
Hakim ailəyə məxsus jurnallardan biri Bakının Fəvvarələr meydanında rəsmi şəkildə bazar açıb. Meydanın yalan olmasın, yarısında taxta dükanlar qoyublar. Olsun, istəməyənin gözü çıxsın, alver eləməkdən başqa onsuz bir iş bacarmırıq. Sadəcə, maraqlıdır ki, o meydanda insanlar əsgər ölümlərinə etiraz aksiyası keçirdəndə “xalqın istirahətinə mane olursunuz” deyə mırıldanan tiplər bazar açılanda niyə mırıldaşmır?
Bu, öz yerində. Əslində heç mövzuya toxunmazdım, onsuz ölkə əllərindədir, istəsələr ali məktəblərin də bir qatını yarmarka eləyərlər. Mən Fəvvarələrdəki bu yarmarkanın şüarını görəndə gülməyim tutdu. Şüar... Feliks Dzerjinskinin çekistlər haqda məşhur aforizmindən çırpışdırılmışdı: “Soyuq əllər, isti ürək”. (Feliks müəllimdə, orijinalda belədir: “Çekistin soyuq ağlı, isti ürəyi, təmiz əlləri olmalıdır”. Söz düşmüşkən, bizim MTN şefi Eldar müəllim də bunu oxusun. Xüsusilə üçüncü hissəsini. Bəlkə bir xeyri oldu).
“Xeyriyyə” yarmarkasına dünyanın ən qorxunc məxfi xidmətlərindən birinin şüarına bənzər sloqan düzəltmək ancaq bunların ağlına gələrdi. Əlbəttə, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir, bunu bilirik.
KQB və NKVD-yə istinad görünür bizim alın yazımızdır. Rus imperiyasının qalıqlarından qurtulmağımız çətindir. Vətəndaşlar da bu müstəvidə çoxlu ideyalar irəli sürürlər. Birini əslən şamaxılı bir dostum təzəlikcə deyib, yazım siz də oxuyun.
Bəy deyir ki, mərkəzi ofisi Rusiyada olan bir çox obyektlərə burda filial açmışıq. Misal üçün, Moskva Dövlət Universitetinin Bakı filialı var. Niyə ordakı zindanların da burda filialı açılmasın, məsələn, Lefortovo, Matrosskaya Tişina kimi dünyada tanınan qazamatlar vardır.
Tam doğru vətəndaş mövqeyidir. İnsanlarımız da xoş qarşılayar. Biri var səni tutub günahsız yerə Kürdəxanıya salalar, biri də var Lefortovonun Binəqədi filialına. Gör nə qədər mənalıdır, fərqlidir... Hətta indi düşünürəm ideya çox yaxşıdır, dünyanın başqa zonalarından və “zonlarından” da yararlanmalıyıq. Alkatras adına Şüvəlan CM, Bastiliya qalası türməsinin Bakı filialı - məzmunlu söhbətlərdir.
İsti ürək və soyuq əl əməliyyatının ən yaxşısı isə bu saat Türkiyədə gedir. Hər gün hansısa milyoner, nazir oğlu həbs edilir. Rüşvət, qaçaqmalçılıq ittihamının biri bir lirədir. Arada qarışığa salıb Sədərək gömrüyünün rəisi yoldaş Seyidovu da tutublar. Türk prokurorları tuta-tuta üzü bəri gəlirlər, sanarsan Qafqaz Prokuror Ordusudur.
Zarafat bir yana, bu saat Türkiyə çox təhlükəli yerdir, istəsələr, əllərinə düşsə Obamanı da tutarlar. Qanun yox, qayda yox... Əsl “bespredel”dir. Arkadaş, sən bizim gömrük rəisini niyə tutursan? Sənə nə pisliyi keçib? Dünyada hamı bilir ki, Azərbaycan gömrüyündə ideal kristal təmizliyində insanlar işləyir. Bizim gömrük sistemində bir qəpik rüşvət alan köpəyoğlu tapılmaz. (Kimsə “daha çox alırlar da bə” fikirləşməsin, bunu mən özüm sizdən qabaq fikirləşmişəm).
Türkiyədə manıs Əbru Gündəşin əri, İrandan təyyarə ilə qızıl daşıyan Rza Zərrab adlı milyoner gənci də tutublar. Maraqlıdır ki, tutulan gün Zərrabın üstünə üç dəfə həkim çağırıblar. Bir dəfə də Əbru xanımın ürəyi gedibdir. Bəs nə oldu, “fırtınalar qoparsa qopsun” oxuyurdu bu xanım?! Bizim müxalifətçilərin anası ölməsin, illərdir yapokratiya zindanlarında zülm çəkirlər, heç bu qədər ağlaşma quran olmadı. Yoxsa bizimkilərin əlləri soyuq, ürəkləri daha istidir?
Nə biləsən... Gərək arada imkan tapıb “xalqın istirahəti üçün ayrılmış Fəvvarələr meydanında” (bu cümlənin müəllifi baş prokuror Qaralov müəllimdir) alver eləməyə gedim və bu sualı “Nərgiz” jurnalının redaktoruna verim. Bilsə o biləcək.