Medianews.az
Türk dünyasında dövr edən trilyonlar
877 baxış

Türk dünyasında dövr edən trilyonlar

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Türk Dövlətləri Təşkilatının hazırda böyük potensiala malik olduğunu bildirib. Dövlət başçısı əlavə edib ki, Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub: “Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib”.

Mövzu ilə bağlı Medianews.az-a açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov deyib ki, Prezidentin qeyd etdiyi kimi, Azərbaycan türk dövlətləri arasındakı strateji əməkdaşlıq və inteqrasiyanın güclənməsinə xüsusi töhfə verən dövlətdir: “Son illər həm türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, həm də milli iqtisadiyyatlarının sürətli inkişafı qeydə alınıb. 2024-cü ildə türk dövlətlərinin iqtisadiyyatı 5,4 faiz böyüyüb. Bu 3,2 faizlik qlobal iqtisadi artımı xeyli dərəcədə üstələyir. Türk dövlətləri 2,11 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 1,8 faizlik paya sahibdirlər. 2024-cü ildə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki, bu da qlobal ticarət dövriyyəsinin 3,5 faizi deməkdir.

Yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi kataklizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. Çoxvektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb.

Mövcud iqtisadi potensialı ilə türk dünyası regional gücə çevrilərək qlobal məsələlərə töhfə verə bilir. Bu, Azərbaycan daxil olmaqla, türk dövlətlərinin geosiyasi mövqeyini daha da gücləndirir”.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun