Medianews.az
 Qaribaşvili və tay-tuşları
517 baxış

Qaribaşvili və tay-tuşları

31 yaşlı Qaribaşvilinin Gürcüstanın yeni baş naziri olması faktı öz ölkəsində necə qarşılanıb, düzü, məlumatım yoxdur. Gərək  Gürcüstana yolum düşsə bunu öyrənim. Görüm, gürcü xalqı faktı necə qiymətləndirir. “Südəmər bir gədəni baş nazir qoydular” kimi,  yoxsa “halaldır, dövləti ağ günə çıxarsa, elə bu cavanlar çıxaracaq” kimi?

Amma bu fakta ölkəmizdəki münasibətdən artıq xəbərim var.

Qanqaraçılıqdır. Bizdə 30-31, hətta 34-35 yaşlı gənc adamlar çox pərt olublar, bəxtlərini qarğayır, günahkar axtarırlar və tapa  bilmirlər.

Bizdə ona görə pərtlikdir ki, bizim 31 yaşlı gənclərin heç biri nəinki baş nazir, heç nazir, hətta komitə sədri və onların müavini  də ola bilməyiblər. Bizim baş nazirin, maşallah, 100-ə yaxın yaşı var və özü də, yenə namxuda, çox gümrahdır. O, 25 il öncə baş  nazirin müavini işləyəndə Qaribaşvili aşırma şalvar geyirdi, hələ birinci sinifə getmirdi, maması ona 10-a qədər saymaq öyrədirdi  və qonşularının yanında oğlunu öyürdü ki, çox zehinli uşaqdır, hələ hərfləri də tanıyır.

Güman ki, balaca İraklinin qonşuları da gənc ananı pərt etməmək üçün deyirmişlər, hə, hə, zehinli uşaqdır, gələcəkdə yaxşı işlərdə  işləyəcək, məsələn, şəhər merinin referenti-zadı olacaq, yəqin ki.

Amma gördüyünüz kimi, adam gəlib bu yaşında ölkəsinin baş naziri olub və indi anası da, qonşuları da onunla qürur duyurlar,  deyirlər, biz demirdikmi bu uşaq yekələndə böyük adam olacaq.

Biz uşaq olanda elə sözü bizim haqqımızda da deyirdilər. Məsələn, şəxsən mənim haqqımda deyirdilər ki, bu uşaq yekələndə jurnalist  olacaq. Mən heç, pis-yaxşı qonum-qonşunun etimad və proqnozlarını doğrultdum. Amma heç də tay-tuşlarımın hamısı belə edə bilmədi.  Tarixi su kimi içən bir sinif yoldaşım vardı, onun qabiliyyətinə bələd olan hamı deyirdi ki, bu uşaq böyüyəndə raykom katibi olacaq  (o vaxt BDU-nun tarix fakültəsini qurtaranlar raykom-zad olurdular). İndi həmin o uşaq Rusiyanın keçmiş prezidenti, indiki baş  naziri Dmitri Medvedyevlə eyni ildə, eyni ayda doğulmuş olsa da, vəzifə yiyəsi deyil, ali təhsili ola-ola bazarda kartof satır.

Dediyim odur ki, insanda bəxt, qismət, tale, şans yaxşı şeydir. Amma bu yerdə sual çıxır: niyə bizdə hamı bəxtsiz, şanssızdır axı?  Necə olur ki, Rusiyada Dmitrinin, Gürcüstanda İraklinin bəxtləri gətirir, gənc yaşlarında ali dövlət vəzifəsi tuta bilirlər, amma  bizim ölkədə onların yaşıdlarının heç birinin bəxti gətirmir, gətirəndə də tanışlıqla, pul-para ilə birtəhər rayon icra  hakimiyyətində, vergidə, gömrükdə, orda-burda referent vəzifəsinə düzəlirlər?

Belə çıxır ki, bizdə gənclər savadsızdır? Əsla. Dünyanın ən yaxşı universitetlərində, məsələn, Harvardda, Oksfordda, Kembricdə  təhsil alıb gələn, ingilis, rus, alman, fransız dillərini yaxşı bilən gənclərimiz var. Bəlkə onları hansısa vəzifəyə qoyurlar, amma  gənclər işi yarıtmırlar? Yenə əsla. Onları heç bir məsul vəzifəyə qoymurlar, eləcə, tərcüməçi, referent, məsləhətçi kimi  işlədirlər, on ildən sonra gənclər keçəlləşib, qarın bağlayıb, əkə-bükə məmur sifətinə düşəndən sonra hardasa şöbə müdiri  vəzifəsinə düzəlir - o da hələ adamı və pulu varsa.

Başqa sözlə, bizdə istedadlı, savadlı gəncləri irəli çəkmək, yetişdirmək söhbəti yoxdur, belələrinin yalnız başından basır,  ayağından çəkirlər. Düzdür, paralel olaraq, yüksək mənsəbli məmurların balalarını irəli çəkmək ənənəsi çoxdan var, amma onlar da  dədələrindən artıq ola bilmirlər.

Ona görə də bu gün 31 yaşlı İrakli Qaribaşvili Gürcüstanda baş nazir kreslosunda oturub ölkəsinin ümdə problemini həll etmək  üzərində düşündüyü halda, onun Azərbaycandakı tay-tuşu sosial şəbəkədə oturub qız tovlamaq barədə düşünür. Qaribaşvili bir neçə  milyardlıq layihələr həyata keçirərək Gürcüstan dövlətini qabağa salmağı planlaşdırarkən, onun azərbaycanlı yaşıdı xarici donorlar  üçün qrant layihəsi yazıb 2-3 min dollar qabağa düşmək istəyir.

Bəli, dostlar, biz heç, bizi qabağa getməyə qoymadılar. Uşaqlığımız sovet dövrünün qısa və uzun müddətli iməciliklərində keçdi,  gəncliyimiz piket-mitinq-nümayişlərdə əridi, indimiz də tıxaclarda puç olur. Gözümüzü gənclərə dikmişik, onlar da hələ  “facebook”dadırlar.

 

Bizə qoşulun