Medianews.az
Bank kartı ilə ictimai nəqliyyatda ödəniş etmək mümkün olacaq? – Rəsmi AÇIQLAMA
144 baxış

Bank kartı ilə ictimai nəqliyyatda ödəniş etmək mümkün olacaq? – Rəsmi AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan məlumatlarda ölkəmizdə “Google Pay”, “ApplePay” və bank kartı ilə ictimai nəqliyyatda ödəniş etməyin mümkün olacağı yazılıb. Qeyd olunub ki, prosesin aktivləşməsi üçün hazırlıq işləri gedir. Cəmiyyətin marağını cəlb edən mövzu ilə bağlı Medianews.az Bakı Nəqliyyat Agentliyinə sorğu ünvanlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hələki belə bir məlumat yoxdur: “Ölkəmizdə yalnızca “Bakıkart” vasitəsilə metro və digər ictimai nəqliyyatda ödəniş etmək mümkündür. Bizdə “Google Pay”, “ApplePay” və bank kartı ilə ödəniş barəsində məlumat yoxdur. Ona görə də indiki halda nəsə demək tezdir”. Bu sistemin Azərbaycanda tətbiqinin mümkün olub-olmaması da cəmiyyət üçün maraqlıdır. Bununla bağlı nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, proses həyata keçirilərsə, bir çox insan üçün səmərəli olacaq: “İnnovasiyalardan xəbərdar olan insanlar üçün çox əhəmiyyətli addım olar. Xüsusilə, tələbələrin işini asanlaşdırar. Yaşlı nəsil də yavaş-yavaş prosesə öyrəşər. Avropa dövlətlərində sistem oturuşub. Almaniya, Norveç və Danimarkada artıq ödənişi “Google Pay”, “ApplePay” ilə də edə bilirlər. Bizim ölkəmizdə isə bu sistem hələki formalaşmayacaq. Çünki bunun həyata keçməyi üçün bir çox prosedur lazımdır. Yəni asan baş gəlməyəcək. Digər kartları sistemə inteqrasiya edə bilməyən BNA bunu necə həyata keçirəcək? Qurumun başlayıb tamamlaya bilmədiyi o qədər iş var”. Xanlar Əlibəy Medianews.az

Bizə qoşulun