Medianews.az
 QHT polisinin rəisi
471 baxış

QHT polisinin rəisi

Baş prokurorluq SMDT başçısı Anar Məmmədlinin qanunsuz həbsinə don geyindirmək üçün bəyanat verib. Orda diputatxana üzvü Azay Quliyevin rəhbərlik etdiyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına çox maraqlı bir istinad var. Zakir Qaralov yazır ki, biz Anar Məmmədlinin fəaliyyətini yoxlamaq üçün həmin Şuradan mütəxəssislər cəlb elədik. 

Əla xəbərdir. Artıq Azay Quliyevi “QHT çevik polisinin rəisi” olması münasibətiylə qutlaya bilərik. Bu təkcə prokurorluğa könüllü yardım deyil, üzəduranlığın və işverənliyin qeyri-hökumət təşkilatının yaradılmasıdır. Hər sahə üzrə öz polisini yaratmaq elə budur. Mətbuat Şurası çoxdandır mətbuatın polisidir, Anar Rzayevin şeflik elədiyi Azərbaycan Yazıçılar Birliyi yazıçıların hüquq-mühafizə orqanıdır, QHT-lər üzrə də bu “qonqo” şurası polis rolunu öhdəsinə götürdü. 

Zakir müəllim və Ramil müəllim hamısına nəzarət eləməyi çatdırmır axı! Camaat öz-özünü, dostunu-qardaşını, iş yoldaşını satmalıdır. Uşaqlar atalarının üzünə durmalıdır. Ləyaqəti itirəndən sonra bunlar çox asan proseslərdir.

Yeri gəlmişkən, deputatxana QHT-lər haqda qanuna olduqca iyrənc və dünyada görünməmiş dərəcədə irticaçı dəyişikliklər eləyib. Təsəvvür edin: yeni qanuna görə QHT-lər faktiki olaraq hər 3 aydan bir Ədliyyə Nazirliyindən təzədən qeydiyyatdan keçməlidir. Ədliyyə naziri Fikrət müəllimi ildə 4 dəfə görmək məcburiyyəti nə deməkdir, gedin bunu ölkədə ictimai fəaliyyətlə, QHT fəaliyyəti ilə məşğul olan əzabkeşlərdən soruşun. “Əzabkeş” sözünü havadan yazmıram, Azərbaycanda QHT sektorunda vicdan və namusla çalışan hər bir insan potensial əzabkeşdir, hətta biz katolik olsaydıq kilsə bəzilərini müqəddəs də elan etməkdə haqlı görünərdi. 

Qanuna edilən başqa bir dəyişiklik vaxtilə dini icmaların başına açılan oyunun təkrarıdır. İndi QHT üzvünün istənilən axmaq şikayəti əsasında onun çalışdığı təşkilatı yerli-dibli bağlamaq mümkündür. Həyasızlığın miqyasına baxırsınızmı? Aydın olsun deyə misal çəkim: tutaq ki, “İks” adlı vətəndaş “İqrek” Vətəndaş Cəmiyyəti adlı qurumda işləyir. Bir gün hökumət “İqrek”in müstəqilliyindən bezir, ona hər cür şər atır, üstünə Azay Quliyevin serjantlarını göndərir və sairə. Nəhayət, bu variantlar keçməyəndə “İks”in cibinə beş-on manat basırlar, onu çalışdığı “İqrek”dən şikayətə məcbur edirlər. Vəssalam. Bununla da prokurorluğun quzğunları tökülüşür, QHT-ni bağlayırlar, açarı aparıb atırlar dəryanın dibinə. Di get, tap... Yenə aydın olmadısa, doğma və milli yemək-içmək mövzusundan misal çəkim: elə bil ofisiantın şikayətinə görə kababxananı bağlayırsan. 

Mənə maraqlıdır, görəsən Azay Quliyevin rütbəsi nədir? Azı mayora haqq edir. 

Yazımızın sonunda İmran Kərimlinin məktubundan bir parçanı verək: “Sumqayıtda küçələrin abadlaşmasına dövlət büdcəsindən 5 milyondan çox pul ayrılıb.Ancaq reallıq odur ki, bu qədər vəsaitin müqabilində çox az iş görülüb.

Ən dəhşətlisi isə odur ki, abadlıq işləri heç də Sumqayıt icra hakimiyyətinin bildirdiyi kimi təkcə dövlət vəsaiti hesabına görülmür. Mətbuatda yüzlərlə dəfə yazılıb ki, Sumqayıtın icra başçısı Eldar Əzizov şəhərin abadlıq-quruculuq işlərində qeyri-qanuni olaraq sahibkarların büdcəsindən yararlanır. Küçələrə daş döşənməsi də çox zaman elə sahibkarların üzərinə qoyulur. Bu iş üçün obyektlərinin sahəsindən asılı olaraq onlardan 1000-20000 min manat civarında pul tələb olunur. Hər kvadrat metr daş döşənməsi üçün isə 100 manat pul tələb edilir. Halbuki bu işin real qiyməti 20-30 manatdır". İmran bəy yazır ki, sahibkarlardan abadlaşdırma pulu yığılması küçələrin üzlənməsində aydın görünür. Məsələn, bir çox küçələr bu üzdən ala-bula gündədir: dükanların qabağına üzlük daşlar vurulur, dükan “qurtaran” kimi isə küçə adi asfaltla örtülür. 

 

Bizə qoşulun