Medianews.az
Kül üfürülmüş gözdən asılan pərdə
460 baxış

Kül üfürülmüş gözdən asılan pərdə

xalid kazimli kose 1   Bu yazıda mətləb üstünə gəlməzdən öncə ötən ilin fevralında sabiq deputat Gülər Əhmədovanın həbs edilməsinin ertəsi günü yazdığım məqalədən bir neçə iqtibas etmək istəyirəm:
 Yazmışdım:
“Onun həbsi də siyasi müxalifətin, medianın tələblərinə görə deyil. Bu faktora qalsa, Əhmədova heç vaxt həbs edilməyəcəkdi”.
“Onun qol qoyduğu əməl indiki hakimiyyət üçün normadır. Hamı alır, toplayır, bölür, böyük hissəsini özündən yuxarı ötürür, az bir hissəsini aşağıdakıların arasında paylayır”.
“Beş aydan sonra onun həbs edilməsi... kimlərinsə bostanına daş atması üzündən oldu.
Əvvəlcə hər şey sakit idi. Videogörüntülər yayılandan sonra G.Əhmədovanın verdiyi reaksiya parlamenti zərbə altına qoydu - onun mandatını əlindən aldılar.
Daha sonra o, hakim partiyanın ikinci şəxsini aşağıladı - partbiletini itirdi.
Arada G.Əhmədova ölkədən çıxmağa çalışdı - ev dustağı edildi".
“Kələfin çözülməsi isə mütləq daha kimlərinsə, daha böyük vəzifə tutan şəxslərin həbsi ilə bitməlidir”.
Sitatlar bu qədər. Göründüyü kimi, kələfin çözülməsi “daha böyük vəzifə tutan şəxslərin həbsi ilə” bitmədi.
Normalda elə olmalıydı. Dünyanın heç bir mədəni, demokratik ölkəsində heç bir reytinqli hakimiyyət komandası bu qalmaqaldan sıyrıla bilməzdi.
Amma YAP qurtuldu. Bunun sirri isə ölkəmizdəki ictimai-siyasi durumun anormallığındadır. Bura Belçika, Hollandiya, Danimarka, Norveç, Çexiya deyil. Bu ölkə adını saydığım və saymadığım Avropa ölkələri ilə eyni ailədə olsa da, onlarla yox, Türkiyə ilə qardaşdır.
Bildiyimiz kimi, qardaş Türkiyənin hakim partiyası da ötən il dekabrın 17-də düçar olduğu “rüşvət və korrupsiya qalmaqalı”ndan uğurla sıyrıldı və hazırda onu korrupsiyada siçlayanları böhtançılıqda suçlayır.
Bu variant gözlənilirdi. Gülər Əhmədova məhkəmədə olduqca yüngül cəza alanda hamı bilirdi ki, o, məhbəsdə çox qalmayacaq, bir ilinin tamamında azadlığa çıxacaq.
Elə də oldu. İndi bu gözlənilən hadisə ona görə ajiotaj doğurur ki, mövcud rejimin yeritdiyi ayrı-seçkilik siyasətinin bariz nümunəsidir.
Aydın olur ki, bu hakimiyyət məhbəsdə onlarla günahsız, heç bir cinayət törətməmiş siyasi məhbusa cəza çəkdirdiyi bir vaxtda ağır dövləti cinayətə görə mühakimə etdiyi adamı asanlıqla azadlığa buraxa bilir və ictimai rəydən çəkinmir.
Əslində ən adi məmurundan tutmuş ən varlı oliqarxına qədər minlərlə məmurun korrupsiya bataqlığında timsah kimi qaynaşdığı ölkədə seçib-seçib azyaşlı övladı olan bir qadını həbsə almaq ədalətsizlik idi.
Ötən il yazmışdıq, yenə təkrar edək: G.Əhmədova bu ölkədə həbs olunası məmurların ilk minliyinə belə düşmür.  Ondan əvvəl qoluna qandal geydiriləsi nazirlər, deputatlar, İH başçıları, polis rəisləri, prokurorlar, hakimlər, dövlət konserni, şirkəti, agentliyi rəhbərləri var.
Onları qoyub bir zavallı qadını həbs etmək absurd idi. Elə çıxırdı ki, onların hamısı mələk kimi məsumdurlar, bir Əhmədova həbsə layiq əməllər törədib.
Gerçəklik isə beləydi: onlar tutulmadıqları üçün xandan, bəydən doğru oğrulardır, G.Əhmədovanın əleyhinə isə videokasetlər vardı.
Budur, hakimiyyət komandası məcbur qalaraq məhbəsə saldığı sabiq üzvünə dair “ədalət”i bərpa etdi. Son il yarımda gedən proseslərin gözdən pərdə asmaqdan, gözə kül üfürməkdən başqa bir şey olmadığı aydınlaşdı.
YAP komandasının on minlərlə bənzər üslubda çalışan üzvünün birinin azadlıqda olması ictimaiyyəti narahat edən məsələ deyil. Hazırda insanları qayğılandıran odur ki, maşınla adam öldürənlər azadlıqda gəzdiyi halda, avtomobilinin yüngülcə toxunduğu adama görə türmədə yatan vəkil var, çayxanada davaya çəkilib şərlənən müşavir var, hadisə baş verəndən sonra rayona gedən və iğtişaş törətməkdə suçlanaraq həbs edilən siyasi xadimlər var, dürüst seçki monitorinqi apardığı üçün dolaşdırılan QHT sədri var, ictimai-siyasi fəaliyyətinə görə qandallanan jurnalistlər var və s.
Buraxılırsa, onlar da buraxılmalıdır. Tutulmalıdırsa, hamı tutulmalıdır - bütün rüşvətxorlar, bütün əliəyrilər, bütün xainlər, bütün canilər...

Bizə qoşulun