Deputat Əli Hüseynli çox oxumuş, çox gəzmiş, dünya görmüş adamdır, o boyda parlamentin neçə illik üzvüdür, əl-əlbət, bir bildiyi var, deyir, inanmıram Rusiyanın Azərbaycanda “beşinci kolonu” olsun.
Ardınca lap əminliklə deyir: “Yoxdur. Mən bu məsələni ciddi qəbul eləmirəm. Bu, mətbuatda kimlər tərəfindənsə piar kampaniyası xarakteri daşıyır. Diqqət cəlb eləmək üçün”.
Sonra isə cənab deputat sözünün canını dilə gətirir: “Rusiya ilə münasibətdə xalqlarımız arasındakı münasibətləri müsbət dəyərləndirmək lazımdır”.
Doğrusu, bu “beşinci kolon” söhbətləri xeyli vaxtdır zəhləmizi töksə də, dünənə qədər bilmirdim ki, o, mövcuddur, yoxsa mövcud deyil. Bu, təxminən naməlum uçan obyektlər (UNO) kimi bir şeydir. Minlərlə insan UNO-ları gördüyünü deyir, onlarla fotosu, videosu çəkilib, amma hələ də bəşəriyyət UNO-ların mövcudluğuna inanmır.
Əhalinin, demək olar ki, yetmiş beş faizi çiyinlərimizdə mələklərin oturduğuna, orda oturub günah və savablarımızın monitorinqini apardığına, Uca Dərgaha hesabat hazırladığına inanır, amma nə UNO-lara, nə də “beşinci kolon”un mövcudluğuna inanmır.
Bununla belə, danışdırsan, çoxu ağıllı-ağıllı deyəcək, bəs bilmirsənmi, filankəs də Rusiyanın (Kremlin, Moskvanın) sukasıdır. Adlar sayacaqlar. Bir yarısını QRU-ya, o biri yarısını FTB-yə, bir qismini də Zuqanova bağlayacaqlar. And içəcəklər ki, onlar şimaldan gələn bir himə, işarəyə bənddir, siqnal gəlsə, ayağa qalxacaqlar.
Yaxşı, bir ölkədə Rusiyaya rəğbət bəsləyən bu qədər adam varsa və onların əzəl mübtədaları “Moskva”dırsa, beynəlxalq məsələlərə dair şərhlərində bütün hallarda “Amerika əclaf, Rusiya yaxşıdır” deyirlərsə, ta “beşinci kolon” necə olur?
Dünənə qədər bir çoxları deyirdilər ki, Rusiyanın Ukraynada “beşinci kolon”u yoxdur, sadəcə, Rusiya ilə qardaşlıq münasibətinin inkişafını istəyən tərəqqipərvər qüvvələr var. Budur, iki aydır həmin “tərəqqipərvər qüvvələr” Ukraynanın cənubunu və şərqini şokoladlı tort kimi kəsib Rusiyaya bəxş ediblər.
Ancaq Əli Hüseynli deyirsə ki, bu ölkədə Rusiyanın “beşinci kolon”u yoxdur, gərək, ona inanaq. İnanaq və bir az quşqulanmaq haqqını da özümüzdə saxlayaq.
Düzdür, orası da var ki, bir sıra müxalifətçi ünsürlər Əli Hüseynlinin bu açıqlamasını şərh edərək deyəcəklər, Rusiyanın “beşinci kolon”u başqa yerdə deyil, məhz hakimiyyətdə təmsil olunur, amma xeyli adam da bunu ciddi qəbul etməyəcək, elə biləcəklər, bu, diqqət cəlb eləmək üçün mətbuatda kimlər tərəfindənsə aparılan piar kampaniyası xarakteri daşıyır.
Bu yerdə adamın yadına düşür ki, keçən il bu xüsusda Azərbaycanda necə bir haray-həşir vardı. Bu gün “Rusiyanın Azərbaycanda ”beşinci kolon"u yoxdur" deyənlər keçən il Rusiyada yaşayan milyarderləri, eləcə də onların yanına gedib-gələnləri, onlarla telefonla danışanları yıxıb-sürüyürdülər, üstlərinə elə adlar qoyurdular ki, “beşinci kolon” yarlığı onun yanında “Fəxri legion kavaleri” kimi bir şey idi.
Hamısı da deyirdi, Rusiya Azərbaycanın daxili işlərinə müdaxilə edir, Rusiya bizi kotlet kimi əzib sendviçə döndərmək, xəşil eləmək, quşbaşı-quşbaşı bölmək istəyir.
Hakimiyyət adamlarının harayına arada Qüdrət Həsənquliyevin partiyası da qoşulmuşdu. O və onun bəzi müavinləri Rusiyanın əleyhinə o qədər danışırdılar ki, məkrli Kremlin Həsənquliyevə sui-qəsd təşkil edəcəyini gözləyirdik. Hesab edirdik ki, Moskva onu Litvinenko və ya Yuşşenko kimi poloniumla, dioksinlə zəhərləyəcək. Fəqət gözləntilərimiz doğrulmadı. Beş-altı gün öncə isə məlum oldu ki, bu ölkədə varsa da, yoxsa da, bir real ruspərəst qüvvə var, o da Həsənquliyevin partiyasıdır.
O gündən bu günə qədər gerçək ruspərəstlərin əlləri üzlərində qalıb, şoka giriblər. Paytaxtda camaata “Georgiyev lenti” paylayanlar da mat qalıblar, görürlər ki, onlara, onların beşinci, ya altıncı “kolon” yaratmasına ehtiyac yoxdur, hökumət adamları özləri odekolonlanıb hazır durublar. O dey, kolon, hər şeyə amadə!
Soruşsanız ki, bəs bu cür metamorfoz dəyişməsi necə baş verdi, deyərəm, şir, canavar və tülküyə aid bir təmsil var, ovu bölməkdən bəhs edir, axırı da belə qurtarır ki, tülkü deyir, ədalətli bölgünü gözü çıxan qardaşından öyrənib.
Biz də bu cür uğurlu transformasiyanı Krımı, Donetski, Luqanskı əldən çıxan Ukraynadan öyrənmişik, deyəsən.
