Medianews.az
“Özünü döydürüb ki...”
668 baxış

“Özünü döydürüb ki...”

samir sari kose 1   Xəbəriniz oldu yəqin, Fərahim İlqaroğlu mühacirət etdi. “Etdi” deyəndə, hələ etməyib, amma edəcək, daha dəqiqi, edə bilər, etməsi gözlənilir. Özüylə hələ bu barədə danşmamışam, amma media mühitində belə danışırlar.
Eşitdiyimə görə, reportyorumuz əvvəlcə İsveçə getmək istəyirmiş, sonra eşidib ki, ora darıxdırıcı yerdir, Murad Köhnəqala da dözməyib qayıdıb, ona görə də indi Fərahim başqa ölkəyə getmək fikrindədir. Məsələn, Belçikaya. Görək, Mirzə Sakit nə məsləhət görür.
Hərçənd döyülən jurnalistlər üçün ən ideal məkan Fransadır. Neçə vaxtdır Aqil Xəlil də ordadır, bir məsləhət verə bilər.
Əslində Almaniyada yaşayan soydaşlarımız jurnalist mühacir qarşılamağa, yerbəyer etməyə daha həvəslidirlər. Gərək Almaniya mühacirət ediləsi ölkələr siyahısında ön yerlərdə olsun. O tərəfdə də Hollandiya var. Əslində muğanlı, şirvanlı (şəhər) üçün ən ideal məkan elə ot bitkilərinin hər cür istifadəsinə rüsxət verən Hollandiyadır. Orda bizimkilər çoxalsa, zamanla ölkənin adını dəyişib Hallandiya da qoymaq olar.
Bir sözlə, F.İlqaroğlu seçim qarşısındadır. Onun həmkarları əmindirlər ki, adam ölkədən getmək qərarı verib, yer seçir.
Heç demə, aprelin 25-də yaşadığı evin girəcəyində döyülməsi jurnalistin özünün ssenarisi imiş. Belə deyirlər. Hətta döyülmə aktının rejissurasını da özü qurub. Operator işini də öz avtomobilinin videoregistratoru vasitəsilə özü təşkil edib. Bir tərəf-müqabil taparaq, baş rolda da özü oynayıb. Hamısı da mühacirətə getmək üçün daşdan keçən dəlil-sübutlar əldə etməyə görə.
Danışırlar ki, döyülməmiş jurnalistlərlə müqayisədə döyülmüş, hətta bıçaqlanmış jurnalist daha asan oturum alır. Başına iş (həm də karlı iş) gələn jurnalist öz oturumunu elə Bakıdaca ala bilər. Məsələn, o vaxt Aqil Xəlil burda almışdı. Hətta səfirlər onu MTN-çilərlə dalaşa-dalaşa aeroportdan birtəhər keçirib yola salmışdılar.
Yəni ölkədən döyülüb getmək əfzəldir. Elə belə, səbəbsiz-filansız gedənlərə oturumu ya vermirlər, ya da çətin verirlər. Amma elə ki, döyülən jurnalist ortaya çoxlu fotolar, videolar qoyur, oturum verənlər inanırlar ki, adamın həyatına doğrudan da təhlükə varmış.
Bax, ona görə də media sferasında bir çoxları əmindir ki, Fərahimin başına gələn hadisələr (serial döyülmələr) boşuna deyil, bunun arxasında mütləq bir ülvi niyyət dayanır.
Lap açığı, o söhbətlərin həqiqiliyinə inanmayanlar da var. Onlar deyirlər, Fərahimin elə bir niyyəti olsaydı, bunu əvvəlki döyülməsində həyata keçirə bilərdi, özü də onda o, polis tərəfindən döyülmüşdü. Şəkilləri də vardı, videosu da. Ortada o qədər sənəd olandan sonra ikinci sənət nümunəsinə - filmə nə ehtiyac vardı.
Bir də deyirlər ki, əgər Fərahim döyülmə anında öz yerinə kaskadyor çəkdirsəydi, yenə bunun düzməcə olduğuna inanmaq olardı. Amma təsəvvür edin ki, naməlum basqınçı onu ipponluq cüdo fəndi ilə yerə çırpandan sonra başına 6 təpik vurur. Düzdür, bəzi iddialara görə, təpiklərin ümumi sayı 10-dur, amma ağır nümayiş zamanı aydın olur ki, jurnalistin sifət nahiyəsinə dəyən təpik zərbələrinin sayı 6-dan çox deyil (Digər nahiyələrə dəyən zərbələr sayılmır).
Belə olduqdan sonra hansı başıxarab mühacirətə görə başına o qədər təpiyin dəyməsinə razı olar? Yəni bu mühacirətin astarı üzündən baha olmazmı? Adama deyərlər, gedib Avropada kəllə-beyin silkələnməsin görə müalicə alacağına öz xaraba qəsəbəndə otura bilmirdinmi?
Hər halda, belə bir söhbət gedir və bu, ilk söhbət deyil. Bu cür ittihamlar mitinqdə fəallıq edən, polislə itələşən, döyülən, tutulan fəallara qarşı daima səslənir. Müdrik adamlar var, ağıllı-ağıllı deyirlər: “Onlar mühacirətə getmək üçün belə edir, şəkil çəkdirirlər”.
Amma mitinqdə şəkil çəkdirənlərin çoxu (99 faizi) elə buralardadır və heç yerə getmirlər. Şəkilləri isə görünür, gələcək nəsillərə göstərmək üçün çəkdirirlər.
Bu baxımdan Fərahimin də gələcəkdə nəvələrinə göstərmək üçün albomları, hətta videotekası var. Bir gün ağsaqqal həmkarımız balaca nəvəsi Feranı dizinin üstünə alıb deyəcək: “Bax, bu şəkli görürsənmi, qadan alım, burda babanı yerə təzə döşəyiblər”.

Bizə qoşulun