Medianews.az
Azərbaycanada pensiya yaşı
351 baxış

Azərbaycanada pensiya yaşı ARTIRILIR?

"Bu gün Azərbaycanda 5 milyon 742 000 məşğul işçi var, onlardan yalnız 1 milyon 770 mini sığorta ödəyicisidir, qalanların sığorta ödənişinə cəlb olunması üçün potensial var”.

Bunu “Yeni Sabah”a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O, pensiya yaşının artırılması ilə bağlı songünlər yaranmış iddiaları şərh edib.

Musa Quliyevin sözlərinə görə, Azərbaycanda əhalinin təbii artım tempi aşağı düşüb və doğum-ölüm arasındakı nisbət getdikcə azalmaqdadır: 

"Hazırda dünyanın inkişaf etmiş ölkələrində doğum və ölüm nisbətləri bir-birinə yaxınlaşmaqdadır. Hətta bəzi ölkələrdə əhalinin depopulyasiyası baş verib, yəni ölüm sayı doğum sayını üstələyib”.

Deputat qeyd edib ki, ölkəmizdə hələ bu təhlükə mövcud olmasa da, gələcəkdə risk arta bilər:

“Azərbayacanda hələ ki, belə təhlükə yoxdur, amma dinamika onu göstərir ki, təxminən 10-15 ildən sonra bu problemlər ortaya çıxa bilər. Amma doğulanların sayının aşağı düşməsi, orta ömür uzunluğunun artması, yaşlı əhalinin çoxalmasına, ölkə əhalisinin yaşlanması Sosial Müdafiə Fondu, dövlət büdcəsi və səhiyyə xərcləri yükünün artmasına gətirib çıxara bilir”.

O əlavə edib ki, yaşlı əhalinin çoxalması dövlətin sosial öhdəliklərini də artırır:

“Yaşlı əhali çox olarsa, bu o deməkdir ki, daha çox pensiya ödənilməlidir, daha çox sosial müavinət, sosial müdafiə vəsaiti ayrılmalıdır, eyni zamanda, yaşlı əhalinin tibbi xidmətlərə daha çox ehtiyacı olduğundan bu sahədə də xərclər artır.

Ahılların nisbəti ilə əmək qabiliyyətli insanların arasındakı fərq də azaldıqca, pensiya fondunun maliyyə gəlirlərinin artmasında gərginlik yarana, dayanıqlılıq pozula bilir”.

Komitə sədri bildirib ki, hazırda pensiya fondunun dayanıqlılığını qorumaq üçün kifayət qədər sığorta ödəyicisi yoxdur:

“Normal halda bir pensiyaçının pensiya alması üçün 2,5-3 nəfər işləyən şəxs lazımdır, bu şəxslər muzdlu işləyən, sosial sığorta ödəyicisi olmalıdır. Amma Azərbaycanda bu rəqəm aşağıdır, təxminən, 1,3-1,4 faiz nisbətindədir. Fondun dayanıqlılığı üçün muzdlu işçilərin sayını artırmalıyıq.

Bu gün Azərbaycanda 5 milyon 742 min nəfər məşğul olan işçi var, onlardan yalnız 1 milyon 770 mini sığorta ödəyicisidir, amma qalanların sığorta ödənişinə cəlb olunması üçün potensial var”.

Musa Quliyev sonda vurğulayıb ki, Azərbaycan pensiya yaşının artırılması  məsələsi gündəmdə deyil:

“Pensiya yaşının azaldılması və ya artırılması bu gün gündəmdə deyil. Hesab edirəm ki, yaxın illərdə də gündəmdə olmayacaq, buna zərurət yoxdur”.

Bizə qoşulun