Medianews.az
Dar ağacı sifarişi
455 baxış

Dar ağacı sifarişi

xalid kazimli kose 1
Hər gün dünyanın bir çox ölkələrindən edam xəbərləri gəlir. Bu sahədə Çin və İran öndədir. Hazırda Misir də onlara çatmaq qeyrəti göstərir.
Avropa isə edam hökmündən imtina edib. Artıq neçə illərdir ki, qoca qitədə yerləşən 50-yə yaxın ölkədə edam hökmləri çıxarılmır, ölümü yeddi dəfə haqq etmiş ən residivist caniyə belə ən çoxu ömürlük iş kəsirlər.
Məsələn, bir neçə il öncə Norveçin paytaxtı Osloda və Utoya adasında əksəriyyəti yeniyetmə və gənc olan 77 nəfəri öldürən Anders Breyvik keçmiş sovet sanatoriyalarına bənzəyən bir həbsxanada cəza çəkməkdədir. Şərqdə olsaydı, indiyə onun bir çimdik külü də qalmazdı.
Bu kimi nadir xüsusatlara görə Avropanın edam məsələsindəki humanizmində ifrata vardığını bəyan edənlər və bunun yanlışlığını əsaslandıranlar da var. Hər halda edam hökmünün ləğvi ictimaiyyəti o qədər də narahat etmir.
Şərq isə ta qədim zamanlardan edam hökmü verməyi də, icra etməyi də sevir. Bir çox inkişaf etmiş ölkələrdə edam hökmləri qapalı yerlərdə, heç kəsin xəbər tutmadığı vaxtda, tam məxfi şəraitdə icra olunsa da, Şərqdə edamı tamaşaya çevirməyi, meydanlarda, stadionlarda icra etməyi üstün tuturlar.
Belə zənn olunur ki, şou səciyyəli edamlar təhlükəli canilərə ibrət dərsi olacaq, tərbiyəvi, çəkindirici rol oynayacaq. Amma olmur. İranda qaldırıcı kranların qarmaqlı trosları enib-qalxır və hər gün neçə-neçə can alır. Çində edamları qənaət rejiminə uyğun olaraq, tək güllə ilə icra etməyi çoxdan öyrəniblər. İraqda dar ağacları boş qalmır, qurbanlarına hər gün salam verir. Misirdə taxta zavodlarına kütləvi sifarişlər verilib: yeni, etibarlı dar ağacları hazırlamalıdırlar. Suriyada edamlar adiləşib, məhkəməyə, məhbəsə, konvoya, edam hökmünə gərək yoxdur, kim kimi harda tutdu, güllələyir.
Ən pisi odur ki, Şərq ölkələrində edamların çoxu sırf siyasi cinayətlərlə bağlı verilir. Çində hökumətə, hakim partiyaya qarşı çıxmaq, dövlətin quruluşuna dair iradlar bildirməyin cəzası ölümdür. İrandakı edam hökmlərinin bir yarısı qətllərə, narkotik maddə qaçaqçılığına, casusluq fəaliyyətinə görə verilsə də, burada da siyasi motivli cinayətlərə görə adamları qaldırıcı kranın altına dartırlar.
Hazırda dünyanın gözü Misirdədir. Hamı bu ölkədə 500-dən artıq siyasi fəal insana çıxarılan ölüm hökmünün icra olunub-olunmayacağını gözləyir.
Bu adamların günahı odur ki, son illər Misiri çalxalayan siyasi hadisələrdə iştirakçı olublar, diktator Mübarəkin devrilməsində iştirak ediblər, Mursinin hakimiyyətə gəlməsinə yardım göstəriblər, general Sisinin Mursini devirməsinə mane olmağa çalışıb, müqavimət göstəriblər. Beləliklə, Misir generalitetinin mövqeyinə görə, onlar ölümə layiqdirlər.
Məsələni qəlizləşdirən ən mühüm məqam odur ki, hazırda ölümə məhkum olunanların tam əksəriyyəti ölüm hökmünü dəstəkləyən, siyasi rəqiblərinin edam olunmasını tələb edənlərdir. Yəni, Mursi hakimiyyətdə duruş gətirə bilsəydi, bu dəfə hazırda edamını gözləyənlər xalqa silah qaldırmış hərbçilərin edam olunmasını tələb edəcəkdilər.
Belə çıxır ki, bu ölkədə siyasi sabitliyi bərqərar etməyin yolu kütləvi edamlardan keçir. Sanki başqa yol, başqa variant yoxdur. Sən asmasan, rəhmli olsan, bir müddətdən sonra özünü asacaq, qəddarlıq edəcəklər və dar ağacının altında boynuna sabunlu kəndir dolanmış halda düşünəcəksən ki, gərək yumşaq olmayaydım, düşmənlərimi vaxtında asaydım.
Avropa ona görə tərəqqi edib, önə çıxıb ki, hakimiyyət üstə adam asmaq ənənəsinə uzun illərdən, yüz minlərlə adamı asandan, güllələyəndən, gilyotindən keçirəndən sonra son qoyub. Bu gedişlə Şərqin bu ənənədən imtinası 50-100 il çəkəcək.
Biz Avropa ailəsinə qoşularaq ölüm hökmündən imtina etmiş bir ölkəyik. Amma qafamız Şərq qafası olaraq qalır. Burada hakimiyyətə qarşı çıxanları asmasalar da, güllələməsələr də, 6-7 il iş kəsir, məhbəsə salır, ortalama 1 il 6 aydan sonra azad edirlər.
Azərbaycan tipik Şərq ölkəsi olsaydı, indi bu ölkədə “keçmiş siyasi məhbuslar” kateqoriyası mövcud olmazdı, onların yerində “siyasi edam qurbanları” qalereyası olardı.
İnsanların cəzalandırılması məsələsində Çindən, İrandan, Misirdən bir addım öndə olmağımıza şükür edə-edə, iki addım geridə olduğumuz Belçikaya, İsveçə, Norveçə necə tez çatmağı düşünək.

Bizə qoşulun