Medianews.az
Qərbin Ermənistan PLANI: <span style=color:red>İrəvanı Moskvanın təsirindən çıxarmaq üçün...
259 baxış

Qərbin Ermənistan PLANI: İrəvanı Moskvanın təsirindən çıxarmaq üçün...

Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün bundan öncə parlamentdə ölkəsinin Avropa İttifaqına daxil olması prosesinin başlanmasına dair qanun layihəsini təsdiq etdirib. Qərbə inteqrasiyanın davamı olaraq, ötən gün Vaşinqtonda xarici işlər naziri Ararat Mirzoyanla ABŞ Dövlət katibi Antoni Blinken strateji tərəfdaşlıq sazişi imzalayıblar. Yəqin ki, növbəti mərhələ Ermənistanın rəsmən Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə Təşkilatı tərk etməsinə dair açıqlamasını da eşidəcəyik. Bəs İrəvan Avrasiya İqtisadi İttifaqını da tərk edəcəkmi? Aİ-yə üzv olmağı qarşısına məqsəd qoyan İrəvanın eyni anda Avrasiya İqtisadi İttifaqında (Aİİ) da təmsil olunması mümkündürmü? İqtisadi-siyasi reallıqlar buna imkan verirmi? Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, Qərbin Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmaq üçün çox detallı strategiyası var. Onun sözlərinə görə, bu strategiyanın hər bir hissəsində hansı addımların atılacağına dair artıq konkret planlar var: “Ermənistan tərəfi bütün hallarda Rusiyanın təsirindən qopacaq. Təbii olaraq bu zaman çox şey itirəcək. Qərb, Avropa və ya ABŞ bütün itkiləri tam qarşılanmasa da, müəyyən kompensasiya olacaq. Ola bilər ki, yaxın müddət ərzində Ermənistan üçün müsbət nəticələr əldə edilməsin. Amma İrəvan ümumiyyətlə, Rusiya və Qərb arasında seçim etməli olsa, düşünürəm ki, okeanın o tayını seçəcək”. E.Əmirov vurğulayıb ki, Ermənistan əgər Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırarsa, sülh sazişi imzalayarsa, əsassız ərazi iddialarından və revanşizmdən əl çəkərsə, İrəvanın Qərbə inteqrasiya siyasəti onlara müsbət mənada dividend gətirə bilər: “Uzunmüddətli perspektivdə əgər Ermənistan Azərbaycanla münasibətlərinin normallaşarsa, bu, Ermənistanın xeyrinə olacaq. Təbii ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması Ermənistanın iqtisadi inkişafı üçün son dərəcə önəmlidir. Bu, olmazsa, olmazıdır. Çünki, bu müqavilə yalnız Azərbaycanla sülhün rəsmiləşdirilməsi deyil, eyni zamanda digər qonşusu – regionun və dünyanın güc mırkəzlərindən birinə çevrilən Türkiyə ilə münasibətlərin həll olunması deməkdir. Buna görə də Ermənistan mütləq şəkildə Azərbaycan və Türkiyə ilə münasibətlərini də yaxşılaşdırmalıdır”. Nailə QASIMOVA

Bizə qoşulun