
ATƏT-in ABŞ-dan olan təzə həmsədri Ceyms Uorlik gözəl diplomata bənzəyir. Mən ölü, siz diri: bu insan Qarabağ probleminin həlli istiqamətində səylərin inkişafının perspektivlərinin artırılması yollarının davamlı görüşlərdə çözülməsi üsullarının tapılması məqsədiylə qarşılıqlı anlaşmalara böyük töhfələr verəcəkdir.
Nədən? Bizim belə optimist mövqe bildirməyimiz üçün hansı səbəblər yaranmışdır? Bəlkə Paris prinsiplərinin Madrid hissəsi və Ki Vest razılaşmasının Soçi variantına Moskva düzəlişi işə düşmüşdür? Yox, biz tamam ayrı səbəblərdən danışırıq.
O səbəb ki, təzə müdafiə nazirimiz Zakir Həsənov yoldaş daxili qoşunları Müdafiə Nazirliyinə daşıyandan sonra yerini rahatlamış, ilk sərt açıqlamasını ordudakı qüsurları tənqid edənlərə yönəltmişdir. Deyir, özünüzü yığışdırın, xüsusilə qabaqlar orduda qulluq eləmiş insanlar səslərini kəssinlər, heç danışmasınlar. Maraqlı açıqlamadır. Bundan dərhal sonra cəbhə xəttinin Gamışdağ istiqamətində düşmən qüvvələrin aradan çıxması halları tərəfimizdən müşahidə edilmişdir.
Bu yerdə hörmətli oxucu düşünə bilər ki, ay evini hökumətin ekskavatorları yıxmasın, Zakir Həsənovun Ceym Uorlikə nə dəxli var idi? Tamamilə razıyam - son abzas dəxilsiz gəlib bura düşdü. Ayrı yazıdan hissə idi. Ancaq ta oxumusunuz, neyləyə bilərik? Geri qaytara bilmərik ki? Keçmiş olsun, başımız sağ olsun. Allah səbr versin. Gələn Novruzda İsa bulağında kabab yeyərik, düzələr.
Qayıdaq Uorlik müəllimin verdiyi ümidlərə, yoxsa sevincdən lap başımızı itirmişik.
Demək, bu adam cəmi hardasa 3-4 aydır Minsk Qrupuna qoyulubdur, ancaq cəmi 2 dəfə Bakıya gəlib-getməklə münaqişənin mahiyyətindən dərin xəbərdar olduğunu biruzə veribdir. Hələ beləsi olmamışdı. İnsaf naminə, bir də Fransadan həmsədr Bernar Fasye davanın mahiyyətini bilirdi: cəbhə xəttində kiçik ehtiyaclarını Azərbaycan telekanalizasiyalarının çəkiliş qrupu önündə yerinə yetirərkən bunu isbat etmişdi.
Bəs Uorlikin mesajı nədir? Yox, onun hələ Fasye üslubunda kadrlarını hökumətimiz yaymayıbdır. Sadəcə, cənab Uorlik Bakıda olarkən iki mesaj verib. Birinci dəfə Elmar Məmmədyarovla piti yeyəndən sonra “Piti yedim, əla idi” yazmışdı, indi isə yenə sosial şəbəkədə yazıb: “Bakı gecələri füsunkardır”.
Vəssalam. Adama ta nə lazımdır? Bir qədər də dolma, “Sarı gəlin” havası haqda danışsa, muğamat müsabiqəsi haqda elmi-siyasi, geoloji-psixiatrik açıqlamalarını versə bölgənin sevimlisi olacaqdır. Qarabağlılar Uorliki uşaqlarının kiçik toy məclislərinə çağırıb kirvə elan edəcəklər.
Sadəcə, lazımdır cənab Uorlik mesajları qarşılıqlı versin. Balans yaratsın. Məsələn, yaxşı olar erməni tərəfinin də hansısa yeməyini tərifləsin. (Ermənilərin nə yeyib-içdiyini bilmirəm, yoxsa misal yazardım. Ümumiyyətlə, mən biləni onlar heç nə yeyib-içmir, ellikcə qaçıb gediblər, Ermənistan sürətlə boşalır). O cümlədən, bir dəfə də İrəvanda səhər yuxudan tez dursun, Tvitterdə yazsın: “Ah, bu İrəvanın səhər çağları necə əsrarəngizdir!”.
Bəs necə, adam qafqazlıların zəif damarını tutubdur. Bizi hansı nöqtəmizdən vurmağı bilir. Hətta bu minvalla davam eləsə mənim ciddi ümidlərim var ki, yoldaş Uorlik Azərbaycanla Ermənistanı birləşdirib, Qafqaz Evi yaradıb onun ilk prezidenti də olar. Niyə də olmasın? Qabiliyyəti çatır.
Prezident demişkən... Görün dünən Ağstafadan köhnə oxucumuz Rafiq müəllim zəng vurub nə deyir: “Evdə uşaq soruşdu ki, dədə, bu Nelson Mandela kimdir, niyə camaat onun ölməyinə ağlayır. Dedim, a bala, bu qabaqlar Afrikada prezident olmuşdur. Uşaq dəxi soruşdu ki, o prezident olandan sonra öz yerinə oğlunu qoymuşdumu? Yoxsa camaat niyə belə ağlaşır? Zamin müəllim, bəlkə siz biləsiniz?”
Dedim, vallah, mən bunu dəqiq bilmirəm, bu saat da başım qarışıb Qarabağ münaqişəsini həll etməyə, üzürlü say...