Medianews.az
Azadlıq sərmayəsi
514 baxış

Azadlıq sərmayəsi

zamin yeni raz
Dünən NİDA Vətəndaş Hərəkatının məhkəməsində gənclərin oxuduğu ümumi son sözün – yeri gəlmişkən, bu birlik nümayişi də yanılmıramsa tariximizdə ilk dəfədir və gənclərin gücünü göstərir – bir kiçik hissəsini yazımda təkrarən verirəm. Çünki möhtəşəm sözlərdir, həm başa düşənlər, həm düşməyənlər üçün ibrət dərsidir:
“...Vicdanınızı  bir az sakitləşdirmək, sizə təsəlli vermək üçün bildiririk ki, barəmizdə verəcəyiniz hökmlə ömrümüzdən alacağınız illər heçə getmir, Azərbaycanın azadlığı üçün sərmayə olaraq yatırılır. Yəni siz də anti-qəhrəman kimi olsa da, bu ölkə üçün nələrsə edirsiniz.
Biz bu yola başlayanda azadlıq kapitalı olacağımızı nəzərə almışıq. İndi biz ünvanımıza atılan böhtanlara, düşünmədiyimiz və törətmədiyimiz əməllərə görə peşman ola bilərikmi?!”
Neçə illərdir mən siyasi və vicdan məhbusları mövzusunda düşünəndə bunun mənasını anlamağa çalışırdım. Doğrudanmı bu mübariz insanların zəhməti hədər gedir? Bəlkə ən yaxşısı elə biz hamımız şərə boyun əyək, yalan danışaq, yaltaqlıq eləyək, günümüzü yola verək, rejim də daha artıq qızışmasın, dişlərini qıcamasın? Terminologiya çox vacibdir, bu anlamda NİDA gənclərinin son sözü mənə mübarizənin adını tapmaqda kömək etdi. Bəli, söhbət məhz Azərbaycanın azadlığı üçün sərmayədən gedir. Bu sərmayə bata bilməz, müstəqillik və azadlıq qalası bu mübariz insanların qoyduğu kərpiclər üzərində qurulur. Ümumi son sözün mətnini oxuyan Rəşadət Axundovun səsindəki özünə inam, arxayınçılıq, rahatlıq da bundan xəbər verirdi. Azad insan nə qədər böyük və gözəldir, qəfəs arxasında belə o, saraylarda yaşayan var-dövlət hərislərindən min dəfə azaddır, xoşbəxtdir!
Ağır cinayətlər məhkəməsində başqa bir prosesə də qatıldıq. Azadlıq sərmayəçilərindən Adnan Hacızadə bu günlərdə facebook sosial şəbəkəsində yaxşı status yazmışdı, məzmunu təxminən belə idi ki, indi ağır cinayətlər məhkəməsinə günün hansı saatında getsən orda mütləq hansısa siyasi məhbusun, vicdan məhbusunun üzərində proses qurulduğunu görərsən. Doğrudan da belədir. NİDA-çıların məhkəməsi bitir, Pərviz Həşimlinin məhkəməsi başlayır, o bitməmiş Anar Məmmədli üzərində proses gedir, bir zalda Ömər Məmmədovun məhkəməsindən çıxırsan, görürsən Əbdül Əbilovu mühakimə edirlər. Dayanmadan siyasi proseslər gedir, son illərdə məhkəmələr bu qədər yüklənməyib.
Dünən qatıldığım ikinci proses jurnalist Pərviz Həşimli üzərində aparılırdı. Pərviz bəy deyir ki, ona hətta silah istehsalı maddəsi də yükləmək istəyirmişlər. Zarafatla dedim ki, bəlkə sən Müdafiə Sənayesi Nazirliyinin vəzifə səlahiyyətlərini mənimsəməkdə suçlanırsan. Jurnalist iranlılardan silah almaqda suçlanır, ancaq bu silah sərhəddən necə keçib, satanları nə üçün tutmayıblar – bunlar hakimi qəti maraqlandırmır. Çünki hakim vəzifədə təzədir – dünənə qədər MTN-də işləyirmiş. O idarə ki, Həşimliyə, NİDA üzvlərinə, o cümlədən başqa gənc fəallara qarşı repressiyaların mərkəzi orqanıdır. Pərviz bəy bir maraqlı informasiya da verir: “MTN Antiterror Mərkəzinin rəhbəri Elçin Quliyevlə bədnam prokuror İbrahim Ləmbəranski dayı-bacıoğludur. Doğrusu, hansı dayıdır – yadımda qalmadı, önəmli də deyil. Maraqlısı odur ki, bir qohum şərləyib tutur, o biri də istintaqını aparır. Ailəvi mühakimə, ailəvi hakimiyyət ənənəmiz burada da pozulmamışdır.
Pərviz bəyin məhkəməsində hakimin guya qanunlara, məcəllələrə əsaslandığı haqda cümləsi isə çox ikibaşlı səsləndi: “Mənim burda heç bir sözüm özümün deyil”. Məzəli açıqlama idi...

Bizə qoşulun