Medianews.az
 Dördüncü hakimiyyətin üçüncü yolu
401 baxış

Dördüncü hakimiyyətin üçüncü yolu

Əslində dünyanın ən demokratik ölkəsində belə dövlət başçıları (prezident və ya baş nazir) jurnalistləri xoşlamırlar, sadəcə, onlarla dost ola bilmir, düşmən olmaq istəmirlər.
Ona görə ki, əsl jurnalistdən hökmdara yaxşı dost çıxmır, amma yaxşı düşmən olur. Avropalı jurnalistlər düşmənçilik etdikləri siyasi liderin, baş nazirin, nazirin karyerasını dəfələrlə bitiriblər. 
 
Bu, onlarda mümkündür, bizdə isə hələlik mümkün deyil. İllərlə bir nazirdən, onun maxinasiyalarından, neqativ əməllərindən yazırıq, yazırıq, adamı axırda, 15 ildən sonra işdən götürürlər, bir müddət keçir, məlum olur ki, onu əslində vəzifədən başqa qəbahətinə görə çıxarıblarmış, jurnalistlərin ifşa etməsinə görə yox. 
 
Bizdə hökmranlar jurnalistlərin karyerasını bitirə bilirlər - işlədiyi qəzeti bağlayır, baş redaktorunu türməyə salır, mühacirətə getməsinə, peşəsini dəyişməsinə vadar edir və s. 
Azərbaycan tipli ölkələrdə prezidentin jurnalistlərin dostluğuna ehtiyacları yoxdur, jurnalistlərin ehtiyacı var ki, prezident onların dostu olsun, ən azı düşməni olmasın. 
Avropada, digər qitələrdəki demokratik dövlətlərdə dördüncü hakimiyyətə heç kəs bata bilməz - nə icra hakimiyyəti, nə qanunverici hakimiyyət, nə də məhkəmə hakimiyyəti. 
Bütün bu hakimiyyət qollarını bir əldə cəmləşdiyi ölkələrdə isə müstəqil medianın qolunu burub, özünü boğmaq texniki işdir. Sarayda qərar verilirsə, mütləq icra olunur və məsələ bitir. 
 
Özbəkistanda, Türkmənistanda, bir neçəsi istisna olunmaqla bütün ərəb ölkələrində bunu çox asanlıqla ediblər. Yuxarıda əmr verilib ki, ölkədə müstəqil, müxalif ovqatlı mətbuat ola bilməz, bütün qəzetlər vahid mərkəzdən idarə olunmalıdır, hamısı hakimiyyətin şəninə tərif yazmalıdır. Vəssalam. İndi o ölkələrdə icazəsiz bir kəlmə yazan şəxs yazdığını öz ölkəsində də yox, xaricdə çap etdirəndə də əlli-ayaqlı gedir.
 
Bizdə də elə ola bilərdi. Zaman-zaman bu cür təşəbbüslər baş qaldırırdı. Təbii ki, bu planın baş tutmasına qarşı fəal müqavimətlər də olurdu. Amma ədalət naminə qeyd edək ki, əlində hökm-fərman olan adamlar bu niyyətlərini gerçəkləşdirməkdə israrlı və qətiyyətli olsalar, heç nə etmək olmazdı, sonuncu müxalifət qəzetini də bağlayar, sonuncu müxalif düşüncəli yazarı həbs edər, ölkədən qaçaq salar, susdura bilərdilər. 
 
Hər halda, vəziyyət indikindən qat-qat pis olardı. Heç indi də ürəkaçan deyil. Ölkədə fəaliyyət göstərən media qurumlarının tam əksəriyyəti artıq dövlətin, hakimiyyətin və yüksək mənsəbli məmurların inhisarındadır. Radio-televiziyalarla bağlı vəziyyət çoxdan birmənalıdır, qəzetlər və saytlar isə cəmiyyət və müxalifət düşərgəsi üçün nəfəslik rolunu oynamaqda davam edirlər - güc-bəla ilə. 
 
Dövlət başçısının jurnalistlərin dostu seçilməsi ona görə gözlənilməz deyil ki, hakimiyyətə yaxın olan və yaxınlaşmaq istəyən jurnalistlərin sayı müstəqillərdən, müxaliflərdən qat-qat çoxdur. İctimai rəyə təsir etmək imkanlarının dərəcəsindən, eləcə də tirajlarından asılı olmayaraq, öz dostlarını məhz onlar seçirlər. Əvvəlki illərdə vəziyyət çox fərqliydi. İndi belədir.  
 
Azərbaycan kimi oxucu kütləsi az olan ölkələrdə azad medianın mövcudluğunu qorumaq gerçəkdən də çətindir. Azad sahibkarlıq olmadığı üçün müstəqil qəzetlərə reklam verən də yoxdur. Əlac qalır fəal oxucuların çoxluğuna və alıcılıq qabiliyyətlərinə. Onların da sayı ölkə əhalisinin 0,1 faizi qədərdir. 
Belə durumda doğru-dürüst şeylər yazmaq, ədalətli, obyektiv xəbər yaymaq istəyən jurnalistlərin iki yolu var: 1. Əllərini qaldırıb təslim olmaq, qəzeti, saytı bağlayıb peşə dəyişmək; 2. Çabalamaq, müqavimət göstərmək, bərbad durumla hesablaşıb çıxış yolları aramaq.
 
Üçüncü yol varmı? Bəlkə də var. Bilənlər desin. 
 
Birinci variantın sonu birmənalı olaraq Özbəkistan nümunəsidir. İkinci variantda isə yenə yaxşı günlər ümidi ilə mövcudluğu qorumaq mümkündür. 
 
Xarici donorlar hesabına maliyyə problemini həll etmək və özünü nümunə göstərmək tutarlı dəlil sayılmaz.

Bizə qoşulun