Uşaq məktəbdən gəlib, deyir, ata, bu gündən təzə dərs keçirik. Təzə dərsin adını soruşuram, deyir, yadımda qalmayıb, nəsə çətin adı var idi, HEYBƏT-ə (fərqləndirmə mənimdir-Z.H.) oxşayırdı.
Təhsildən təzə yazmış adam kimi, fikirləşirəm, yəqin Təhsil Nazirliyi uşaqla əlbir olub mənimlə məzələnmək fikrinə düşübdür. Əks halda, bir dərsin adı niyə “Heybət” olsun? Başa düşürəm, Azərbaycanda “Heyrət”, lazım gəlsə lap “Bədheybət” adında da dərslər keçmək olar, hətta zəruridir ki, uşaqlar həyata hazır olsunlar, bizim öz milli dəyərlərimiz vardır, Almaniyada yaşamırıq.
Bir az da dəqiqləşdirmə aparıram, uşaq deyir ki, bu dərsin kitabı, dərsliyi-filanı da yoxdur! Lənət şeytana... Bu lap adamı ələ salmaqdır. Ancaq uşaq gündəliyi gətirir, görürəm həqiqətən müəllim orda təzə dərsin adını yazıbdır: HBƏT.
Demək, bu nəyinsə qısaltması imiş. Yenə təsadüfə baxın, dünənki yazımda ölkəmizdə fısqırıq adı, abreviaturası olan idarələrdən bəhs etmişdim. Sözgəlişi, həmin yazıdan sonra bir dostumuz məktub göndərmişdi: “AR ƏMDK yanında DƏDRX idarəsində işləyən insanlar vardır”. Əla idarədir. Google yaradanın atasına uca təbiət rəhmət eləsin, bunun nə olduğunu yalnız internet vasitəsilə tapa bildim. Sən demə, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti demək imiş!
Fantastikadır. Bu adı fikirləşib tapan adama medal verməliyik - gör nə qədər azərbaycanlının başını fikirləşməyə məcbur, nəticədə isə xarab edibdir.
Uzun sözün qısası, indi də gündəlik qabağımda, oturub fikirləşirəm ki, görəsən, bu HBƏT nə məna verə bilər. Bəlkə Həyat Bilgisi və Əmək Təlimi deməkdir? Mümkün deyil, çünki bunların hər ikisi ayrıca dərs olaraq, əmək təlimi “Texnologiya” adı altında onsuz tədris edilir. Bəlkə H və Ə hərflərinə görə nəsə siyasi dərsdir? O zaman BT nədir? Zarafatsız, az qaldım Təhsil Nazirliyinin qaynar xəttinə zəng vurum, ancaq yenə internetdə axtarmaq qərarına gəldim. Sən demə, bu, “Həyati Bacarıqlara Əsaslanan Təhsil” demək imiş!
Möhtəşəmdir. Uşaqlara doğrudan həyat bacarıqları verməliyik. Ümid edirəm, o dərsdə, misal üçün, Rabitə Nazirliyinin aparat rəhbəri olmuş Vidadi müəllimin “Pul çox gəlirdi, saymağa imkan olmurdu, paçka-paçka sayıb götürürdük” tipli həyati bacarıqları öyrədilər.
Necə cibə girəsən ki, ilişməyəsən, yaltaqlığı hansı sabunla eləmək məsləhətdir, yalan danışanda qızarmaq niyə mənfi keyfiyyətdir, ağsaqqal üzünə tüpürəndə o biri üzünü neçə saniyəyə çevirməlisən, ağbirçək toruna düşməklə hörümçək toru arasında fərqlər, insan sosial yox, fərdi ev heyvanıdır, el üçün ağlayan gözdə qlaukomanın yaranması ehtimalı elmi baxımdan neçə faizdir və sairə vacib biliklər bu dərsdə öyrədilməlidir. Yoxsa bu dərs öz qısaltmasına layiq olmaz. HBƏT-dirsə, HBƏT olmalıdır, əks halda bunun riyaziyyat, ədəbiyyat, coğrafiya, kimya-filan kimi sadə və lazımsız elmlərdən nə fərqi? İnsan kvadrat tənliyin düsturunu bilmədən yüz il yaşaya bilər, ancaq sən yaşadığın ərazidə uçastkovının Mamed müəllim olduğunu bilməsən, daha həyatının mənası nədir? Ölsən, bundan yaxşıdır.
Söhbət adlardan və təhsildən düşmüşkən, 14 noyabrda baş vermiş çox ciddi bir təhsil islahatı nədənsə uca millətimizin gözündən yayınmışdır. Həmin gün dövlət başçısının fərmanı ilə Təhsil Problemləri İnstitutunun adı dəyişdirilib Təhsil İnstitutu qoyuldu. Fərmanda bu ad dəyişdirilməsi “təhsil sisteminin təkmilləşdirilməsi zərurəti” ilə izah olunmuşdur.
Məncə, bir az təvazökar izahatdır. Təkmilləşdirməyə ehtiyac yoxdur, gör son illər nə qədər məktəb remont olunub! Sadəcə, daha təhsildə problemlər qalmadığı üçün Təhsil Problemləri İnstitutu mənasız görünürdü, bunun adından problem sözünü çıxartmaq vacib idi.
24.11.2016, 07:02
496 baxış
Zamin Hacı
Bədheybət dərsi