Medianews.az
Bakıda bağ evi tapmaq çətinləşir: <span style=color:red>Qiymətlər niyə bahadır?
269 baxış

Bakıda bağ evi tapmaq çətinləşir: Qiymətlər niyə bahadır?

Yay mövsümündə şəhərdən uzaq, sakit məkanda dincəlmək istəyənlərin sayı artdıqca Bakıda bağ evlərinə tələbat yüksəlir. Bu isə kirayə qiymətlərində nəzərəçarpacaq artıma səbəb olur. Bəs son aylarda bağ evlərinin qiyməti niyə bu qədər bahadır? İqtisadçı ekspert Xalid Kərimli Medianews.az-a açıqlamasında bildirib ki, Bakıda bağ evlərinə əsas tələbat dövrü yay dövrünə – iyun-avqust aylarına təsadüf edir. Onun sözlərinə görə, bu dövr adətən iyunun 10-dan başlayır və sentyabrın 10-da başa çatır. “Bu, təxminən üç aylıq bir tələbat dövrüdür və bu müddətdə bağ evlərinə maraq xeyli artır. Bu da bazar qanunlarına uyğun olaraq qiymətlərin yüksəlməsi ilə nəticələnir. Çünki tələbat artdığı zaman qiymətlərin qalxması tamamilə normal haldır”, – deyə ekspert bildirib. Xalid Kərimli qeyd edib ki, sentyabrın 15-dən sonra bağ evlərinə olan maraq kəskin azalır, müştəri sayı azalır və bu da qiymətlərin aşağı düşməsinə səbəb olur. Onun sözlərinə görə, bu, sırf bazar qanunlarının nəticəsidir. “Əgər sizin bağ eviniz varsa və onu aylıq 3 min manata icarəyə vermək mümkündürsə, niyə 2 min manata verəsiniz? Bağ evi tikmək və onu saxlayıb qorumaq ciddi maliyyə və məsuliyyət tələb edir. Bağa “bağ” deyib keçmək düzgün deyil, burada ciddi xərclər və əməyin nəticəsi var”, – deyə iqtisadçı əlavə edib. Ekspertin fikrincə, bağ evləri adətən 1 həftəlik, 10 günlük və ya aylıq icarəyə götürülür. Lakin bu evlər 12 aylıq icarəyə götürülsə, qiymətlər daha münasib və orta səviyyədə ola bilər. “Əgər vətəndaş sadəcə 10 gün istirahət etmək istəyirsə, bazarda formalaşmış qiyməti ödəməlidir. Burada nə şikayət edilməli bir məsələ var, nə də başqa bir şey. Bu, bazar mexanizmlərinin təbii nəticəsidir”, – deyə Xalid Kərimli vurğulayıb. Sosioloq Lalə Mehralı da Medianews.az-a mövzu ilə bağlı münasibət bildirdi: “Quru sərhədlərinin bağlı olması, təyyarə biletinin hamının cibinə uyğun olmaması başlıca səbəblərdəndir. Əvvəllər xaricdə istirahət etmək ölkə daxilində, bölgələrdə istirahət etməkdən daha sərfəli idi, quru sərhəd açıq idi deyə yol xərci az olurdu. Amma indi xaricdə dincəlmək üçün ayrılan büdcənin iki qatını təyyarə üçün xərcləməlisən. Belə olan halda ölkə daxilində dincəlməyə üstünlük verir insanlar dənizə görə də əsasən bağ evlərini kirayələyirlər. Təəssüf ki, bunu fürsət bilən bəzi işbazlar evlərin qiymətini qaldırırlar. Süni şəkildə qiymət artımı baş verir, bazara təsir edir”. Oğuz Ayvaz, Medianews.az Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb.

Bizə qoşulun