Medianews.az
Nazir köhnəldi, dəyirman işə düşdü
545 baxış

Nazir köhnəldi, dəyirman işə düşdü

xalid kazimli kose 1 Ordunun rəhbərliyi az qala tamamilə dəyişib (baş qərargah rəisi Nəcməddin Sadıqov istisna olmaqla), amma orduda vəziyyət dəyişməyib. Yenə bəd xəbərlər gəlir: əsgər xidmət yoldaşını güllələyib, zabit əsgərləri döyüb, müddətdən artıq xidmət edən şəxs zabiti öldürüb, intihar halı baş verib, bir ayın əsgəri xroniki xəstəlikdən ölüb və s. Müdafiə nazirinin dəyişməsi, bir çoxlarının gözlədiyinin əksinə olaraq, lazımi effekti vermədi. Səfər Əbiyevin ordunun başından getməsindən sonra hərbçi ölümlərinin azalacağını düşünənlər yanıldılar. Zakir Həsənovun müdafiə naziri postunda Səfər Əbiyevi əvəzləməsinin effekti yalnız ilk üç ayda hiss olundu. Həmin dövrün statistikasına baxsaq, aydın olacaq ki, son 15 ildə ən az əsgər və zabitin öldüyü üç aylıq dövr məhz Həsənovun təyinatının ilk 100 günüdür. Sonra köhnə dəyirman işə düşdü və kirkirəsinin ağzına düşənləri üyüdə-üyüdə gedir. Əslində yeni müdafiə nazirinin təzə vaxtlarında hərbçi ölümlərinin azalmasından çıxış edərək itkilər məsələsini insan faktoruna bağlamaq mümkündür. Belə çıxır ki, yeni olduğu üçün qılıncının dalı da, qabağı da kəsən, istədiyi yüksək rütbəli zabiti cəzalandırmaq səlahiyyəti almış Həsənovun qorxusundan ona tabe olan ali və orta ranqlı zabitlər öz işlərinə məsuliyyətlə yanaşıblar. Heç kəs istəməyib ki, özünü gələn selin qabağına versin. Əsgərə qayğı və diqqət, nizam-intizama ciddi riayət hərbi hissələrdə ekstremal situasiya və hadisələrini yaranmasının qarşısını alır. Ancaq zabitlər bu cür ağır, xüsusi rejimdə çalışmağa vərdiş eləməyiblər. Bu, fövqəladə vəziyyət rejimidir və bütün zabitlər sövq-təbii hiss edirlər ki, uzun çəkməyəcək, yeni nazir də köhnələcək, ondan sonra həmişəki rejimdə davam etmək olar. Budur, köhnə rejim tam bərpa olunub və hərbi hissələrdəki fövqəladə vəziyyət rejimi ləğv edilib. Ona görə də hərbçi ölümləri artıb. İndi necə olsun, ordunun həmişə eyni ciddi rejimdə fəaliyyət göstərməsi üçün hər dörd-beş aydan bir müdafiə naziri dəyişməlidir, yoxsa hərbi hissələrdə ciddi nizam-intizam rejimini bütün il ərzində bərqərar etmək lazımdır? Bu durum bütün çılpaqlığı ilə ortaya çıxardı ki, ordunun onurğa sütunu - orta ranqlı zabit heyəti vərdiş etdiyi iş prinsiplərini dəyişməyincə, müdafiə naziri və onun müavinlərinin dəyişməsinin fərqi yoxdur. Bütün ordunun saat kimi işləməsindən ötrü isə NATO standartları tətbiq edilməlidir. Bu barədə çox danışılıb, çox yazılıb, fəqət xeyri olmayıb. Bu gün ordunun şəxsi heyətində səlahiyyət yiyəsi olan minlərlə zabit rus-sovet ordusundan qalma “dedovşina” ənənələrini məqbul sayır və hesab edirlər ki, əsgərləri idarə etmək üçün ən yaxşı yol budur. Çağırışçılar məsələsindəki problemlər də qalır. İmkanlı, vəzifəli şəxslərin idmançı cüssəsinə malik çağırış yaşlı oğulları hərbi xidmətdən yayındırıldığı halda kasıb-kusubun xəstə, hərbi xidmətə yararsız övladı ordu sıralarına göndərilir. Bu, sırf ona görə baş verir ki, kasıb balaları umulan rüşvət məbləğini verə bilmirlər. Bu halda onların qanuni haqqı tapdalanır və bu xidmətə yararsız gənclər bir neçə ay alışmadıqları, səhhətlərinə zidd şəraitdə xidmət keçincə ya ölürlər, ya da ölümcül halda valideynlərinin üstünə göndərilirlər. Məsələn, ötən həftə o cür bir hadisə daxili qoşunların hospitalında qeydə alınıb. Daxili qoşunların əsgəri, 18 yaşlı Məmmədov Samiq Sultan oğlu hemoragik vaskulit xəstəliyindən dünyasını dəyişib. Bu xəstəliyin nə olduğunu bilmək üçün xüsusi tibbi təhsilə malik olmağa gərək yoxdur, bilgi-məlumat axtarışı saytlarında araşdırmaq kifayətdir ki, hemoragik vaskulit xəstəliyinin bir ayın içində əmələ gəlmədiyini öyrənmək mümkün olsun. Bu, daha çox uşaq vaxtı yaranan xəstəlikdir. Deməli, Samiq Məmmədov hərbi xidmətə göndərilməzdən əvvəl də bu xəstəliyin bariz əlamətlərini daşıyıb. Buna baxmayaraq, Qusardakı həkimlər onu dirigözlü ölümə yollayıblar, onu hərbi xidmətə qəbul edənlər isə əsgər həyatına məsuliyyətsiz, biganə yanaşaraq 18 yaşlı gənci geri göndərməyiblər. Ancaq buna görə heç kim qanun qarşısında cavab verməyəcək. Sanki elə bu cür də olmalıymış. Nə qədər ki, əsgər və kiçik rütbəli zabitlərə bu sayaq münasibət davam edəcək, hərbi hissələr “ölüm düşərgəsi” olaraq qalacaq.

Bizə qoşulun