İnternet üzərindən qiyabi tanıdığım çoxlu dostlarım var. Onlardan biri də Ruslan Köçərli adlı bəydir. Hər gün oxuyan, öyrənən, üstəlik, öyrəndiklərini xəsisliklə özündə saxlamaq istəməyən, bölüşən insanlardandır. Biliyini paylaşanlara böyük hörmətimiz var. Maraqlı bir metodikadır, bilmirəm buna diqqət eləmisinizmi: adam bildiyi bir şeyi kiməsə danışanda özünün də yadında daha yaxşı qalır. Çox sevdiyim müdrik fikirdə deyilən kimi: “Bilik paylaşdıqca artar”. Biliyin dünya malından ən önəmli fərqlərindən biri də budur.
İndi sizə Ruslan bəyin bir məktubunu çatdırıram, məqsədimi axırda deyəcəyəm:
“İşinin xatiri üçün moltanıya dayı deyəsən gərək” - köhnə deyimdir. İndi bu deyimdə “moltanı” sözünü “erməni” sözü əvəz edib. Hazırda həqarət mənasında daha çox işlənir, “filankəs öz xeyri üçün erməniyə dayı deyir” kimi. “Moltanı” sözü Hindistanın Multan şəhəri ilə bağlıdır. Orta əsrlərdə dünya ticarət mərkəzlərindən biri olub. Multanlılar bizim ərazilərə (xüsusən Bakıya) ticarət səfəri edər, el arasında onlara multani (moltanı) deyərdilər. Müsəlman deyildilər, ticarət qaydaları isə sərt idi. Filan şey 1 manatdırsa, vəssalam. “Aşağı yerini de”, sən öl mən öl qanmırdılar, istər satanda, istər alanda ya dəyişdirəndə. Ona görə, yerli camaat onları qansız, insafsız bilirdi, inanırdılar ki, moltanılar cəhənnəm odunda yanacaqlar. Bunula belə, İçəri şəhərdə Qız qalası yaxınlığında multanlılar üçün ayrıca karvansaray tikilibmiş (14-cü əsrdə). Yəni bir tərəfdən multanlılara nifrət, digər tərəfdən, sərfəli ticarət tərəfdaşı kimi məcburi hörmət vardı. Yuxarıda qeyd olunan deyim də bunun nəticəsidir. Mənfəətpərəstlik bizim toplum üçün həmişə başda duran amil olub. Ona görə, “bu xalq xarab olub, əvvəl belə deyildi” kimi mülahizələr yanlışdır. Mənfəətpərəstlik - tərəqqi üçün güclü stimuldur. Məsələn, ingilislər bizdən də qatı mənfəət hərisi olublar və indi də belədilər. Amma onlarda təsisatlaşma elə gedib ki, mənfəət hərisliyi mənfi çalarını xeyli qismən itirib, başqa dəyərlərlə tarazlıq halına gəlib, ağıl, əxlaq və hüquq çərçivəsinə salınıb. İngilis incə, dolaşıq hüquqi üsullarla kələk gəlib mənfəət qoparar, amma açıq-aşkar dələduzluq etməz. Məsələn, 1953-ci ildə İranla neft istismarı haqda növbəti və sonuncu müqaviləni imzalayarkən, müqavilə mətni elə dolaşıq bir şəkildə tərtib olunmuşdu, İranda heç kimin sonacan başı çıxmırdı ki, bu nə olan şeydir. Eynisini “Əsrin müqaviləsi” imzalanarkən bizimkilərin də başına gətirdilər. Neft satışından əsas gəlir payının Azərbaycana çatacağı zaman gəldikdə məlum oldu ki, daha quyudan gözlədiyimiz qədər neft çıxmır. Hakimiyyət bir az donquldanıb sakitləşdi. Çünki ingilislər müqaviləni pozmamışdılar. Şərt - şumda kəsilmiş şərt idi, ona görə yabalaşmaq mənasızdı. Yaz gəlmiş, amma yonca bizimkilərin gözlədiyi qədər bitməmişdi".
Mən internetdə, sosial şəbəkələrdə hər gün azərbaycanlıların nə qədər belə maraqlı şərhlərini, müzakirələrini oxuyuram. İnsanlar elm, tarix, gender, din, sənət və sairə mövzularda çox gözəl müzakirələr aparırlar. Bir tərəfdən fəxr edirsən ki, camaat laqeyd deyil, oxuyur, öyrənir, öz həyatını, cəmiyyətin həyatını müsbətə dəyişdirməyə çalışır. (Bu “müsbət dəyişikliyi” də təsadüfən yazmadım). O biri yandan dilxor olursan, çünki daha çox adama bu müzakirələri çatdırmalı olan TV və radio “telekanalizasiya” funksiyası yerinə yetirir. Efiri qəsdən zibillə doldururlar, xalqın səsi, xalqa çatacaq səslər orda yoxdur. Bu da bir növ “səs oğurluğudur”.
“Müsbət Dəyişiklik” adlı gənclər hərəkatı, onun da “Birlik üçün oxu” adlı musiqi layihəsi var. Müxtəlif alətlərdə onlarla gənc bir mahnını hissə-hissə oxuyur, çalır. Artıq iki-üç belə mahnı hazırlayıblar, internetdə camaat bunları böyük həvəslə dinləyir, paylaşır. Səbəb nədir? Bəlkə o gənclərin ifaları çox unikaldır, virtuozdur, nə bilim, bunlar “korifey sənətçilərdir”? Qətiyyən. Hətta bir-iki nəfəri çıxsaq çoxunun musiqili səsi də yoxdur. Camaatın diqqətini cəlb edən yenilikdir, rəngarənglikdir, fərqlilikdir. Adamlar milli efirin bozluğundan, manısların səfeh hərəkətlərindən beziblər.
