Medianews.az
Kələfin çözülməsi, Aynarın dolaşması
531 baxış

Kələfin çözülməsi, Aynarın dolaşması

samir sari kose 1
Lap başdan başlayaq. Fərahimin döyülməsi xəbərini ilk alanda verdiyimiz reaksiya belə oldu: “Yəqin yolda hansısa sürücü ilə ağızlaşıb, dalaşıb”. Belə şeylər olur axı. Sürücülər yaxşı bilər. Hər gün azı 3-4 yerdə davaya düşə bilərsən. Biri yolun ortasında saxlayıb yol vermir (əsasən avtobus sürücüləri), biri qırmızı işıq yana-yana siqnallayıb yol istəyir, o biri qarşında səkkiz yazır, başqası kəskin sıçrayışla yoluna çıxır və s. Bu kimi hadisələrin hamısında davaya düşmək mümkündür. Tərəflərdən biri (yaxud ikisi də) cırtqozluq elədisə, dava qaçılmazdır.
Ona görə də Fərahimin döyülməsi xəbəri gələndə ağlımıza birinci yol əhvalatı gəldi. Sonra məlum oldu ki, dava yolda olmayıb, jurnalistin yaşadığı binanın həyətində, blokunun ağzında olub. Yenə də dedik, yəqin dava parkinq üstə olub. Olur axı, bir qonşu o birinə deyir ki, niyə maşınını mənim yerimdə saxlamısan. Sanki dədəsi 1960-cı ildə bu yeri sırf nəvəsinin maşın salması üçün hamarlatdırıb.
Ancaq bir-iki dəqiqə sonra aydınlaşdı ki, əslində deyilən yerdə dava olmayıb. Yəni əməkdaşımız heç kəslə dalaşmayıb, sadəcə, nəfəs almasına imkan vermədən, onu amansızcasına döyüblər. Birtərəfli şəkildə.
Bax, bu yerdə məsələ qarışdı. Yekə bir “görəsən, nə üstdə” sualı yarandı. Allah tərəfi, xəbərdən xəbərdar olan əməkdaşlarımızın heç biri əvvəlcə “peşə fəaliyyəti” versiyasını yaxın buraxmadı. Onun cavanlığını və yar-yaraşığını nəzərə alaraq, “ola bilər, qız üstdə” versiyası səsləndirənlər də oldu, diplomatik şəkildə “Allah bilir” deyənlər də.
Sonra məlum oldu ki, döyülmə aktının videosu var. Həmin video bizim gümanlarımızın bəzilərinin təpəsinə daş saldı. Jurnalistə qarşı yol verilən amansızlığın şiddəti (xüsusilə də onun başına vurulan altı təpik) göstərirdi ki, burada quramadan söhbət gedə bilməz.
Amma “qız üstdə” versiyası hələ salamat qalırdı. Onu da Fərahimlə görüşən kimi özüm üçün aydınlaşdırdım, dedim, qaqa, gəl, sən səmimi ol, birdən ortada qadın faktoru olar, bilmərik. Fərahim səmimi oldu, heç and içməyinə də ehtiyac olmadı, bildik ki, məsələ nədirsə, başqa şey üstdədir.
Yeni çoxlu versiyalar səsləndi. Arada şübhələndik ki, əməkdaşımızı Xətai rayonunun rəhbərliyi döydürüb, çünki Fərahim son vədələr ordan beş-altı reportaj yazıb.
Bu versiyanın üzərində çalışmalara başlayan əsnada ağlımıza gəldi ki, bu hadisəni üç gün əvvəl Fərahimin maşınını vurub qaçan “avtoş” da edə bilər. Ancaq Fərahim dedi ki, yox, onunla məsələni salam-səfa ilə həll etmişik, onluq deyil.
Beləcə, qaldıq fikirləşə-fikirləşə.
Amma təsadüfə baxın, həmin gün keçmiş əməkdaşlarımızdan olan, hazırda başqa bir saytda işləyən və deputat Elton Məmmədovun oğlu Aynarın “avtoş”luğundan silsilə yazılar verən həmkarım gmail.com saytında mənə mesaj yazaraq soruşdu ki, Fərahimin döyülməsini əks etdirən şəkillər realdır, yoxsa kollaj-zaddır. Yazdım ki, real şəkildir. O, soruşdu ki, bəs onu kim döydürüb. Mən də sırf zarafatla onu qorxutmaq üçün yazdım: “Deyirlər, Aynargilin işidir. Redaksiyaya zəng ediblər ki, avtoş məmurlardan yazanların hamısını belə edəcəyik”.
Fəqət həmkarım bu cür zarafatlarımızı bir neçə dəfə yaşadığından, bu tələyə düşmədi, gülüş işarələri qoydu, yəni zarafat elədiyini bilirəm, bir də bu cür yazdı: “Kim zəng edib? Öyrənin dəə”.
Bu əhvalatı ona görə yazıram ki, hadisə baş verən günlərdə jurnalistin döyülməsi məsələsində “Aynar versiyası” sırf zarafat, yumor predmeti idi.
Sonra Feyruz Termişi həbs edildi və o, istintaqla səmimi əməkdaşlıq edərək, jurnalistin döyülməsi barədə sifarişi Tural Bayramovdan aldığını dedi.
Daha sonra Tural Bayramovla Elton Məmmədovun uşaqlarının qol-boyun şəkli yayıldı.
Beləcə, kələf çözülə-çözülə gedib çıxdı Elton müəllimgilin həyətinə. Hətta Elton müəllim gecəylə Nizami polisinə gəlib artıq saxlanılmış Tural Bayramovu çıxartdırıb aparmasaydı, güman etmək olardı ki, Fərahimi nəyə görəsə döymək təşəbbüsü Bayramovun özünündür.
İndi hər şey bu qədər ortada və açıq-aşkar ikən bəziləri deyir ki, bu, Ziya Məmmədova qarşı düzülüb-qoşulmuş kompromatdır. Bəlkə də elədir. Amma bunu kim edibsə, Termişini Fərahimin doqqazının ağzına göndərən edib.

Bizə qoşulun