Medianews.az
 40 ilin planı dalanda
539 baxış

40 ilin planı dalanda

54942695301b5fdd574a1392621053_saq3
Bilən adamlar deyir ki, sovet hakimiyyətinin dövründə “Sovetski” adlanan və 20 ildən artıq bir müddətdə bu adı israrla qoruyub saxlayan məhəllələrdəki köhnə evlərin sökülməsi hələ 30-40 il öncənin layihəsidir. Yəni SSRİ dağılmasa da, bu yaşayış məntəqəsindəki köhnə tikililər söküləcəkmiş.
Hətta bildirilir ki, ortalıq qarışmasa, düzən pozulmasa, bu mübarək iş ötən əsrin 90-cı illərində baş verəcəkmiş.
Təxminən 40 il öncə bu sətirlərin müəllifi balaca uşaq olanda böyüklər danışırdılar ki, “Volodarski” fabrikinin arxasındakı məhəllələr plana düşüb, bu gün-sabah söküləcək və orda yaşayanlara ev veriləcək. O ərazidə qohumlarımız yaşayırdı və onlar bu planın tezliklə həyata keçirilməsini gözləyirdilər ki, daha rahat, geniş evə köçsünlər.
Budur, 1974-ci ildən bəri şəhərin az qapla 75 faizi sökülüb, yenidən tikilib, amma adı çəkilən ərazidə yalnız adda-budda yeni tikililər gözə dəyir. Qalan evlərin ortalama 100 yaşı var. Dar küçələr, yastı-yapalaq tikililər, müasir həyatın tələblərinə heç cür cavab verməyən evlər...
Nəhayət, ümumdünya urbanizasiya prosesi köhnə məhəllələrə də çatıb və onların sökülməsi, yerində müasir meqapolislərin simasını əks etdirən binaların tikilməsi qaçılmazdır. Buralar ya Kəlküttə olub qalacaq, ya da Sinqapura dönəcək.
İndi bəziləri deyirlər ki, o köhnə məhəllələrdə xatirələr var. Bu cür duyğusallıqla 21-ci əsrdə yaşamaq mümkün deyil. Köhnə tikililərdə qalan köhnə xatirələr qalsa, onda gərək əcdadlarımızın yaşadığı qazmalardan, kərpic evlərdən çıxmayaydıq. İnsan oğlu daima rahatlığa, mükəmməlliyə can atır və belə də olmalıdır. Gələcəyə baxıb yaşamaq varkən keçmişə boylanıb xiffət çəkmək yanlışdır.
Ancaq bütün yeniliklər kimi, köhnə tikililərin sökülməsi layihəsi də maneə ilə üzləşib və bu təbiidir. 
İnsanlar ev dəyişmək, doğma yurddan pərən-pərən düşüb yeni yurd salmaq kimi insan ömrünə bir, ya iki dəfə düşən ciddi prosesdə uduzmaq, quru yurdda qalmaq istəmirlər.
Onların tələbi bəzilərinə fantastik (bir kvadratmetr əraziyə görə 3 min manat) görünə bilər, amma əsl fantastik olan bu deyil, mənzil bazarındakı qiymətlərdir.
“Köhnə bakılılar” hökumətdən alacaqları pulla şəhərin müxtəlif hissələrində (əsasən kənarlarında) tikilmiş yeni binalarda münasib ev tədarük edə bilməyəcəklərindən əndişələnirlər və əsasları da var. Doğrudan da bu alqı-satqıdan uduşlu çıxanlarla yanaşı, böyük əksəriyyət ziyanlı çıxacaq. Onların köhnə yuvası dağılacaq, yeni yuva qurmaları isə çətin başa gələcək. Sadəcə olaraq, əllərindəki pul yeni yuva qurmağa bəs etməyə bilər.
Ən yaxşısı o olardı ki, hökumət adamları heç kəsin əlinə nağd pul vəsaiti verməyəydi, hər bir ev yiyəsini indiki şəraitinə, ailə vəziyyətinə uyğun olaraq, yaşayış sahəsi ilə təmin edəydi. Yəni evi sökülənlər bazara çıxaraq ev satın almayaydılar, onlara düşməli olan evi hökumət alıb verəydi.
Artıq xəbərlər gəlir ki, söküləcək məhəllələr amili ilə bağlı yeni evlərə ciddi tələbat yarandığından mənzil bazarında canlanma yaranıb və bəzi kəmfürsət iş adamları 3-4 ay əvvəl təklif etdikləri yaşayış sahələrini xeyli bahalaşdırıblar. Hələ mənzillərin qiyməti artmaqda davam edir. Bu, o deməkdir ki, əlində çoxlu pul olsa da evsiz qalanlar olacaq.
“Sovetski” camaatının etirazına gəldikdə isə, bu, lokal xarakterlidir, doğrudan da heç bir siyasi, ideoloji səciyyə daşımır. Ortada mülk davası var, bu cür çıxışlar geniş planda haqq-ədalət davası deyil. Adamlar sadəcə öz paylarına düşən mülkiyyəti əldə etməyə görə mübarizə aparırlar.
Ona görə də onların üzərinə fokuslaşmaq, öz lokal haqları uğrunda mübarizə üçün ayağa qalxaraq, başqa vaxt passiv mövqe tutmalarına görə onları qınamaq düzgün deyil. Bu cür, əhalinin ayrı-ayrı sosial qruplara (məsələn, köçkünlərə, ticarətçilərə, əlillərə) hücum xarakterli kampaniyalar əvvəllər də olub.
Bu, bir faktdır ki, ölkəmizdə bütün sosial, hətta siyasi qruplar sakitcə dayanıb, səbirlə basqıya, repressiyaya məruz qalacaqları günü gözləyirlər. Və hamının növbəsi bir-bir çatır.
Bu, ümumi problemdir - adı da bütöv millət ola bilməməkdir.

Bizə qoşulun