Medianews.az
 Mamiko getdi, Arsen gəldi
519 baxış

Mamiko getdi, Arsen gəldi

elsad pasasoy kose1
Dünyanın diqqətinin Krıma yönəldiyi bu günlərdə Qarabağ məsələsi xeyli arxa plana keçib. Ona görə də çoban olduğunu deyən erməninin Tovuz rayonunda peyda olması heç ölkəmizdə də ajiotaja səbəb olmadı. Amma məsələnin başqa tərəfi var.
Ötən ay sərhədi keçən və bir neçə gün əvvəl Ermənistana qaytarılmış Mamiko Xocayanın qohumu olan Arsenin hərbçilərimizin gözündən necə yayınıb Tovuzun içərilərinədək gəlib çıxması ciddi sualdır və bunun cavabı verilməlidir. Qonşu Tavuş vilayətinin istənilən ermənisi dumanda azıb Tovuza gəlib çıxırsa, onda erməni diversant qrupunun da buralarda hər an təxribat törətməsi mümkün görünür. Yaxşı ki, camaat ayıq-sayıqdır. Ancaq nədənsə bu günə qədər Tovuzun qəhrəman oğullarından biri Əfqanıstan və Qarabağ döyüşçüsü Etibar Əmiraslanovun müdafiə naziri ilə görüşmək niyyəti baş tutmayıb. Etibar bəy digər döyüş yoldaşları ilə birlikdə Vətənin müdafiəsində aktiv iştirak etmək, nazirə şəxsən ciddi məlumatlar vermək istəyirdi. Təbii ki, bu ərazilərin hər cığırına bələd olan keçmiş döyüşçü dinlənilsə, hər ay bir erməni sərhədi bu üzə adlaya bilməzdi.
Bu hadisənin məhz müdafiə naziri Zakir Həsənovun cəbhə bölgəsinə səfər günü və şəxsi heyətin, hərbi texnikanın döyüş vəziyyəti ilə şəxsən maraqlanmışdı. Bu hadisə o zaman baş verir ki, Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyanın Azərbaycanla da imkan düşən kimi hesab çəkəcəyi şübhə doğurmur. Belə bir həssas məqamda bir erməni çobanı - əgər doğrudan da çobandırsa, Tovuzda sərbəst hərəkət edirsə və yalnız sakinlərin ayıq-sayıqlığı nəticəsində ələ keçirsə, bu vəziyyət ciddi müzakirə tələb edir.
*** 
Müzakirəsi tələb olunan ayrı məsələlər də var və vaxt itirməyimiz bizə dövlət və millət olaraq baha başa gələ bilər. Azərbaycanın nə Gömrük İttifaqı, nə də Avropa Birliyində yer almaması çıxış yolu deyil. Seçim anıdır, ya SSRİ-ni diriltmək istəyən Rusiyanın, ya da imperiya maraqlarına qarşı çıxan demokratik dünyanın yanında yer almaq gərəkir. Təbii ki, müstəqil Azərbaycan üçün birinci istisnadır. Məsələn, hətta Gömrük İttifaqının təsisçilərindən olan Qazaxıstan və Belarus Krımda keçiriləcək qondarma referenduma müşahidəçi göndərməyəcəyini açıqlayıblar. Azərbaycan bu məsələdən necə kənarda qala bilər? Bu gün Bakı Krım məsələsində dünyanın yanında olmalıdır ki, sabah Dağlıq Qarabağa da referendum təhdidi – bu təhdid Azərbaycanın başının üstündə “Domokl qılıncı” kimi asılıb - olsa, dəstək ala bilsin...
İndiki durumda Azərbaycan Rusiyanın hərbi müttəfiqi olan Ermənistanın təcavüzkarlığını daha uca səslə dünyaya çatdırmalı, Krımda keçiriləcək 16 mart referendumunu tanımayan beynəlxalq aləmə bəyan etməlidir ki, Dağlıq Qarabağ erməniləri krımdakı separatçılardan min qat artıq təhlükəlidirlər. Bu gün Qarabağda narkotika plantasiyaları salınır, bu ərazilər qanunsuz silah-sursatın gizlədildiyi məkana çevrilib, bəşəri cinayətlər törədən canilər məhz bu bölgədə yerləşib. Krımda hələ ki, bunlar baş verməyib. Odur ki, Bakı hərəkətə keçməli, bu sükutu pozmalı, QARABAĞ UĞRUNDA son və qəti mübarizəyə başlamalıdır. Azərbaycan həqiqətlərinə ikili standartlardan yanaşan dünyanı fakt qarşısında qoymaq üçün əlverişli imkan yaranıb. Belə fürsətlər hər zaman ələ düşmür. Azərbaycanlı polkovnik, dəyərli İsa Sadıqovun Krım uğrunda savaşda iştirak qərarı verməsi anlaşılandır. Ancaq belə bir qərar öncə Qarabağ uğrunda verilməlidir. Bundan əvvəl Əfqanıstanda, Pnkisdə, Suriyada da döyüşənlərimiz çox olub...
Bundan sonra da bizim Minsk Qrupunun “troyka”sına ümid bağlamağımız yersizdir. Bu günlərdə rusiyalı həmsədr Popov deyib ki, Elmar Məmmədyarovla görüşmək istəyirlər. Adama deyən gərək sən get öz ölkənin beynəlxalq aləmlə münasibətlərini yoluna qoy, sonra Qarabağ təşəbbüsü ilə çıxış elə. Ukrayna hadisələrindən sonra ATƏT-in Minsk Qrupunun “fatihə”sini də vermək olar. Bu gün bu qrupda təmsil olunan dövlətlərin özlərinin münasibətlərini normallaşdırmaq üçün vasitəçiyə ehtiyac var, onlar Qarabağ məsələsinimi həll edəcəklər? ABŞ və Fransa Ukraynanın bir hissəsi olan Krımı ilhaq edən Rusiyanı işğalçı sayır, deyirsiniz yəni Rusiya gəlib hərbi Dağlıq Qarabağı Azərbaycana qaytaracaq? ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç Qarabağa növbəti təhlükənin anonsunu da verib: “Rusiya bununla bir nümunə göstərir ki, Dağlıq Qarabağdakı hakimiyyət də öz referendumunu keçirə, ya müstəqil ola, ya da Ermənistana birləşə bilər”. Bu təhlükəni uzaq Amerikada görürlərsə, biz niyə görmürük? Hanı bizim strateqlərimiz, analitiklərimiz, diplomatlarımız, ictimai-siyasi təşkilatlarımız, niyə etiraz səsləri eşidilmir? Yeri gəlmişkən, 5-10 müxalifətçinin Ukraynaya dəstək üçün Rusiya səfirliyi qarşısında aksiya keçirmək cəhdinə müdaxilə də çox  pis nümunədir. Bu gün belə aksiyalara yalnız Rusiyada, Krımda, Sevastopolda müdaxilə edirlər.
*** 
Erməni həyasızlığını gördünüzmü? Rusiya gözünü ağardan kimi Gömrük İttifaqına dürtülən Ermənistan prezidenti Serj Sərkisyan İrlandiya paytaxtı Dublində səfərdə olarkən utanıb-qızarmadan Avropa İttifaqı ilə və Şərq tərəfdaşlığı ölkələrinin əməkdaşlığından danışıb, Kiyevdə çoxsaylı insan itkilərinin olmasına üzüldüyünü deyib. Xocalı qatili, öz ölkəsində 1 mart qırğınını törədən cəllad, Krım məsələsində Rusiyanın yanında olan riyakar guya itkilərdən sarsılıbmış. Sərkisyan hətta Avropa İttifaqının gömrük birliyinə üzv olan Türkiyəni Ermənistanı blokadada saxlamaqda, bu ölkəyə və ermənilərə nifrət dolu siyasət yeritməkdə ittiham edib. Hətta torpaqlarını işğalda saxladığı Azərbaycanın özünü günahkar çıxarmağa çalışıb. Bunun səbəbi bilirsinizmi nədir? Azərbaycan gərəkəni yapmır. Bu gün Kanada hətta Putinin özünün ölkəyə girişinə qadağa qoyub. Azərbaycan nədən bir ölkədə belə Xocalı qatili Sərkisyanın persona-non qrat elan olunmasına nail ola bilmir? Bu gün ABŞ konqresmenləri Sumqayıt hadisələrinə görə Azərbaycanı suçlayır. Bizimsə başımız iç problemlərimizə qarışıb.
Bu arada xəbər yayılıb ki, Qafqazın ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 güclü ordusu sırasındadır. (“Globalfirepower.com” saytı) Belə bir ordu hələ də işğalda olan torpaqlarına durbinlə baxırsa, bax, bu anlaşılan deyil. Nə güclü ordumuz hərəkətə keçir, nə diplomatiyamız, nə də...Biz nə istəyirik, deyəsən, özümüz də bilmirik axı... Yeri gəlmişkən, görəsən, tavuşlu Arsen bizim ordumuz haqqında nə düşünür?
 

Bizə qoşulun