Azərbaycanda kamikadze tipli suüstü dronlar istehsal edilib. Sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş olunan dronların artıq sınaqlarına başlanılıb. "Kalan" və "Suqovuşan" adlanan dronlar yaxın vaxtlarda Azərbaycan Ordusunun sərəncamına veriləcək.
"Kalan"ın uzunluğu 1500 mm, eni 400 mm, əhatə dairəsi - 20 mil, sürəti 30 km/saat, partlayıvı hissə tip: TNT, partlayıcı hissə, ağırlıq isə 5 kq-dır. "Suqovuşan"ın uzunluğu 2200 mm, enk 500 mm, çəkisi 60 kq, əhatə dairəsi - 20 mil, sürəti 50 km/saat, partlayıcı hissə, tip: TNT, partlayıcı hissə, ağırlıq 10-15 kq-dır.

Müdafiə sənayemizin daha bir uğuru sayılan bu kamikadze dronların əhəmiyyəti barədə
Medianews.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, bu dronlardan su akvatoriyasına istifadə olunacaq.

Onun sözlərinə görə, gəmilərin təhlükəsizliyini təmin etmək üçün qarşı tərəfin su nəqliyyatı vasitələrinə bu kamikadze dronlarla zərbə endirmək, onları məhv etmək, batırmaq mümkündür: “Təbii ki, bu dronlar Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin arsenalında olacaq. Hərbi hissələrin bazasında silahlanmaya daxil ediləcək. Bu, həm bizim gəmilərimizin təhlükəsizliyinin təminatı baxımından, həm də Xəzər dənizdə korbohidrogen infrastrukutumuzun təhlükəsizliyinin təmin edilməsi, mümkün təhlükəli obyektin zərərsizləşdirilməsi üçün istifadə olunacaq. Bu yöndə çox uğurlu layihədir”.

Hərbi ekspert qeyd edib ki, yeni çağırışlar, müharibələr kamikadze kimi suüstü dronların istifadəsinə çox böyük ehtiyac yaradır: “Xüsusən də o ölkələr ki, əraziləri dənizlərə, okeanlara açıqdır, təhdid və təhlükə gəmilərlə danşınaraq o ərazilərə gətirilirsə, bu ölkələr kamikadze dronlarla çox yaxından maraqlanacaqlar. Onların böyük marağında olacaq ki, Azərbaycandan “Kalan” və “Suqovuşan” suüstü kamikadze dronlarını öz müdafiə qabiliyyətini artırmaq üçün silahlanmalarına daxil etsinlər. Düşünürəm ki, suüstü dronlarımızın sınaq mərhələləri bitdikdən və silahlanmaya daxil olduqdan sonra çox uğurlu bir layihə kimi özünü göstərəcək. İstər Hərbi Dəniz Qüvvələrimizin, istərsə də Dövlət Sərhəd Xidmətinin arsenalında suüstü dronlar xüsusi yer tutacaq. İlk öncə özümüzə məxsus dəniz akvatoriyasındakı gəmilərinin təhlükəsizliyinin təmin edilməsində uğurla tətbiq olunacaq. Sonrakı mərhələdə onların eksport variantı da mümkün görünür”.
Nailə QASIMOVA