Ukrayna parlamenti – Ali Rada oktyabrın 8-də yerli seçkili orqanların səlahiyyət müddətinin qeyri-müəyyən vaxtadək uzadılmasına qərar verib.
Medianews.az xəbər verir ki, beləliklə, oktyabrın 26-da olası yerli seçkilər təxirə salınıb.
İşğala məruz qalan Ukraynada heç bir seçki keçirmək mümkün olmur. 2023-cü il oktyabrın 29-da keçirilməli olan parlament seçkisi, 2024-cü il martın 31-də keçirilməli olan prezident seçkisi də təxirə salınıb.
Rusiya 2014-cü ildən Ukraynada işğalçı müharibə aparır, həmin il Krım yarımadasını, 2022-ci ildə isə Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Ukraynada sonuncu prezident və parlament seçkiləri 2019-cu ildə keçirilib. Prezident seçkisinin ilk turu martın 31-də olub, ikinci turda – aprelin 21-də Vladimir Zelenski qalib gəlib.
Ali Rada 2019-cu il iyulun 21-də seçilib.
Yerli seçkilər 2020-ci il oktyabrın 25-də keçirilib.
Toğrul Əli,
Medianews.az