Neçə vaxtdır gömrükdən yazmırdıq ki? Yazmırdıq. Niyə yazmırdıq? Əlimizdə fakt yox idi. Niyə yox idi? Ona görə ki, gömrük-keçid məntəqələrində başlarına oyun açılanlar danışmırdılar. “Danışaram, sonra heç qoymazlar mal keçirim” deyə fikirləşir, susurdular.
Yoxsa biz də bilirik ki, bütün gömrük-keçid məntəqələrində, idarə və bölmələrində “Dəli Domrul prinsipi” hökm sürür.
“Dəli Domrul prinsipi” bilirsinizmi nədir? “Dədə Qorqud” dastanındakı Dəli Domrul quru yerdə körpü tikir, körpüdən keçənlərdən də xərac alır, keçməyənlərdən də. Gömrük Komitəsinin işçiləri də o prinsiplə işləyirlər.
Deyilə bilər ki, axı gömrükçülər keçiddən keçməyənlərdən xərac, rüsum almırlar. Bal kimi alırlar. Onlar öz xəraclarını gömrükdən mal keçirən sahibkarlardan alırlar, sahibkarlar da gəlib onu camaatdan alır.
Beləcə, bu ölkədə banan yeyən uşaqdan ta viski içən müdirə qədər hər bir istehlakçının cibinin pulu gömrükçülərdədir.
Ona görə də gömrükçülər 150-200 minlik maşında gəzəndə heç kəs “bunlar bunu hansı pulla alıblar” deyə təəccüblənmirlər. Çünki nəylə alındığını bilirlər. Fironun pulu çox olmalıdır də.
Budur, uzağa getməyək, əməkdaşımız Elşad Məmmədlinin qardaşı Gürcüstandan öz maşını üçün bir neçə ehtiyat hissə gətirdiyi yerdə Azərbaycan-Gürcüstan sərhədindəki Sınıq körpüdə, demək olar ki, girov saxlanılıb. Ondan 200 manat rüşvət istəyiblər, Şamil də fikirləşib ki, 200 manat verəcəkdisə, ta ehtiyat hissə almaq üçün Gürcüstana niyə gedirdi, elə burdaca bahalı ehtiyat hissələrdən ala bilərdi.
Vətəndaş üzləşdiyi davranışdan narazı qalaraq, gömrükçü Vüqarla haqq-hüquq söhbəti eləyəndə adam “nervilənib”, deyib, “vapşe” səni Azərbaycana buraxmıram.
Görünür, onun elə bir hüququ var. Məsələn, Xarici İşlər Nazirliyi hərdən əcnəbilərdən kimisə “persona non qrate” elan edir və ölkəyə buraxmır. Onlar da bir-iki il bilmir, amma ölkəmizə gəlmək üçün işləri düşəndə dizlərini yerə atıb yalvarırlar, Məmmədyarovun ürəyi yumşalır, təvəqqe edəni “arzuolunmaz şəxslər”in adı olan qara siyahıdan çıxarırlar.
Amma adamı öz ölkəsinə buraxmamaq hüququ bu ölkədə gömrükçü Vüqardan başqa heç kəsdə yoxdur, mən bilən. Ola bilər, ona bu eksklüziv hüququ yuxarılarda olan qohum-əqrəbası dövlət rəhbərliyindən alıb veriblər. Başqa cür ola bilməz.
Çünki iki qonşu ölkənin sərhədi arasındakı neytral zonada təxminən qəza olmuş mədənin salamat seksiyaları arasında çarəsiz qalan şaxtaçı kimi, türkün sözü, mazhur qalan Şamil öyrənib ki, gömrükçü Vüqar həmişə belə edir, növbəsi olanda xoşuna gəlməyən adamları ölkəyə buraxmır.
Araşdırsaq, məlum olsa ki, bu adam nehrəmlidir, yenə başa düşmək olar, deyərsən, ölkənin gömrük sisteminə total olaraq, nehrəmlilər nəzarət edir, nə eləsələr yeri var. Ancaq adam ölkəmizin başqa yerində dünyaya gəlibsə və buna baxmayaraq, gömrükdə bu qədər avtoritet sahibidirsə, demək, fenomenal şəxsiyyətdir, “Alqasım oğlanları” kimi bir şeydir (Məlum, “Alqasım oğlanları vor-zakondur”).
Deyilənə görə, redaktorumuzun qardaşını 6 saatlıq girovluqdan adının çəkilməsini istəməyən bir deputat şəxsi nüfuzu və əlaqələri hesabına azad elətdirib. Yoxsa, Vüqar deyirmiş, qırxdır, bir əskik deyil, 200 manat xəracımı verməsə, onu ölkəyə buraxmayacam.
Sonra da deyirlər ki, deputatların heç bir səlahiyyətləri, nüfuzları yoxdur. Yanlış qənaətmiş. Göründüyü kimi, onlardan biri sərhəddə fironluq edən gömrükçüyə söz keçirdə bilib.
İndi gözləmək olar ki, bu biabırçılıqdan sonra ölkənin Korrupsiyaya qarşı Mübarizə İdarəsi hərəkətə gələcək, gömrükdə baş verən özbaşınalıqlarla bağlı araşdırma aparacaq, konkret olaraq, gömrükçü Vüqara, heç olmasa, onu növbədə əvəz edən hansısa yetimə dair iş qaldıracaq.
Amma ola da bilər ki, yuxarılardan çağırıb Vüqara deyəcəklər, qardaşoğlu (və ya bacıoğlu) ilişəndə jurnalistlərə ilişmə, işverən şeydirlər, sən sahibkarları, alverçiləri soy, onlar soyulanda gedib demaqoqluq eləmirlər.
