Müxalifətçilərin hakimiyyətə şər atmasının daha bir sübutu aşkar edilib. Onlar həmişə deyirlər guya Azərbaycanda iqtisadiyyat inkişaf eləmir, milli müəssisələrimiz yoxdur. Ancaq srağagün fövqəladə hallar naziri Kamaləddin Heydərova məxsus 235 müəssisənin siyahısı internetdə açıqlanıb. Əgər tək onun bu qədər obyekti varsa, gör qalanlarında nə qədərdir və ümumilikdə dövlətimizin hansı sayda müəssisələri vardır...
Yalan danışmaq lazım deyil, yalan həmişə ifşa olunur. Burdan Kamaləddin müəllimə də efir vasitəsiylə salamlarımı göndərirəm, ümid edirəm mənim qalib gəlməyim üçün mesaj yazacaqdır. (Mövzu bir az qarışıq düşdü deyəsən, fikir verməyin).
Hərtərəfli inkişaf var. Misal üçün, Səbayel rayon icra hakimiyyəti əhalinin tibbi müayinəsi üçün tədbirlər keçirdir. Bu məqsədlə icra hakimiyyətində komissiya yaradılıb, poliklinika və xəstəxanalara göstəriş verilib, fevralın 17-dən bəri 28 min nəfər səbayelli tibbi müayinədən keçirilmişdir. Tədbirlər davam etdirilməkdə imiş.
Görün nə gözəl xəbərdir... Hansı dövlətdə icra hakimiyyəti xalqın tibbi müayinəsi ilə birbaşa məşğul olur? Heç birində. Bəlkə Afrikada, İndoneziyada-filanda camaatı hərdən qovub tuturlar, zor-xoş müayinə edirlər ki, SPİD xəstəliyi kimi bəlaları yaymasınlar, onu da beynəlxalq humanitar təşkilatlar eləyir. Bizdə isə əhalinin sağlamlığı ilə birbaşa dövlət məşğul olur. 28 min əhalini yoxlamaq sənə asan gəlməsin. Bunun başı var, qarnı var, əl-ayağı var, yoğun bağırsağı var... Ta hamısını saymıram.
Nəticələr - yəni, 28 min nəfərdə neçə xəstəlik aşkar olunub və hansı əlaclar edilib, bu haqda heç bir xəbər yoxdur, heç lazım da deyil. Əsas müayinədir. Uzanırsan çarpayıya, icra hakimi gəlir sənin qarnını əlləşdirir - bundan gözəl nə ola bilər?! Bu saat Berlində, Londonda, lap elə Vaşinqtonda get icra hakimindən soruş, əgər o bilsə ki, ərazidə yaşayan sakin Martanın, Coninin, nə bilim Hillarinin hansı böyrəyində neçə daş var - adımı dəyişərəm. Bizdə isə Səbayel icra hakiminin masasında azı 28 min rayon sakininin rentgen şəkilləri var. Baxır, bilir ki, camaat hökumət haqda nə fikirləşir.
Yeri gəlmişkən, bugünlərdə məlumat yayılmışdı ki, İranda bir vətəndaşımız üçəm uşaq doğubdur, ancaq iranlılar uşaqları girov götürübdür. Sonra İran səfirliyi cavab verdi, dedilər girov söhbəti yalandır, uşaqlara göz bəbəyimiz kimi baxırıq, xəstəxana xərcləri də 15 manat idisə ailənin kasıblığını nəzərə alıb 5 manat eləmişik, ancaq ana bu pulu da verməyib, neçə gündür qaçıb Azərbaycana gedibdir.
Düzü, kim doğru danışır, deyə bilmərəm, ancaq bir sual var ki, Azərbaycan vətəndaşı doğmaq üçün nə üçün İrana getməyə məcbur olubdur? Gərək Səbayel icra hakiminə müraciət edəydi. Vətəndaşlarımızın belə hərəkətləri dövlətçiliyimizə söz gətirir. Vətəndə qalıb ölmək yerinə, İranda-Turanda müalicə axtarırlar. Ar olsun!
Ölmək-ölmək demişkən, srağagün cənab prezident Azərbaycan Milli Elmlər Akademiyasının 70 yaşına hazırlıq tədbirləri haqda sərəncam imzalamışdır. Özü də AMEA-nın 70 yaşı hələ gələn il tamam olacaqdır, ancaq qurum çox zırıltı qurum olduğu üçün gərək bunun yubileyinə azı bir il qalmışdan hazırlaşasan.
Bizim akademiklərimiz elm sahəsində nə kəşf ediblər, ümumiyyətlə orda hansı işlərlə məşğuldurlar - bu haqda xalqımızın heç bir bilgisi yoxdur. Olması lazım da deyil, hər adam elmi anlamaz ki? Bəlkə də onlar orada adamları qurbağaya çevirməyin üsullarını tapıblar? Yaxud, xiyardan Günəş enerjisi alırlar? Anlamarıq. Mən sadəcə bir müşahidəmi bölüşmək istərdim.
Azərbaycan akademikləri elmdə yox, öləndə gündəmə gəlirlər. Məsələn, son günlərdə azı 2 akademik ölmüşdür. Biz də onların adını oxuduq, bir tərəfdən çox şad olduq ki, belə akademiklərimiz var imiş, bir tərəfdən də dilxor olduq ki, bunlar nə üçün dünyadan nakam getmişdir, Qarabağın alınmasını görməyibdir.
