
XXI yüzillyin ikinci onilliyində dünyanın gözü qarşısında Rusiyanın Krımı özünə birləşdirməsinə Kreml rəhbərləri və dünyanın başqa ağaları nə ad verir, versin, zorun təntənəsidir. Martın 17-də Moskvada separatçılarla Putin arasında Krımın ilhaqı ilə bağlı keçirilən o məzhəkəyə baxmaq çətin idi. Rusiyanın bu hoqqabazlığı ayrı söhbətin mövzusudur. Amma bəs, ukraynalılar o mərasimə hansı hisslərlə və necə baxdı? Bax, bunu daha çox maraq etdim.
Azərbaycan xalqı nə qədər ələnib-talansa da, vallah, qibtə ediləcək xalqdır. Quş tüfəngi ilə erməni-rus birləşmələrinə qarşı illərlə döyüşdü, şəhid verdi. Allah torpaq uğrunda ölən şəhidlərimizə rəhmət eləsin. Vətəni vətən edən həm də onun şəhidləridir. Arxamızda indi Kiyev küçələrinə tökülüşən əcnəbi dövlətlərdən heç olmasa birinin rəhbəri dayansaydı, haqq işimizə dəstək versəydi, bu xalqın qəhrəman övladları erməninin də cavabını verərdi, hələ rusun da. Bizi Qarabağ müharibəsində uduzdurdular. Amma şükürlər ki, Allah bu torpaq uğrunda şəhid olmaq imkanını əlimizdən almadı. Yoxsa, indi o torpaqlara nə vaxtsa qayıdacağımıza ümid də etməzdik...
Bəs, bu ukraynalılar Krım əldən gedəndə harada ölmüşdü, bilmədik. Bu müasir dünyada bəlkə də ilk nonsesdir! Krımın bir küçəsi boyda olan Maydan üçün günlərlə vuruşanlar hara itdi? Ukrayna hadisələrindən çıxarılan ən ciddi və təhlil ediləsi nəticə məhz Krımın belə asanlıqla qoparılmasıdır, məncə. İzahı ola bilər: Rusiya güclüdür, atom bombası var və sair. Amma niyə unudaq ki, Gürcüstan balaca bir ordusu ilə Rusiyaya qarşı heç olmasa 5 gün vuruşdu. 200 rus əsgəri öldü, 500 nəfər də gürcü ordusu itki verdi. Sonra dünya liderləri gəlib Saakaşvilini Putinin əlindən xilas etdilər. Amma nə olsun? Vuruşdular ki...Torpaqlarını qanla geri almaq üçün vuruşdular. Putin necə də haqlı idi Krımın ilhaqı ilə bağlı mərasimində “bu necə işğaldır ki, bir güllə belə atılmayıb” deyəndə.

Necə ola bilər axı, sənin lap 1954-cü ildən ərazin hesab olunan torpağı bir güllə belə atılmadan əlindən alsınlar? Nə baş verdi ki, Maydanda barrikadalarda ruspərəst “Berkut” la vuruşan ukraynalılar Krımı müqavimətsiz təslim etdilər? Hitler Almaniyasına qan udduran ukraynalı partizanların nəvə-nəticələri konstitusiya ilə onların ərazisi hesab olunan torpağı bir güllə atmadan niyə və Rusiyaya təhvil verə bildilər axı? Günlərdir mən bu acı verən sualın cavabını tapa bilmirəm.
İki gün əvvəl sərnişini olduğum taksi sürücüsü ilə bu söhbət açılanda məlum oldu ki, o, sovet qoşunları sırasında Ukraynadakı tank diviziyasında xidmət edib. Dediyinə görə, sovet vaxtında ən güclü tank diviziyası da Ukraynada olub. “Yəqin tanklarını əridib satıblar xaricə” deyən sürücüyə nə cavab verəcəyimi bilmədim. Əgər bu, Avropanın və Amerikanın Kiyev hakimiyyətindəki uşaqlarının ağıllı siyasətdirsə, bu əxlaqlı siyasət hesab oluna bilməz. Rusiyanın inadı qarşısında diplomatiyanın yeri yox idi. Ukrayna Krım uğrunda 100 şəhid versəydi, dünyanın münasibəti indikindən daha fərqli olardı. “Torpaq uğrunda ölən varsa vətəndir!” Ukraynanın indiki hakimiyyəti gələcək nəsillərə nə cavab verəcək? Onlar bizdə də üzüqara olacaqlar...
Nazarbayevi qınayırlar ki, Krımdakı qondarma referendumu tanıyıb. Nazarbayev nə etsin ki, Ukrayna hakimiyyəti Krımın işğalının qarşısını almaq üçün Rusiyanın üzünə tüpürdüyü diplomatiyadan başqa müqavimət göstərmədi. ABŞ prezidenti deyib ki, Ukraynaya görə Rusiya ilə dava etməyəcəyik. Bu qədər sadə və rəzil bir mövqe. Obama, əgər sən haqqın tərəfində deyilsənsə, onda dilini qara ağzına qoy və dinmə də...Gör sabah erməni də “biz də Qarabağın Rusiyaya birləşməsini istəyirik” desələr, bu dünya liderləri nə toy-bayram quracaqlar...
Ukraynanın bu çıxılmaz vəziyyətə düşməsində, torpağının bunca miskin bir qəzavü-qədərlə əlindən getməsində əsl günahkarlar da o şarlatanlardır-Avropa və Amerika liderləri. Ukrayna ötən ilin noyabrında Avropa Birliyi ilə assosiativ saziş imzalamaqdan imtina edəndən sonra Rusiyanın dikbaşlığı bunlara xoş gəlmədi. Ukrayna müxalifətinə milyonlar xərclədilər. Maydandan geri çəkilməyə qoymadılar. Rusiyaya demək istədilər ki, sən bizə Ukraynanı vermirsənsə, biz də sənə cəhənnəm Ukraynası düzəldəcəyik. Düzəltdilər də. Kiyevi Dəməşqə döndərdilər. Yanukoviç Ukrayna müxalifətinin bütün tələblərinə razılaşmışdı, hökuməti də indi Krımsız Ukraynanın baş nazir olan Yasenyuka vermişdi. Amma müxalifətin xaricdəki dayıları bu sazişin işləməsinə imkan vermədilər. Ölkə millətçi inqilaba sürükləndi. Axırı da bu...
Bundan betəri olmayacaq. Olan oldu. Krım əldən getdi...