Medianews.az
Şərə öyrəşmək
494 baxış

Şərə öyrəşmək

zamin yeni raz Bu yaxınlarda deputatxana prezidentin təklifini nəzərə alaraq Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə önəmli dəyişikliklər elədi. Əgər qabaqlar dövlət bir şəxsi cinayətdə şübhəli bilib saxlayırdısa ona 2 gün ərzində ittiham elan olunmalıydı. Dəyişiklikdən sonra bu müddət 4 gün oldu. Eynilə xəta qanunvericiliyində də saxlama müddəti 1 gündən 2 günə qaldırıldı.
Ancaq cəmiyyət bu cür önəmli dəyişikliklərə heç reaksiya vermədi. Halbuki, istənilən normal, sivil dövlətdə belə dəyişikliklər günlərlə müzakirə edilərdi, arqumentlərə, əks arqumentlərə qulaq asılardı, diskussiyalar aparılardı. Çünki bir adamı polisdə ittihamsız 2 gün saxlamaqla 4 gün saxlamağın fərqini Azərbaycanda polisə işi düşənlər yaxşı bilirlər. Bəs niyə bu proses iqtidar üçün yağ kimi, cəmiyyət üçünsə susqunluqla keçdi?
Bunun çoxlu səbəbləri var. İlk növbədə, ölkədə müzakirə mühiti yoxdur, ağıllı adamları tutub zindana salıblar. Məsələn, bu tip hüquqi suallara və dəyişikliklərə hüquqşünas siyasi məhbuslar Anar Məmmədli, Qurban Məmmədov, İlqar Məmmədov, o cümlədən NİDA-nın həbsdə olan hüquqşünas üzvləri Zaur Qurbanlı, Üzeyir Məmmədli və başqaları maraqlı şərhlər verə bilərdi. Nisbi azadlıqda - bayırda olanlar qorxularından səslərini çıxartmır.
İkincisi, belə önəmli qanun dəyişikliklərini müzakirə etmək üçün heç uyğun müstəvi, məkan, platforma da qalmayıb. İctimai Televiziya ölü doğulmuş, meyit bir KİV-dir. Bir-iki yarımüstəqil qəzetin başı öz canını qorumağa qarışıb, internet, sosial şəbəkələr üzərindən müzakirə aparanları da tuturlar. İclas salonları tamamilə yapokratiyanın nəzarəti altındadır, hardasa sünnət toyu keçirtmək üçün də gərək Bakı Şəhər İcra Hakimiyyətinin sirli əməkdaşı Zaur Ramazanovdan icazə alınsın, bu zaman kəsilmiş əti də sübut kimi aparıb Hacıbala müəllimə təhvil verməlisən və həqiqətən obyektdə sünnət prosesi olduğunu sübut etməlisən, əks halda qanunsuz siyasi yığıncaq adıyla hamını, o cümlədən uşağı və dəlləyi də tuturlar.
Üçüncü və önəmlisi odur ki, camaat bu dəyişikliklərin əslində formal olduğunu anlayır. Guya saxlama müddəti qanunla 2 gün olanda buna kim əməl edirdi ki? Polis və ya MTN istəsə adamı ittihamsız-filansız aylarla saxlaya bilər, kimsə etiraz eləməz. Biz yaxın illərin təcrübəsində dəfələrlə bunun şahidi olmuşuq. Hakimiyyətin xoşuna gəlməyən, müxalif fikirli şəxsləri vəkilsiz, müdafiə hüququ pozularaq küçədən oğurlayıb aparıblar, işgəncə veriblər, ittiham elan etmək üçün müddətin 2 gün olması heç yada düşməyib.
Saxlama müddətinin uzadılması üçün hakimiyyətin irəli sürdüyü arqument də gülünc, karikatura mahiyyətli idi. Guya hüquq-mühafizə orqanlarına saxlanan şəxsə qarşı ittiham sübutları toplamaq vaxtı azlıq edirmiş, 2 gün bəs eləmirmiş. Lənət şeytana, bunlar kimi dolayıblar? Hansı sübutlardan, vaxtdan dəm vururlar? NİDA Vətəndaş Hərəkatının 8 üzvünə qarşı 1 ildən artıqdır uydurma proses gedir, faktiki bir sübut da yoxdur, ancaq prokuror onların hər birinə 8 ilə yaxın cəza istəyib. Seçki saxtakarlığını ifşa edən Anar Məmmədlini də neçə aydır qanunsuz zindana salıblar, orda da ittihamın guya zərərçəkən adıyla gətirdiyi şəxslərin hamısı məhkəmədə Anar bəydən şikayətçi olmadıqlarını deyiblər. Ancaq Məmmədlini dərhal həbsdən azad etmək, üzr istəmək yerinə prosesi davam etdirirlər.
Bu mənada, bizim üçün böyük önəmi yoxdur: istər bizi tutub 2 gün saxlasınlar, istər 4 gün. Dünya bizə beş günlükdür, onun da hamısı yapokratiya zindanında keçir. Öyrəşmişik, təəssüf ki...
 

Bizə qoşulun