Medianews.az
Görməmişlərin spiralvarı optimallaşdırılması
182 baxış

Görməmişlərin spiralvarı optimallaşdırılması

Görməmişlərin spiralvarı optimallaşdırılması “Bax belədir bizim Məmiş, Görməmiş oğlu, görməmiş" (uşaq vaxtı eşitdiyim, müəllifini unutduğum şeir) Bu yaxında təhsil naziri Mikayıl müəllim ölkəmizdə məktəblərin optimallaşdırılacağını bəyan etdi. Tarif Şurası isə kommunal ödənişləri diferensiallaşdırdı. Dünən baxdım, YAP icraçı katibi, baş nazirin müavini Əli Əhmədov Azərbaycanın sıçrayışlı və spiralvari inkişafda yeni fazaya daxil olduğunu bildirmişdir. Hərə uca millətin başında bir cür dəlləklik edir, halal olsun. Ancaq nə təhər sıçramışıqsa camaat xaricə getməyə 100 dollar tapa bilmir, gərək oğru kimi kol-kosda gizlənən valyuta alverçilərini axtarasan, hökumət isə onların ov mövsümünü açıq elan edibdir. Əcaib durumdur gerçəkdən. Sanki hökumət “sıçrayışlı və optimal diferensial inkişafdır, ancaq sıçrayış qırağa olmaz, içimizdə sıçra” deyə işarət vurur. Yoxsa bu nə deməkdir? Camaat xaricə manatla çıxıb orda bu kağızı neyləməlidir? Bəzən banklar elan edir ki, filan filialımızda dollar olacaq, əlində xaricə bileti olanlar gəlsinlər, hərəyə 100 dollar satarıq. Camaat axışır banka, növbədə qırğın, basabas... Eynilə 80-90-cı illərin növbələridir. Ancaq burada mühüm fərq vardır. O vaxt biz gənəgərçək yağı, arpa çörəyi, 41-ci il Leninqradın blokadasından qalma donuz ətinin qaxacı kimi şeylərin növbəsinə dururduq, indi dollar növbəsinə dururuq. Bu, çox böyük inkişafdır. Kasıb dolları nə edir? Deməli, uca millətimiz varlıdır. Həmçinin, xaricə çıxan, xaricdən gələnlər üçün dollar tələbatı varsa, deməli, ölkəmiz beynəlxalq dairələrin diqqət mərkəzindədir, planetar miqyasda turizm və geopolitika oylağıdır! (Xahiş edirəm bu arqumentlərə görə mənə prezidentin ehtiyat fondundan “İxtiraçı yaltaq iqtisadçıların diferensial prizlənməsi” medalı verilsin. Əziyyət çəkib bu qədər şey fikirləşmişəm). Bizim bu inkişafımız bir az da Hələbin azad edilməsi əməliyyatına oxşayır. Yəqin xəbəriniz var, bu günlərdə Bəşər Əsədin ordusu rus və iranlı muzdluların köməyi ilə Hələbi müxalif ordulardan təmizlədilər. Ancaq nəyin bahasına? Şəhəri demək olar tamamilə yerlə-yeksan etməklə. 2 milyon yarım əhalisi olmuş Hələbdə indi iti quyruğundan bağlamağa bir salamat deşik qalmayıbdır - ruslar və əsədçilər əllərinə keçən hər cür bombanı (fosforlu, çəllək bombası, betondeşən, nə bilim, goreşən və sairə tipdə) Hələbin başına yağdırdılar. İndi şəhər azaddır, lakin içində adam yoxdur. Daha bunun bu cür “azadlığı” kimə lazım idi, bilinmir. Sözümün canı odur ki, biz də inkişaf eləmişik, ancaq respublikanın inkişafı kimə lazımdır, o, məlum deyildir. Xalq başını götürüb qaçır, yerdə qalanlar da qazın limiti ilə elektrikin diferensialını, toyuq budunun dəyəri ilə uşağın corabı arasındakı qiymət əyrisini hesablamaqla çürüyürlər. Respublikamızın spiralvari inkişafı bir növ də servanta qoyulan, içində çılpaq arvad şəkilləri olan geydirmə “çexski” servis boşqablarına bənzəyir. Baxa bilərsən, ancaq içində yemək olmaz. Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev bu cür dekorativ dövlətçilikdə lap qabağa gedibdir. Orda rayonun bir küçəsini cürbəcür gips oyuncaqlarla, qalaça butaforları ilə doldurubdur. Üzdən baxırsan elə bil Ermitajdır. Arxasına keçirsən, görürsən inək bağlanmış plakat imiş. Qabaqdan “Koroğlu Çənlibeldə” heykəlidir, daldan at çidarlamaq üçün yoncalıq. Sözgəlişi, Şəmsəddin müəllim orda paltar tutqacına (şpilka, yaxud ipəzor - təzə optimal adıdır, Artur müəllim təklif edib) heykəl qoyubdur. Yəni Azərbaycan bu saat dünyada yeganə dövlətdir ki, qurucusuna (Rəsulzadə) heykəl qoymağa dövlət rəsmən vəsait tapmadığını bəyan edib, ancaq şpilkaya heykəl qoyublar. Biz istəsək şpilkanı dövlətimizin banisi də adlandıra bilərik. Ancaq sabunqabı bu istiqamətdə daha yaxşı heykəl olardı, indi söz əlaqədar təşkilatlarındır. Jurnalistlər həmin dekorasiya bina haqda Şəmsəddin müəllimə sual veriblər, müəllim deyib həmin fotonu görməmişəm, heç nə deyəmmərəm. Vallah, halal olsun, “görməmişəm” çox əla cavabdır. Bir az vurğunun yerini dəyişsən tam yerinə düşür. Bu cavabı ümumi dövlətçilik cavabı kimi bütün idarələrin menyüsünə salmaq olar, hansı jurnalist nə sual versə, denən, görməmişəm, söhbət bağlansın.

Bizə qoşulun