Medianews.az
Hamı rəngləyir, admiralı tuturlar...
543 baxış

Hamı rəngləyir, admiralı tuturlar...

zamin yeni raz
Ölkədə bir dənə alababat sürətli yol var - aeroport yolu. İndi belə çıxır yazıq nazir və deputat uşaqları orda saatda 60-la gedəcəklər. Belə də rejim olarmı? Yolu düzəldib, sürməyə qoymur. Ot əkir, üstünə çıxmağa qoymur. Dənizi hasarlayır, çimməyə qoymur. Bayraq var, asmağa qoymur. Məktəb tikir, oxumağa qoymur. Xəstəxana tikir, müalicə eləmir. Və sairə və ilaxır. Bir növ, göstərmə dövlətidir. Vuayerizm sistemidir.
Azərbaycanda durum çox kədərlidir, getdikcə o biri dünya haqda lətifəni xatırladır. Həmin lətifədə deyilirdi ki, bir nəşəxor ölür, o biri dünyada buna iki məkan göstərirlər, deyirlər seç. Nəşəxor baxır məkanların birində huri-qılman, yaşıllıqlar, nə bilim, içindən süd axan çaylar-filan var, ancaq narkotik maddə yoxdur. Soruşur bura haradır, deyirlər cənnətdir. İkinci məkana baxır, görür burda hər yana zibil kimi marixuana töküblər, hərə bir yanda “Kazbek” doldurur. Deyirlər bura da cəhənnəmdir. Nəşəxor dərhal cəhənnəmi seçir, bunu salırlar cəhənnəmə. Otu doldurur, yanındakılardan kibrit istəyir. Onlar kədərlə deyirlər: “Eh, kibrit olsaydı bura cənnət olardı”.
Açığı, mən indiyə qədər Ziya Məmmədov və tayfası haqda yüzlərlə tənqidi yazmışam, lakin son günlər ona edilən kütləvi hücumları görəndə dilxor oluram. Belə getsə nəqliyyat naziri hətta işdən çıxardıla bilər, nəticədə yollarımız boş qalar, zəhmətkeşlərimiz heç yana çıxa bilməzlər. Ar olsun! Mən ümid edirəm Ziya müəllim tezliklə kəskin cavab atəşi açacaqdır və Kamal müəllimin maşınları da yollara çıxacaqdır. Təkqapıya oyuna nə qədər baxmaq olar? Maraqsızdır. Sənə on dənə qoyanda, gərək sən də heç olmazsa bir dənə vurasan, yoxsa el arasında adamın adı mağmın qalır.
Ədalətli olmalıyıq, xüsusən biz jurnalistlər belə münaqişələrdə gərək tərəf tutmayaq. Şəxsən mən bütün məmurlara dörd gözlə baxıram, bunu şəklimdən də görmək mümkündür. Bu qərəzsiz münasibətim Hərbi Dəniz Qüvvələri haqda dünənki yazımda da aydın görünürdü və mən heç yazını kompüterin yaddaşına verməyə çatdırmadım, xəbər gəldi keçmiş komandan Şahin Sultanov müəllimi damlayıblar, el diliylə desək, qoduqluğa salıblar. Ey gidi dünya, bir-iki il qabağa qədər bu Şahin müəllim haqqında tənqid yazan jurnalistlərin üstünə gəmi sürürdü, indi isə özü “Titanik” kimi batır (Aprel ayı “Titanik” batan aydır, o üzdən Şahin müəllimi qutlayırıq).
Şahin müəllimin ittiham olunduğu maddələrdən biri yeyintidir. Deyirlər o, yüz tonlarla rəngli boya alınması, guya gəmilərin təmiri adıyla dövlət büdcəmizə kalan pul atmışdır.
Açığı, bu boya məsələsi mənim çox xoşuma gəldi. Şahin müəllimin tipik, orta statistik yapokrat olmasını açır. Çünki ora-buranı yalandan rəngləyib, dekorasiya qurub Azərbaycanı talamaq, pulları siçovul kimi daşımaq yapokratiyanın təməl prinsipidir. Biri köhnə təyyarəni boyatdırıb təzə adıyla Belarusdan alırdı. Ayrısı binaları qaşıyıb, alkopon üzlük çəkib, zibillikləri hasarlayıb gizlədirdi. Başqası yolu təmir adıyla milyonları qapazlayırdı. Belə misallar saysızdır. Azərbaycan dekorativ dövlətdir, bunu dəfələrlə yazmışıq. İndi Sultanov da dövlətçilik prinsipinə əməl edibmiş, boyayırmış, bəs bunu niyə tutmusunuz, a zalımlar? Fırçanı əyri tuturmuş, ya absurd rəssamlığa girişibmiş?
Söz yoldan düşmüşkən, son vaxtlar hardasa yolun batması haqda informasiyalar da artmışdır, hesab edirəm bu da Ziya müəllimə kölgə salmaq məqsədi güdür. Guya bizdə batmayan yol var? Hər bir yol mütləq batmalıdır, içində çala olmalıdır, sən də keçəndə söyməlisən, həyat rəngarənglik qazanmalıdır, sonra həmin rəngi Şahin müəllimin yerinə keçən komandan gəmiyə yaxmalıdır. Həyat budur!
Həm də yol batmasa orda sürət yarışları başlanar, Ziya müəllim kimi ziyalılarımızın uşaqlarının adı pis qələmlərə tuş olar.

Bizə qoşulun