Medianews.az
 Təhlükəsizlik qaydaları
801 baxış

Təhlükəsizlik qaydaları

zamin yeni raz
Tez-tez olur, görürsən ordumuzda əsgərlər bir-birini güllələyir. Hətta bu yaxında zabit zabiti vurmuşdu. Belə hallar üçün ordu rəhbərliyinin şablonu var: “Təhlükəsizlik qaydalarına əməl edlməyib”. Nədir axı bu təhlükəsizlik qaydaları?
Dünən məktəbdə oxuyan uşaq ombudsmanın nə demək olduğunu məndən soruşurdu. Hansısa dərslərində var imiş. Mən ona sivil dünyada insan haqları müvəkkilinin vəzifələrindən danışdım. Azərbaycanda Elmira xalanın bu vəzifəni illərdir yola verdiyini və ombudsman institutunun ölü doğulduğunu ona demədim. Hələ qoy uşaqlığını yaşasın, belə qorxulu şeyləri öyrənəcək yaşda deyil.
Təhlükəsizlik qaydası elə budur - insan haqlarının qorunması. Qorunmursa, təhlükəli ölkədə yaşayırsan. Korrupsiya, rüşvətxorluq, saxta seçkilər - bunlar hamısı bir dövlət üçün təhlükəsizlik qaydalarının kobud pozuntusudur.
Bakı metrosunda vaqonlarda belə qaydaların uzun bir siyahısı var. Hərdən basabasda məcburən sifətin həmin lövhəyə yapışmasa oxumaqda bir fayda yoxdur. Çünki hələ çoxdan mən orada gülməli, rusca mətndən mexaniki çevrildiyi aydın görünən bir punkt oxumuşdum: “Metroya xizəklə, kirşə ilə girmək qadağandır”. Ondansa Tağı əkə “Elmlər Akademiyası” stansiyasının perronunda palma ağaclarında meymunluq eləmək olmaz" yazsa daha məntiqli olardı.
Bax, dövlətin təhlükəsizlik qaydaları da elə o metro vaqonundakı təlimat kimi bir şeyə çevrilib. Konstitusiya, qanunlar “çay axmayan yerdə körpü salınması” işlərinə aiddir. Real həyatda bu qanunlara yer yoxdur.
Bir dəfə də qaz idarəsindən gəlmişdilər. Deyəsən həmin il dəm qazından xeyli insan həlak olmuşdu. Qapını döydülər, bir dəftər açdılar: “Bu, qazdan istifadə üzrə təhlükəsizlik qaydalarıdır. Xahiş edirik tanış olduğunuz üçün buraya qol çəkin. Bir də buraya. Təşəkkür edirik”. Mədəni insanlar idilər. O qədər həvəslə imza atırdım ki, az qala qonşuların da yerinə qol çəkə bilərdim. Tanış olmağa bir şey də yox idi, hər şey göz qabağında idi: idarənin quraşdırdığı qaz sayğacı evin qapısını açılmağa qoymurdu. Quraşdırıcı ustaları bu cür “peşəkar” olan idarədən nə umasan? O idarə səndən nə umsun?
Ən təhlükəsizi ayağını uzadıb ölməkdir. Necə ki, elə həmin dəm qazından bugünlərdə bir gecədə 15 nəfər boğulmuşdu. Heç manşet də olmadı. Halbuki o qədər adam bir gecədə Suriyada öldürüləndə “Röyter” bunu əsas xəbər kimi yayır.
Yeri gəlmişkən, bizdə bunun hətta idarəsi də var: Milli Təhlükəsizlik Nazirliyi. Bəli. Çoxunuzun diqqətindən yayınsa da, bu idarənin adındakı ikinci söz məhz elə təhlükəsizlik qaydalarının pozulmasına qarşı mübarizə aparmaqdır. Ancaq onlar neyləyirlər? 17 yaşlı uşaqları döyürlər, küçədən oğurlayıb aparırlar, ciblərinə benzin butulkası basıb dövlət çevrilişində suçlayırlar. Al Kapone və Karlo Qambino sağ olsaydılar böyük şərəflə bizim MTN-in Nərimanov və Nəsimi rayon şöbələrində (misal üçün yazdım) rəislik edərdilər.
Onların başqa təhlükəsizlik qaydası jurnalistləri izləmək, badalaq vurmaq, mümkün olsa tutmaqdır. Çox primitiv ssenariləri də var: jurnalistə səfeh bir sənəd ötürürsən, sonra bu sənədin səfehliyini lağa qoyan jurnalisti “dövlət sirrini yaymaq” adıyla istintaqa çağırırsan, bezdirirsən. Qalan vətəndaşlar da yorğanın altında daha bərk yuxuya gedir, fikirləşir ki, şükürlər olsun, “mənim milisim məni qoruyur”.
Ancaq ehtiyatsızlıq edib ayağını qarnına yığmasan, bir qədər geniş uzatsan barmağın çöldə qalar, baxarsan şaxtadan donub.
Bu, yorğandan təhlükəsiz istifadə qaydalarına aiddir. Unutmayın.

Bizə qoşulun