Medianews.az
 Zibil içində
527 baxış

Zibil içində

samir sari kose 1  
Dünən “Feysbuk”da doğma, əziz paytaxtımızın mədəniyyət ocaqlarından birində çəkilmiş şəkil paylaşmışdılar. Şəkilaltı sözdə qeyd olunurdu ki, bu foto “Nizami” kino mərkəzində, seansın başa çatmasından, tamaşaçıların dağılışmasından sonra çəkilib.
Mənzərə bundan ibarət idi: kresloların üstündə bir plastik su qabı, 3 karton pop-korn qutusu, ayaqaltında çoxlu partlamış qarğıdalı qalıqları və bir neçə pop-korn qabı atılıb qalıb.
Aydınca görünür ki, bizim tamaşaçılar da köhnə vaxtlardan bəri filmlərə, yarışlara pop-korn gövşəyə-gövşəyə tamaşa edən avropalıları yamsılayaraq, artıq kinoteatr və sair arenalara pop-kornla gedirlər.  Həm də kütləvi şəkildə.
Bunun özü irəliləyişdir. Əvvəllər camaat yarışlara, filmlərə, konsertlərə tum çırtlaya-çırtlaya baxardı, indi müasirləşərək pop-korna keçmişik.
İntəhası, hələ də toplananların yerini dəyişəndə cəm dəyişmir. Əvvəllər mərəkədən sonra xadimələr deyinə-deyinə kresloların üstündən qəzet qalıqları, ayaqaltından tum qabıqları təmizləyirdilərsə, indi də su qabları, pop-korn qutuları və dənələri təmizləyirlər.
Yəni dəyişən zibilin formasıdır, zibilləyənlərin mahiyyəti və zibillərin məkanı (kresloların üstü, ayaqaltı, döşəmə) dəyişməyib.
Şəkil paylaşan bəyin belə bir qeydi də vardı ki, o özü əlindəki zibili atmaq üçün qab axtarıb, bunu görən xadimə deyib: “Onsuz da hər yanı zibilləyiblər, sən də at bura”.
Demək, xadimələr də artıq bu durumla barışıblar, bilirlər ki, divara nə qədər “Zibilləməyin!” xəbərdarlığı yapışdırılsa da, xeyri yoxdur, zibilləyəcəklər.
Bəlkə də bu problemi mədəniyyət ocaqlarının divarlarına, səhnənin ən görünən yerlərinə “Bura zibil tökənin ölüsünə lənət!”, “Zibilləmə, ay eşşək!”, “Qancığın balası, dədənin xarabası deyil, salona zibil tökmə!” kimi daha effektiv çağırışlarla həll etmək olar, amma razılaşaq ki, müqəddəs mədəniyyət məbədində belə şüarların yazılması mədəniyyətdən kənar hərəkət olar, kənardan da elə görünər.
Xalq kütlələrinə xitab edərək onları şəhərin küçə və yollarını, arena və salonlarını zibilləməməyə, səliqə-saəmana diqqət yetirməyə çağırmağın da xeyri yoxdur. Bunun heç bir misqal da faydası olmayacaq, zibilləyəcəklər.
Bəlkə gənclər flaş-mob keçirsələr, paytaxt sakinlərinə əyani şoəkildə şəhəri zibilləməməyə dair şəbeh göstərsələr, görəsən, nəticəsi olarmı? Bəlkə də olar. Məsələn, polis o gəncləri tutsa, saçlarını süpürgəyə, özlərini döşəməsilən əski parçasına çevirib, küçədə sürüyə-sürüyə bölməyə aparar, onda bilərlər, şəhər necə təmizlənir. Xalq da durub tum çırtlaya-çırtlaya, pop-korn çeynəyə-çeynəyə, yerə atmağa hazırlaşdığı plastik su qabından maye hortlada-hortlada tamaşa edər, hətta rişxəndlə “Alın, bu da sizə ”təmiz şəhər" aksiyası, di gedin kepezedə tualet təmizləyin" deyər.
Bu yerdə getdiyimiz, gördüyümüz xarici ölkələrdə insanların küçəyə adi bir kibrit çöpü atmadığı barədə saysız-hesabsız xatirələr də danışmaq olar. Amma bunu çox yazmışıq, üstəlik, çoxları da gedib şəxsən öz gözləri ilə görüblər. Bəs gördüklərini gəlib öz ölkələrində tətbiq edirlərmi? Çoxu etmir.
Bir dəfə hətta elə bir adam görmüşəm ki, xaricdə hamının zibili mütləq xüsusi qaba atdığından danışa-danışa əlindəki boş siqaret qutusunu maşının pəncərəsindən küçəyə tolazladı. Onun müvafiq irada cavabı isə belə oldu: “Burda hamı belə edir də”.
O, düz deyir. Hamı olmasa da, əksəriyyət belə edir. Hər on adamdan yalnız ikisi əlindəki zibil qabını atmaq üçün ətrafa boylanıb zibil qabı axtarır, qalan səkkizi ətrafa boylanmadan dərhal tapır: ayağının altı, ağacların dibi, səkinin yanı, hara gəldi.
O gün binamızın qarşısında 12-13 yaşlı bir qız uşağı əlindəki sellofan torbayla qonşu blokdan çıxdı, bizim bloka girdi, 5 saniyədən sonra blokdan torbasız çıxdı, oğrun-oğrun baxaraq öz evlərinə qayıtdı. Oğlum quşqulandı, ərinməz-ərinməz gedib baxdı, gəlib dedi ki, qız torbanı liftin böyür divarına söykəyib və torba zibillə doludur.
Əslində biz həmin torbanı aparıb qızın evinin qapısına qoymalıydıq, hətta zibili açıb evin kandarına tökməliydik ki, onun valideynlərinə dərs olsun, amma belə etmədik, çıxıb getdik dəlləkxanaya.

Bizə qoşulun