Medianews.az
 Ayda ağ ətin tapılması
486 baxış

Ayda ağ ətin tapılması

Sovet dövründən qalma bəzi ekzotik tikintilərimiz var. Məsələn, Kondisioner Zavodu. O qədər köhnəlib, aşınıb, indi kimsəyə lazım  deyil. Yalan olmasın, kilometrlərlə uzunluğu olan sexlərdə indi rəssamlar əcaib sərgilər keçirdir.
 
Belə anlaşılmaz - sanarsan buşmenlərin önünə planşet kompüter qoymusan - tikililərimizdən biri də Şamaxı rəsədxanasıdır. Yeri  gəlmişkən, bunun bir gülməli filialı da deyəsən Batabatda olmalıdır. Vasif Talıbov və teleskopu yanaşı təsəvvür eləməyə çalışın.  Elədinizsə, sizdə marsiançik zəkası var, təbriklər.
 
Həmin Şamaxı rəsədxanası ildə ancaq iki dəfə yada düşür. Bir yazda guya yazın ayın neçəsində hansı saatda ölkəmizə girəcəyini xəbər  verir (xoruz olmasa sabah açılmazmış), bir də müsəlmanlara Ramazan bayramında Ayın nə vaxt görünəcəyini deyir. Rəsədxanadan orucluq  üçün istifadə edildiyini Qalileyə, Kopernikə-filana desək yəqin qəbirlərində od tutub yanarlar. Cordano Bruno heç, onu vaxtilə  yandırıblar.
 
Camaatımız rəsədxana, teatr, opera, demokratiya, liberalizm kimi haqq-hesabların milli-mənəvi dəyərlərimizə zidd olduğunu anlayır.  O üzdən “Oda” teatrını bağlayan polis deyib ki, gedin kişi işi ilə məşğul olun. O səbəbdən, neçə ildir rəsədxana ətrafında müxtəlif  restoranlar, hotellər, bordellər açırlar. Biz bunu alqışlayırıq. Durbini ver MTN-ə, birini də üstəlik. Qız qızıla dönüb. Dünya bir  pəncərədir. Palaza bürün, böyürə-böyürə qal. (Deyəsən axırıncı ayrı ata sözündən hissə idi, gəldi bura yanlış düşdü. Neynək, yanlış  da bir naxışdır).
 
Uzun sözün qısası, bu yaxında həmin rəsədxana müdirinin mətbuata açıqlamasını oxudum. Bəy deyir ki, bu ətrafda açılan restoranlar  və bordellər bizə mane olurlar. Sən demə, bir dəfə teleskopun ucunu yönəldiblər Mars planetinə tərəf, görüblər orda dana basdırması  vardır. Misilsiz kəşf haqda planetə xəbər vermək istəyəndə elmi işçilərdən biri çıxıb dama, görüb basdırma teleskopa yapışıbdır.  Yaxındakı “Pirqulu planeti” restoranında icra başçısı nazirlərə qonaqlıq verirmiş, dana basdırmasını da müdafiə naziri atıbmış. Bir  dəfə də Ayda antrikot aşkar edilib.
 
Başqa bir gecə isə rəsədxana zəhmətkeşləri Böyük Andromeda Dumanlığının yaxınlığında təzə dumanlıq tapıblar, ancaq sonradan bunun  da “Süd Yolu” yeməkxanasından gələn tüstü olduğu bilinmişdir.
 
Kosmosun araşdırılması, kainatı öyrənmək yolumuzda problemlər çoxdur. Bunlardan biri srağagün ortaya çıxdı. Bakıda Milli Aerokosmik  Agentliyin (MAA) binası yandı. Xəbərdə deyilirdi ki, bina qatı qara tüstüyə bürünüb. Yanğınsöndürənlər gəliblər. MAA-dan isə  yanğının binada yox, yaxınlıqdakı zibillikdən başladığı açıqlanıb. Orada Mərkəzi Seçki Komissiyası ilə MAA-nın binası qonşu imiş,  aralarında isə böyük zibillik var imiş.
Çox maraqlı faktdır. Daha doğrusu, faktlardır.
 
Birincisi, qısa adı istər-istəməz gerizəkalı əski baş nazirimizi xatırladan bu MAA-nın varlığını öyrəndik.
 
İkincisi, MAA və MSK-nı yanaşı, daha doğrusu, MAA-nı MSK-nın arxasında yerləşdirən zəkanın parlaqlığına heyran qaldım. Doğrudan da  Məzahir müəllim kosmik işlər görür. Onun qayırdığı hər seçkinin sorağı kainatın dərinliklərindən gəlir, exo verir.
Üçüncüsü, ərazidə o boyda yanası zibillik ola bilməz, bu, həm Abutalıbova, həm Binəqədinin icra başçısı Xaləddin müəllimə şər  atmaqdır. Qalır bircə versiya. O da belədir: Məzahir müəllim saxta prezident seçkilərinin nəticələrini, arxiv sənədlərini,  bülletenləri, protokolları yandırırmış. Gələcək nəsillərin əlinə keçməsin deyə. Alov, tüstü elə çox olub, az qala Kosmik Agentlik  yanacaqmış.
 
Hər işimiz belədir. Rəsədxanaya kababxanalar işləməyə imkan vermir, kosmonavtları da seçkilər yandırır.

 

Bizə qoşulun