Medianews.az
Məşum katrenin doğrulması: iki gediş
531 baxış

Məşum katrenin doğrulması: iki gediş

samir sari kose 1
Dünya yavaş-yavaş məşhur fransız öncəgörəni Mişel Nostradamus deyənə gəlir.  Bunu oxucuları qorxutmaq üçün yazmıram, sadəcə, yaddaşım möhkəm olduğuna görə xatırlayıram ki, 10-15 il öncə qəzetlər (o vaxt sayt-filan yox idi) bir-birinin ardınca Nostradamusun katrenlərinin təfsirini, yozumunu verirdilər və orada eynilə indi regionumuzda yaranan vəziyyətdən bəhs olunurdu.
Öncə onu da aydıralım ki, “katren” deyilən şey təxminən ingilislərin soneti, bizim gəraylı fason bir şeir formasıdır və Nostradamus öz öncəgörənlərini bu şeir formasına yazırmış. Əlbəttə, heç kəs o şeirləri başqa dillərə qafiyəsi, vəzni, hecası ilə tərcümə etməyib, qorxublar ki, mənası itər.
Katrenlərin hər sözünün öz mənası var. Böyük öncəgörənin bizə uyğun gələn katreninin mənası təxminən beləydi ki, Milad təqvimi ilə üçüncü minilliyin birinci yüz ilinin ilk qərinəsində Şərqdə gödəkboylu bir müstəbid əmələ gələcək və o qonşularına hücum edəcək, böyük dövlət qurmaq istəyəcək, daha sonra Avropanın yeddi şəhərinə elə bir top atacaq ki, göydə göbələyə oxşayan buludlar əmələ gələcək, fəlakət olacaq.
Bu proqnozu poetik səpkidə tərcümə edəsi olsaq, təxminən belə olar:
İki min on beşdə Şərq tərəflərdə
Çıxacaq meydana qəddar bir tiran.
Cumub qonşulara, təcavüz edib
Bütün ölkələri qoyacaq viran.
Gözü doymayacaq qəsbkarlıqdan
Amansız olacaq bu alçaq, gödək.
Sonda Avropanın şəhərlərində 
Əmələ gələcək yeddi göbələk. 
Göründüyü kimi, Nostradamusun katrenini orijinala yaxın şəkildə tərcümə etməyə, bu zaman müəllifin hiss və həyəcanlarını, katrenin bədii-estetik məziyyətlərini maksimum saxlamağa cəhd etmişik.
Amma həmin qorxunc katrenin bədii-estetik dəyəri hazırda dünyanı idarə edənlərin təpəsinə dəysin, Krım əldən gedib, Ukrayna parçalanır, ABŞ esminetsi Qara dənizə girib, Kreml sözçüləri mır-mır mırıldayır, şeir-katren yeridirmi?
Əsas odur ki, Nostradamusun proqnozunun situasiya və personajları göz önündədir. Müstəbid yetişdirən ölkə Şərqdə yerləşməliydi. Rusiya hardadır? Bir tərəfi Avropanın qasığında, o biri tərəfi Şərqin, həm də Uzaq Şərqin quyruğunda. Amansız və qəddar müstəbid (tiran, diktator) boyca alçaq olmalıydı. Rusiya prezidenti Putinin boyu nə qədərdir? Rəsmi informasiyaya görə, 170 santimetrdir, amma and içənlər var ki, hündürdaban ayaqqabıyla o qədərdir, əslində Vladimir Vladimiroviçin boyu 167 sm-dir. Bu da o deməkdir ki, Putin yumşaq desək, bəstəboy, yumşaq deməsək, cırtdanboydur. Bəs hazırda bu adam nə edir? Hazırda o, qonşu dövlətlərə qarşı aqressivlik edir və Avropanı, eləcə də okeanın o tayındakı Amerikanı da hədələyir. Yaxşı o Avropanın yeddi şəhərinin səmasında göbələk əmələ gətirə bilərmi? Bəli. Rusiyanın əlindəki nüvə başlıqlı, uzaq mənzilli ballistik raketləri nəzərə alanda görürsən ki, bal kimi yarada bilər - həm də yeddi şəhərdə yox, lap yetmiş şəhərdə.
Beləliklə, Nostradamusun məşum katreninin doğrulmasına şahmat dili ilə desək, cəmi iki gediş qalıb: ağlar başlaya və dünyanı mat qoya bilər.
Doğrusu, ilk dəfə 1995-ci ildə o qorxunc katreni oxuyanda ağlımız Yaxın Şərqə, İraqa, Səddam Hüseynə getmişdi. Düzdür, o, o qədər də balacaboy deyildi, amma proqnoz məşum olduğu üçün santimetr söhbəti eləməyin yeri yox idi. Üstəlik, Səddam Avropada göbələk əmələ gətirməyə yarayası silah düzəltməyə çalışırdı. Məlum olduğu kimi, dünya birləşdi və onu boğdu.
Sonra İranda hakimiyyətə Əhmədinejad gəldi. Onun bütün göstəriciləri düz gəlirdi: həm boyu balacaydı, həm də nüvə silahı düzəltmək üçün eyzən uran zənginləşdirirdi. Belə görünürdü ki, amerikalı və avropalı siyasilərin Nostradamusun katrenindən xəbərləri vardı. Hər halda, işi elə düzdülər, qoşdular ki, Əhmədinejad Avropanın yeddi şəhərində göbələk əmələ gətirmək üçün zəruri vasitələr əldə edə bilmədən hakimiyyətdən getdi. “Yeni prezident boylu-buxunludur, qəti qorxusu yoxdur”  deyərkən, Putin hakimiyyətə yenidən qayıtdı.
Al, bu da sənə gödək müstəbid. Hazırda o, Nostradamus dediyi kimi eləyir.
Qorxulu zəmanədəyik, dostlar, qardaşlar. Ağlınız “kitayski” öncəgörənlərə getməsin, Nostradamus deyənlər düz çıxır. Biri onun katrenini ruscaya çevirib Kremlə göndərsin, bəlkə xeyri oldu.

Bizə qoşulun