzdində fəaliyyət göstərən təxliyyə xidmətinin əməkdaşlarının hərəkəti nəticəsində iki gün ard-arda maddi ziyana düşmüşəm. Bu, o qədər də böyük məbləğ deyil, hərçənd qazancına haram qəpik qarışdırmayan vətəndaşlar üçün az vəsait də sayılmaz.
Əsas odur ki, bu, ictimai əhəmiyyət kəsb edən məsələdir, hər gün yüzlərlə, hər ay minlərlə insanı əhatə edir. Bizim peşə borcumuz tələb edir ki, bu problem barədə təkcə mediada yazmaqla kifayətlənməyək, problemi birbaşa onu həll edəcək şəxslərin də nəzərinə yetirək.
Çalışdığım qəzetin 08.06.2014 tarixli sayında dərc etdirdiyim “Evakuatorla soyğun” başlıqlı yazıda (həmin reportaj ölkənin ən populyar saytlarında - qafqazino.az, virtualaz.org,  medianews.az, azerfax.az, aktual.az, avropa.info, publika.az, aznews.az, qaynar.info, interpress.az, haftaiçi.az, azadsoz.com, azxeber.com, azinform.az, musavat.com və başqalarında dərc olunub) göstərdiyim kimi, şəxsən özüm hər iki halda DYP-nin təxliyyəçilərinin yol verdikləri qanunsuzluğa məruz qalmışam, ancaq özümdən başqa da onlarla vətəndaşın bənzər davranışla üzləşdiyinin şahidi olmuşam.
DYP əməkdaşları avtomobilləri qanunla nəzərdə tutulmayan yerlərdən olduğu kimi, icazə verilən yerlərdən də aparırlar. Onlar bunu heç bir anons etmədən, səssis-səmirsiz, avtomobilə gecə qaranlığında oğurluğa gedirmiş kimi yaxınlaşaraq, həyata keçirirlər. Məsələn, mənim avtomobilimi dayandığım yerin 18 addımlığından (gedib yenidən addımlayıb ölçmüşəm) elə apardılar ki, xəbərim də olmadı. Həm də həmin yerdə maşın saxlamağı qadağan edən heç bir nişan və ya xətt yox idi. Bu üzdən idi ki, orada sırayla onlarla maşın saxlanmışdı.
Cərimə meydançaları obrazlı desək, “sağım aqreqatları” kimi işləyir, hər dəqiqə sürücülər öz qaçırılmış maşınlarının arxasınca gəlir, nağd ödənişlər (qəbzsiz-filansız) edərək, avtomobillərini götürür, sürüb gedirlər. Eşitdiyimə və şəxsən müşahidə etdiyimə görə, bu məsələdə rayonların icra hakimiyyətləri də xüsusi rol oynayır. Onlar cərimə meydançalarında çalışan DYP əməkdaşlarının yanına öz mülki işçilərini yerləşdirərək, meydançaya girib-çıxan maşınların qeydiyyatını və toplanan vəsaitin haqq-hesabını aparırlar.
Bu, o deməkdir ki, vətəndaşlardan toplanılan pul vəsaiti dövlət büdcəsindən də yayındırılır. Sanki bu cərimə meydançaları mənfəətli bir iaşə-xidmət-ticarət obyektidir və məqsəd insanları daha çox soymaq, talamaqdır. Burada işləyənləri yol hərəkətinin və ya parkinq qaydalarının pozulması maraqlandırmır, əsas niyyət maşınları oğurlamaq, girov götürmək və sonra onları sahiblərinə qaytararaq pul qopartmaqdır. Belə olmasaydı, yolları açıq-aşkar kəsən, daraldan və təxliyyəni haqq edən bahalı maşınlar da cərimə meydançasına aparılardı. Ancaq onlara dəyən yoxdur, hədəf vəzifəsi olmayan, ancaq cərimə ödəməyə pulu çatan təbəqədir.
İnsanların düşdüyü maddi ziyan bir tərəfə dursun, nə qədər sürücü qayıdıb maşınını saxladığı yerdə görməyəndə əsəb sarsıntısı keçirir. Qucağında xəstə övladıyla xəstəxanadan çıxan valideyn saxladığı maşını tapmayanda bilmir ki, uşağını neyləsin, evə kimlə göndərsin, maşınının dalınca necə getsin. Mən cərimə meydançasında olanda bir qadın sürücü avtomobilinin dalınca bir əlində ağır bazar zənbilləri, birində də 2 yaşlı körpəsi ilə gəlmişdi. Avtomobili evakuator vasitəsi ilə qaçırılmış bir sürücü isə hərəkət edə bilməyən qoca anasını cərimə meydançasının qarşısına taksidə gətirmişdi və ahıl, xəstə qadın taksidə oturaraq oğlunun öz maşınının nə vaxt meydançadan çıxaracağını gözləyirdi.
Bu kimi faktların sayını xeyli artırmaq olar. Bunlar durumun dramatikliyini nəzərə çarpdırmaq üçündür. Bu problemə nazirlik, prokurorluq səviyyəsində müdaxilə olmasa, şəhərin küçələrindən qanunsuz avtomobil təxliyyəsi absurda çatacaq.
Qoy Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, eləcə də Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu xüsusatı nəzarətə götürsün. Burada vəzifə səlahiyyətlərindən sui-istifadə, varlanmaq məqsədilə vətəndaşları talama, qanunlardan öz şəxsi mənafeyinə görə yararlanma, korrupsiya, vergidən yayınma və sair cinayətlərin tərkib hissələri var.
Dövlətin borcu vətəndaşları soyğunçuluqdan qorumaqdır. Əgər bu soyğunçuluq poqon daşıyanlar tərəfindən həyata keçirilirsə, bu, ikiqat ağır cinayətdir və cəzasız qala bilməz.
 Soyğunu durdurun!

Bizə qoşulun